Zaman qəzeti

 

“Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”

23 July 2011, Saturday / VAQIF VƏLIYEV NAXÇIVAN

13

Ötən gün Naxçıvanda “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun açılışı olub.
 
Ötən gün Naxçıvanda “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun açılışı olub. Əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və simpozium iştirakçıları Naxçıvanın ilk yaşayış yerləri və ilk şəhər mədəniyyəti mövzusunda yazılan kitab və monoqrafiyalardan ibarət sərgiyə baxıblar. Daha sonra Ali Məclisin Sədri Vasif Talıbov simpoziumun açılışı münasibətilə iştirakçı və qonaqları təbrik edib. Ali Məclisin Sədri çıxış edərək bildirib ki, bu sahədə aparılan elmi tədqiqatlar onu göstərir ki, Naxçıvan bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olub. “Naxçıvan şəhərinin yaranmasına bilavasitə təsir göstərən Naxçıvan Duzdağı mədəniyyətinin öyrənilməsini və Duzdağı ətrafındakı ilkin yaşayış məskənlərinin tədqiqata cəlb olunmasını ilkin şəhərsalma mədəniyyətinin öyrənilməsində yeni elmi istiqamət kimi qəbul etmək, Naxçıvan şəhər mədəniyyətini onun indiki tarixi-coğrafi hüdudlarından kənarda yox, Naxçıvan şəhərinin özündə axtarmaq, bu ərazidə tədqiqatları intensivləşdirmək lazımdır”, - deyən Vasif Talıbov Naxçıvanda öz işinə başlayan beynəlxalq simpoziumu təkcə regional yox, eyni zamanda qlobal bir məsələni müzakirə etmək əzmində olduğunu vurğulayıb.

Simpoziumda Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Naxçıvan: ən qədim yaşayış məskəni”, AMEA-nın müxbir üzvü Vəli Əliyev “Naxçıvanın ilkin şəhər mədəniyyəti”, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli “Naxçıvan şəhərinin tarixi: elmdə atılmış addımlar, dərinliklərə doğru baxış və kompleks yanaşma zərurəti”, Fransa Araşdırmalar Mərkəzinin əməkdaşı, dosent-doktor Remi Berton “Dünyanın ən qədim duz mədəni: Duzdağda arxeoloji tədqiqatlar”, ABŞ Pensilvaniya Universitetinin əməkdaşı, dosent-doktor Lauren Ristvet “Oğlanqalada Azərbaycan-Amerika qazıntıları (2008-2011-ci illər)”, Turkiyənin İstanbul Universitetinin professoru, tarix elmləri doktoru Oktay Bəlli “Mədəniyyətin beşiyi Naxçıvan” və Ukrayna Elmlər Akademiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Vitali Otroşenko “Yaşayış məskənlərinin qədim tarixinin müəyyənləşdirilməsində qayaüstü təsvirlərdəki motivlərin rolu və əhəmiyyəti” mövzularında məruzələr ediblər.

Qeyd edək ki, tədbir öz işini bölmə iclasları ilə davam etdirir və bu gün Ordubad rayonundakı “Gəmiqaya”da  simpoziumun yekun iclası olacaq.

 

http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=39422

Saytdakı yeriniz: Əsas səhifə
Yuxarı qayıt