«Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan» mövzusunda keçirilən beynəlxalq simpoziumda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Taıbovun Ç I X I Ş I

 

«Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan» mövzusunda keçirilən beynəlxalq simpoziumda Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif Taıbovun

Ç I X I Ş I


            Hörmətli simpozium iştirakçıları!

Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasında çox mühüm elmi və tarixi əhəmiyyət kəsb edən beynəlxalq tədbir öz işinə başlayır. «Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan» mövzusunda simpozium keçirilir.
 
Adından da göründüyü kimi, beynəlxalq simpozium yer üzünün tarixi taleyində həlledici rola malik olan bir məsələyə, daha dəqiq desək, bəşəri mövzuya həsr olunmuşdur. Simpoziumda Azərbaycanın və  xarici ölkələrin nüfuzlu elmi müəssisələrini təmsil edən nümayəndələrin,   habelə    Nuhşünas   və Naxçıvanşünas alimlərin, mütəxəs¬sis¬lərin iştirakı əsas verir deyək ki, beynəlxalq elmi forum uğurla keçəcək, qarşısına qoyduğu məqsədə çatacaqdır.

Tarix öz-özünə yaranmır. O, qüdrətli şəxsiyyətlərin, xalqların və millətlərin birgə yaradıcılığının məhsuludur. Ikinci tərəfdən, hər bir xalqın tarixi onun dünya birliyində özünəməxsus yer tutması üçün milli kimlik pasportudur. Tarix mahiyyət etibarı ilə beynəlmiləl olduğu qədər də millidir. Milli olmayan tarix  beynəlmiləl ola bilməz. Keçmiş Sovet tarix elmində məhz bu amil diqqətdən kənarda saxlanmış, digər xalqlar kimi,  Azərbaycan xalqının da tarixi hər cür təhriflərə məruz qalmış, faktik olaraq xalqımız uzun müddət    öz gerçək tarixinin sahibi ola bilməmişdir. Azərbaycan tarixinin bir hissəsini təşkil edən  Naxçıvan tarixi də lazımi səviyyədə öyrənilməmiş, qədim tariximizə qərəzli münasibətlər göstərilmişdir.

Ölkəmiz müstəqillik qazandıqdan sonra milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkə iqtisadiy¬yatının dirçəldilməsi sahəsində görülən işlərlə yanaşı Azərbaycan tarixinin keçmiş Sovetlər Birliyinə xas olan ideoloji baxışlardan təmizlənməsi, xalqımızın tarixinin, dilinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və adət-ənənələrinin, milli dəyərlər sisteminin, geniş mənada xalq yaradıcılığının elmi dəlil və konkret faktlar əsasında yenidən araşdırılması sahəsində əsaslı tədbirlər görüldü. Bu tədbirlərin kökündə ulu öndər Heydər Əliyevin  rəhbər göstərişləri, tapşırıq və tövsiyyələri dayanırdı. Qısa zaman ərzində mühüm elmi nailiyyətlər qazanıldı. Azərbaycançılıq məfkurəsi formalaşdı. Xalqımızın qədim tarixinə, etnogenezisinə dair sanballı elmi tədqiqat materialları, xəritələr toplusu hazırlandı.

Ümummilli liderimizin Azərbaycan tarixşünaslığına verdiyi mühüm töhfələrdən biri də regionların tarixinin öyrənilməsidir. Çünki bu olmadan, bütövlükdə Azərbaycan tarixindən danışmaq mümkün deyil. Məhz belə bir yanaşmanın, konseptual baxışın nəticəsidir ki, Naxçıvan tarixinin öyrənilməsi sahəsində də əhəmiyyətli dönüşə nail olunmuşdur.

Lakin bütün bunlar qəti fikir söyləməyə əsas vermir ki, qarşıda dayanan vəzifələr tamamilə həll olunmuşdur. Naxçıvanın qədim   tarixinə dair bir sıra məsələlər hələ də tam araşdırılmamışdır. Öyrənil¬məsinə, tədqiq olunmasına ciddi ehtiyac duyulan bir çox məsələlər qalmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin yaradılması münasibəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə ümummilli lider Heydər Əliyev demişdir: «Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması haqqında Sərəncam imzalamışam...Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var».

Hal-hazırda bu ehtiyac nəzərə alınaraq elmi-tədqiqat müəssisələrinin fəaliyyəti gücləndirilir. Ölkə Prezidenti cənab Ilham Əliyev Azərbaycanın siyasi, iqtisadi və milli dövlətçilik tarixində mühüm yer tutan Naxçıvan tarixinin ardıcıl öyrənilməsi, «bu olduqca mühüm və səmərəli işin davam etdirilməsi» zərurətindən danışaraq demişdir: «Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan bu diyarının tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir».

Bu gün qədim Azərbaycan torpağı olan Naxçıvanda öz işinə başlayan «Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan» beynəlxalq simpoziumu ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab Ilham Əliyevin Naxçıvanın qədim tarixinin öyrənilməsi sahəsində qarşıya qoyduqları vəzifələrin həlli istiqamətində atılan daha bir əməli addımdır.
 
Beynəlxalq simpoziumun öz işinə başlaması münasibəti ilə Sizin hamınızı təbrik edir, simpoziumun iştirakçılarını və qonaqları salamlayıram!
 
             Hörmətli simpozium iştirakçıları!

Naxçıvan qədim tarixə malikdir. Milli sərvətlərimiz olan abidələrlə zəngin bir diyardır. Tale bu torpaqdan öz səxavətini əsirgəməyib. Bu yurdun ən böyük sərvəti isə şübhəsiz ki, onun dünyaya bəxş etdiyi böyük tarixi şəxsiyyət, bəşəriyyətin ikinci atası sayılan həzrəti Nuh peyğəmbərin də vətəni olmasıdır.

Qeyd etmək lazımdır ki, qədim dövrlərdə və orta əsrlərdə Naxçıvanın tarixindən bəhs edən tədqiqatçılar, alim və səyyahlar Nuh peyğəmbər və Naxçıvan bağlılığından danışsalar da, bu məsələ ilə bağlı yazılı mənbələr qoyub getsələr də Sovetlər Birliyi dövründə «Nuh-Naxçıvan» mövzusu qadağan olunmuş, elmi ədəbiyyatlarda işlədilməsinə icazə verilməmişdir. Hətta iş o yerə çatdırıl¬mışdır ki, Naxçıvanda nəşr olunan «Sovet Naxçıvanı» qəzetinin 1986-cı il 30 yanvar tarixli nömrəsində Nuhun gəmisinin Naxçıvan ərazisindəki Gəmiqayada quruya çıxması, buradakı runik yazılarda gəmi təsvirinin verilməsi barədə fikirləri, bütövlükdə Nuh peyğəmbər və Naxçıvan əlaqələrinə dair elmi təhlilləri özündə əks  etdirən «Xalqımızın mənlik heykəli» adlı yazının dərc edilməsi mərkəzi hakimiyyət tərəfindən ciddi etirazla qarşılanmış, partiya orqanlarının büro və plenum iclaslarında sərt tənqid olunmuş, «Nuh əyyamı» dövrünün əfsanəvi süjetini milli ifti¬xar mövzusu kimi qələmə verdiyinə görə» qəzetin rəhbərliyi cəzalandırılmışdır.
 
Göründüyü kimi, Sovet  tarixşünaslığı Nuh peyğəmbər və Naxçıvan bağlılığını qətiyyətlə təkzib etməyə çalışmış, o dövrün elmi ədəbiyyatlarında, hətta Azərbaycan müstəqillik qazandıqdan sonra nəşr olunan bir sıra tədqiqat materiallarında da «Naxçıvan» sözünün mənşəyi barədə ziddiyətli fikirlər irəli sürülmüşdür. Bəzi tarixçilər yunan mənbələrinə istinad edərək «Naxçıvan» sözünün Naksuana kimi yazılmasından, digərləri isə qədim ərəb mətnlərində Nəşəva kimi işlənməsindən istifadə edərək Naxçıvan ifadəsində yad elementlər axtarmağa cəhd göstərmişlər. Bu sözü elamların allahı ilə əlaqələndirənlər, qədim tayfa adından yarana biləcəyini fərz edənlər də vardır. Bir sıra alimlər isə Naxçıvanı «Nəqşi-Cahan», yəni dünyanın bəzəyi kimi başa düşmüşlər.

Mülahizələrin çoxluğuna baxmayaraq elmi fikir əsasən yad mənbələr üzərində köklənmiş, yalnız az sayda tədqiqatçılar Naxçıvan sözünün Nuh peyğəmbərlə bağlılığını əsaslandırmağa çalışmışlar. Bu söz məhz «Nuh» ifadəsi ilə bağlıdır və Naxçıvan-Nuhçuların, Nuh tərəfdarlarının məskəni deməkdir.

Naxçıvan o yerdir ki, burada Nuh peyğəmbərin, yaxın qohumlarının və tərəfdarlarının məzarları mövcuddur. Araşdırmalar göstərir ki, «ümumdünya tufanı» və Nuhla əlaqədar rəvayətlər daha çox Naxçıvanla bağlı olmuşdur. Qədim yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlatmış, on altınvcı əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas əl-Şərifi nəinki Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat vermişdir. Eradan əvvəl birinci əsrdə yaşamış Yəhudi alimi Iosif Flavi Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı ilk ərazi hesab etmişdir. Rus tədqiqatçısı Smirnov Nuhun qəbrinin Naxçıvanda olduğunu söyləmiş, hətta onun dəqiq yerni də göstərmişdir. Azərbaycan rəssamı Bəhruz Kəngərli ötən əsrin 20-ci illərində Nuh peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini 6 dəfə naturadan kətan üzərinə köçürmüşdür. Həmin nadir əsərlər Naxçıvandakı Bəhruz Kəngərli muzeyində mühafizə və nümayiş etdirilir.

Qeyd olunanlar bir daha göstərir ki, Nuh peyğəmbər Naxçıvanda yaşamış, burada vəfat etmiş, onun məzarı bütöv bir panteon olmuş, minlərlə insanın ziyarətgahına çevrilmişdir.

Dünya xəritəsinə nəzər salsaq, heç bir yerdə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında olduğu qədər Nuh peyğəmbərlə bağlı yer adlarına rast gəlmək mümkün deyil . Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda olan və eradan əvvəl 4-cü minilliyə aid edilən Gəmiqaya təsvirləri, Nəbi yurdu, Naxçıvan, Nehrəm, Nəhəcir, Nuhdaban, Nuhgədik və Peyğəmbərayağı, Haça dağ kimi yer adlarının, yaşayış məskənlərinin mövcudluğu Nuh peyğəmbərin bu torpaqda yaşamasının daha bir əyani sübutudur.

Burada haqlı sual doğur: Nuh peyğəmbər və tərəfdarları nə üçün məhz Naxçıvanı seçmişlər? Bu fikrin ən sadə izahı bu günkü Naxçıvanın relyefi, yerüstü təbii sərvətləri, coğrafi mövqeyidir. Arazboyu və dağətəyi zonada əkinçiliyin və sənətkarlığın, dağlıq ərazidə heyvandarlığın inkişafı üçün yaranmış əlverişli şərait, mövcud 11 iqlim qurşağından 9-nun Naxçıvanda olması daş dövründən başlayaraq insanların burada məskunlaşması ilə nəticələnmişdir. Eradan əvvəl 4-cü minilliyə aid Kültəpə, Qazma, Kilid, Oğlanqala, Govurqala, Daşqala mağara-yaşayış yerləri Naxçıvanın qədim sivilizasiyanın əhəmiyyətli mərkəzlərindən biri kimi formalaşmasının canlı nümunəsidir. Burada aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanmış daş və metal dövrünün abidələri, Nuh peyğəmbərlə bağlı olan Gəmiqaya təsvirləri, mükəmməl sənət¬karlıq nümunələri kimi diqqəti cəlb edən boyalı qablar texnologiyası, xalq sənətkarlıığının inkişaf etmiş və dövrümüzə qədər gəlib çatmış digər sahələri Naxçıvanın ilkin şəhər mədəniyyətindən xəbər verir. Azərbaycanda Eneolit, Kür-Araz və boyalı qablar mədəniyyətinin əsas ocaqları Naxçıvandadır. Bu, bir daha sübut edir ki, minilliklər boyu Naxçıvan ərazisində ardıcıl və intensiv həyat olmuş, eradan əvvəl beşinci-üçüncü minilliklərdə burada məskunlaşmış insanların iqtisadi, ictimai və mədəni həyatında ciddi dəyişikliklər baş vermiş, iri tayfa ittifaqları meydana gəlmiş, Naxçıvan şəhəri yaranmışdır.

Qeyd etmək lazımdır ki, müxtəlif dövrlərdə Naxçıvan şəhərinin yaranması barədə də Azərbaycan tarixşünaslığında ziddiyyətli, heç bir elmi əsası olmayan fikirlər irəli sürülmüşdür. Bir sıra tədqiqatçılar Naxçıvanın 2 min, bəziləri 3 min 500 yaşı olduğunu iddia etmiş, lakin yekun elmi nəticəyə gələ bilməmişlər. Səbəb nə idi? Səbəb o idi ki, Naxçıvan şəhərinin yaşı ilə bağlı araşdırmalar lazım olan yerdə aparılmamış, Naxçıvan şəhərinin Nuh peyğəmbərlə bağlılığı elmi tədqiqatlardan kənarda qalmışdır. Yadda saxlamaq lazımdır ki, indiki Naxçıvan qədim və orta əsrlər şəhər mədəniyyətinin üzərində yerləşir. Deməli, elmi fikir yenidən Naxçıvanın yaşı məsələsinə qayıtmalı, tədqiqatlar bu ərazidə aparılmalı, Naxçıvan şəhərinin indiki ərazisini əhatə etməlidir.

Rus tədqiqatçısı Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunan «Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar» məcmuəsində nəşr olunan «Naxçıvan mahalı və Naxçıvan şəhəri» adlı irihəcmli məqaləsində deyilir: «Tufandan sonra...Nuh hazırda Naxçıvan şəhərinin yerləşdiyi yerdə məskən saldı. O, öz ailəsi ilə burada qərar tutdu. Və gələcək şəhərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir».
 
Həmin məqalədə eyni zamanda qeyd olunur ki, Nuh peyğəmbər şəhər əhalisinə duz çıxartmağı öyrətmiş, özü də yaxınlıqdakı duz mədənində ilk çalışanlardan olmuşdur. Nuh peyğəmbərlə bağlı Naxçıvan ərazisində yayılmış digər rəvayətlər kimi, bu fikir də özünün elmi təsdiqini tapmış, on doqquzuncu əsrin axırlarında Naxçıvan duz mədənində nəzarətçi işləyən Beyer duz şaxtasında qədim daş baltalar aşkar etmişdir. O, həmin baltalardan ikisini Naxçıvan şəhər məktəbinə bağışlamış, qalanlarını isə Peterburq və Tiflis muzeylərinə göndərmişdir. Aydın olmuşdur ki, duz çıxarılması üçün istifadə olunan bu daş baltalar azı beş min il bundan əvvəl düzəldilmişdir. Bu, bir tərəfdən Naxçıvanda duzçıxarma mədəniyyətinin 5 min ildən artıq bir dövrü   əhatə    etdiyini   göstərirsə,  digər tərəfdən Naxçıvan şəhərinin yaşı məsələsini yenidən elmi fikrin predmetinə çevirir.
 
Naxçıvan yaxınlığındakı Duzdağın və ona bitişik ərazilərin Naxçıvan şəhər mədəniyyətinin formalaşmasında mühüm rolu olmuşdur. Həmin ərazidən aşkar olunmuş arxeoloji nümunələrə əsaslanaraq demək mümkündür ki, yerli əhali Eneolit dövründə buradan geniş istifadə etmişdir. Təbii ki, çıxarılmış duz ancaq yerli tələbatı ödəməmiş, digər yerlərə də aparılmış, bu yolla ticarət inkişaf etmişdir. Ikinci tərəfdən, bu ərazi insanların məskunlaşması üçün də əlverişli yer olmuşdur. Arazboyu və Duzdağ ətrafı düzənliklərdəki torpaqlar, sututarlar əhalinin tədricən oturaq həyata keçməsi ilə nəticələnmiş, əkinçilik, zəngin təbii imkanlardan istifadə etməklə isə sənətkarlıq formalaşmış, dulusçuluq, sonrakı dövrlərdə metal istehsalı və xalq  sənətkarlığının digər sahələri inkişaf etmişdir. Bütün bunlar isə erkən şəhər mədəniyyətinin yaranmasına öz təsirini göstərmişdir.

Tarixi mənbələrdə dünya tufanının ən azı 7 min 500 il bundan əvvəl baş verdiyi qeyd olunur. Deməli, Naxçıvan bu dövrdən etibarən yaşayış məskəni kimi seçilmiş, əlverişli təbii-coğrafi şərait burada əkinçiliyin, maldarlığın, sənətkarlığın müxtəlif sahələrinin inkişafına səbəb olmuş, ticarət əlaqələri yaranmışdır. Göstərilən şərtlər erkən şəhər mədəniyyətinin formalaşmasında əsas amillərdən hesab edildiyindən Naxçıvan şəhərinin 5 min il bundan əvvəl yarandığını söyləmək mümkündür.

Dünya tufanının ilk yazılı variantı olan və eradan əvvəl dördüncü minilliyin ortalarına aid edilən Şumer əfsanəsi ilə Naxçıvan arasında bağlılıq da bu qədim şəhərin 5 min ildən artıq yaşı olduğunu göstərməkdədir. Bu bağlılığın da tarixi kökü vardır. Belə ki, Naxçıvan mədəniyyəti Mesopotamiya, Babil, Xett və digər bu kimi antik mədəniyyət mərkəzləri ilə sıx əlaqələr şəraitində inkişaf etmiş, özünəməxsus formalaşma mərhələsi keçmişdir.

Qeyd olunanların yekunu  kimi əminliklə göstərmək mümkündür ki, Nuh peyğəmbər və dünya tufanı qədim Naxçıvanla bağlı olmuşdur. Bu, Azərbaycanda Nuh peyğəmbər və Naxçıvan mövzusunda aparılan elmi araşdırmaların gəldiyi ən düzgün və məntiqi nəticədir. Müasir Nuhşünasların fikrincə, dünyada yerin və göyün qovuşduğu, Allahın bərəkətli torpaq kimi nişan verdiyi yer Naxçıvandır. Belə olmasaydı, dünya tarixinə Nuh möhürü Naxçıvanda vurulmazdı.

Bu gün «Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan» mövzusu regional yox, qlobal, bəşəri məsələdir. Biz Nuh peyğəmbər və Naxçıvan bağlılığını tədqiq etməklə, öyrənməklə Naxçıvan tarixinin araşdırılmasında yol verilmiş nöqsanları aradan qaldırır, bu yurdun gerçək tarixini yaratmağa çalışır, bununla da Azərbaycan tarixini zənginləşdirir və dünya tarixinə layiqli töhfə vermiş oluruq.

Beynəlxalq simpoziumun öz fəaliyyətini bu istiqamətdə quracağına, forumun gəldiyi nəticələrin elmimiz üçün faydalı olacağına inanır, Sizin hamınıza uğurlar və elmi hesabatlarınızın məhsuldar olmasını arzulayıram.

 

Saytdakı yeriniz: Əsas səhifə
Yuxarı qayıt