“Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpozium öz işinə başlamışdır

“Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpozium öz işinə başlamışdır

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir”. Son 15 ildə Naxçıvanın tarixinin öyrənilməsinə, tədqiq edilməsinə xüsusi diqqət yetirilmiş, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir.
       Bu tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2011-ci il iyunun 7-də “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” Sərəncam imzalamış, iyul ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Sərəncamın icra vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmiş, simpoziuma yüksək səviyyədə hazırlıq işləri görülmüşdür.

          2011-ci il iyulun 21-də “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun açılışı olmuşdur.
       Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və simpozium iştirakçıları Naxçıvanın ilk yaşayış yerləri və ilk şəhər mədəniyyəti mövzusunda yazılmış kitab və monoqrafiyalardan ibarət sərgiyə baxmışlar. Məlumat verilmişdir ki, 1996-cı ilə qədər Naxçıvan barədə bir-biri ilə ziddiyyət təşkil edən 40-a yaxın kitab nəşr olunmuşdursa, son 15 il ərzində 700-dən artıq kitab, monoqrafiya, dərslik və elmi məqalələr hazırlanaraq nəşr edilmişdir. Yeni elmi ədəbiyyatların nəşri Azərbaycanın qədim tarixinin, maddi-mədəniyyət nümunələrinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
       Sonra simpozium öz işinə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpoziumun açılışı münasibətilə iştirakçı və qonaqları təbrik edərək demişdir: Bu gün Azərbaycanın qədim torpağı olan Naxçıvanda çox mühüm elmi və tarixi əhəmiyyət kəsb edən beynəlxalq forum-“Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium öz işinə başlayır.
       Beynəlxalq simpozium Azərbaycan xalqının taleyində mühüm rol oynayan tarixi bir günün ərəfəsində keçirilir. 1990-cı ilin 22 iyulunda ümummilli lider Heydər Əliyevin Moskvadan Naxçıvana-vətənə qayıtması, burada siyasi fəaliyyətə başlaması nəticəsində Naxçıvanın işğal təhlülkəsi aradan qaldırıldı. Bu qayıdış bir tərəfdən Naxçıvanı Azərbaycan ərazisi kimi qoruyub saxladısa, digər tərəfdən milli-mənəvi dəyərlərə, xalqımızın unudulmaqda olan ənənələrinə qayıdışa, tarixi yaddaşın bərpasına şərait yaratdı.
       Müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan tarixinin doğru-dürüst öyrənilməsi və tədqiq olunması, keçmiş Sovetlər Birliyinin digər respublikaları kimi Azərbaycan tarixinin də qara ləkələrdən, ideoloji qəliblərdən təmizlənməsini tələb edir, ölkənin keçmişini öyrənmədən gələcəyinin qurulmasının mümkünsüz olduğunu bildirirdi.
       Düz 15 il bundan əvvəl, 1996-cı ilin  iyul ayının 10-da Naxçıvan tarixinin öyrənilməsinə həsr olunmuş “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun iştirakçılarına təbrik məktubunda ulu öndərimiz qeyd edirdi ki, “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynamış və oynamaqda olan Naxçıvanın qədim və çox zəngin tarixi vardır...Öz əlverişli coğrafi mövqeyi, təkrarolunmaz mədəniyyəti və incəsənət abidələri ilə seçilən bu diyar dünyanın bir çox tarixçi, səyyah və alimlərinin diqqətini cəlb etmiş, onların əsərlərində dərin iz qoymuş və özünəməxsus yer tutmuşdur. Həmin qaynaqların araşdırılması, onlarda Naxçıvan haqqında qeyd olunmuş məlumatların toplanıb tədqiq və nəşr olunması Azərbaycan tarixinin obyektiv elmi şəkildə işlənib hazırlanması üçün misilsiz əhəmiyyət kəsb edir.”
       İndi qeyd etmək mümkündür ki, “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumundan ötən 15 il ərzində xeyli iş görülmüş, ümummilli liderimizin tövsiyələrinə uyğun olaraq Naxçıvan barədə qədim qaynaqlar, tarixi mənbələr tədqiq olunmuş, 8 beynəlxalq elmi forum keçirilmiş, 1185 tarixi abidə öyrənilərək pasportlaşdırılmış, 50-ə yaxın tarixi abidədə bərpa və yenidənqurma işləri aparılmış, xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin də iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına və folkloruna dair tədqiqatlar aparılmış, ekspedisiyalar təşkil olunmuş, 700-dən artıq kitab, monoqrafiya, dərslik və elmi məqalə hazırlanaraq nəşr edilmişdir
       Ali Məclisin Sədri beynəlxalq simpoziumun öz qarşısında Naxçıvan tarixinin ən qədim dövrünə dair elmi baxış və nəticələrin sistemləşdirilməsi, vahid elmi fikrin formalaşdırılması kimi konkret məqsəd qoyduğunu bildirərək qeyd etmişdir ki, müəyyən dövrlərdə bu sahədə aparılmış elmi tədqiqatlar onu göstərir ki, Naxçıvan bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olmuşdur. Naxçıvanın relyefi, coğrafi mövqeyi, təbii sərvətlərinin bolluğu ən qədim dövrlərdən bu ərazidə insanların məskunlaşmasına şərait yaratmışdır.
       Bəzi tədqiqatçılar Naxçıvanı dünyada ikinci sivilizasiyanın başlandığı yer kimi də göstərirlər. Bu elmi istiqamət ilkin yaşayış və şəhərsalma yeri kimi Naxçıvan ərazisində aparılan tədqiqatlara müəyyən dinamika gətirə bilmişdir. Əldə olunan nəticələr sübut edir ki, Naxçıvanla Yaxın Şərqin qədim şəhərləri arasında sıx iqtisadi, mədəni əlaqələr olmuş, əkinçiliyin maldarlığın, sənətkarlığın inkişafı sosial-iqtisadi və mədəni yüksəlişə təkan vermiş, nəticədə 5 min il bundan əvvəl Naxçıvan şəhəri yaranmışdır.
       Ali Məclisin Sədri demişdir: Naxçıvan şəhərinin yaranmasına bilavasitə təsir göstərən Naxçıvan Duzdağı mədəniyyətinin öyrənilməsini və Duzdağı ətrafındakı ilkin yaşayış məskənlərinin tədqiqata cəlb olunmasını ilkin şəhərsalma mədəniyyətinin öyrənilməsində yeni elmi istiqamət kimi qəbul etmək, Naxçıvan şəhər mədəniyyətini onun indiki tarixi-coğrafi hüdudlarından kənarda yox, Naxçıvan şəhərinin özündə axtarmaq, bu ərazidə tədqiqatları intensivləşdirmək lazımdır. Naxçıvanda öz işinə başlayan “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpoziumu təkcə regional yox, eyni zamanda qlobal bir məsələni müzakirə etmək əzmindədir. Bununla biz Azərbaycan tarixini daha da zənginləşdirə və dünya tarixinə öz töhfəmizi verə bilərik.
       Beynəlxalq simpoziumda Azərbaycanın və xarici ölkələrin nüfuzlu elmi müəssisələrini təmsil edən alimlərin, qədim tarix üzrə mütəxəssislərin iştirakının elmi forumun uğurla keçəcəyinə, qarşısına qoyduğu məqsədə çatacağına əsas yaratdığını bildirən Ali Məclisin Sədri bu yolda iştirakçılara uğurlar arzulamış, simpoziumda elmi müzakirələrin nəticəli olacağına əminliyini bildirmişdir.
       Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun direktoru, akademik Yaqub Mahmudov “Naxçıvan: ən qədim yaşayış məskəni”, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev “Naxçıvanın ilkin şəhər mədəniyyəti”, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli “Naxçıvan şəhərinin tarixi: elmdə atılmış addımlar, dərinliklərə doğru baxış və kompleks yanaşma zərurəti”, Fransa Araşdırmalar Mərkəzinin əməkdaşı, dosent-doktor Remi Berton “Dünyanın ən qədim duz mədəni: Duzdağda arxeoloji tədqiqatlar”, Amerika Birləşmiş Ştatları Pensilvaniya universitetinin əməkdaşı, dosent-doktor Lauren Ristvet “Oğlanqalada Azrbaycan-Amerika qazıntıları (2008-2011-ci illər)”, Turkiyənin İstanbul universitetinin professoru, tarix elmləri doktoru Oktay Bəlli “Mədəniyyətin beşiyi Naxçıvan” və Ukrayna Elmlər Akademiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Vitali Otroşenko “Yaşayış məskənlərinin qədim tarixinin müəyyənləşdirilməsində qayaüstü təsvirlərdəki motivlərin rolu və əhəmiyyəti” mövzularında məruzə etmişlər.
       Simpoziumun plenar iclası başa çatdıqdan sonra Ali Məclsin Sədri iştirakçılarla səmimi söhbət zamanı Naxçıvanın qədim tarix və mədəniyyəti ilə bağlı elmi-tədqiqat işlərinin, arxeoloji araşdırmaların bundan sonra da aparılmasının zəruriliyini vurğulamış, bu istiqamətdə görülən işlərin gələcəkdə də davam etdirləcəyini bildirmişdir. Simpozium iştirakçıları beynəlxalq elmi tədbirin keçirilməsinin elmi fikir tarixində böyük əhəmiyyətə malik olduğunu qeyd etmiş, dünya mədəniyyətinin beşiyi olan Naxçıvanın tarixinin, maddi-mənəvi dəyərlərinin öyrənilməsi, qorunub yaşadılması istiqamətində həyata keçirilən mühüm işlərə görə minnətdarlıqlarını bildirmişlər.
       Ali Məclisin Sədri simpozium iştirakçıları ilə xatirə şəkli çəkdirmişdir.

       Beynəlxalq simpozium “nakhcivan.az” internet sayıtında canlı yayımlanmış, 8 ölkədən 534 internet istifadəçisi bu sayta müraciət etmişdir. Bu, keçirilən beynəlxalq simpoziuma olan ciddi marağın daha bir göstəricisidir.
       Beynəlxalq simpozium öz işini bölmə iclasları ilə davam etdirəcək, mövzu ilə bağlı məruzələr və çıxışlar dinləniləcək, elmi müzakirələr aparılacaqdır. İyulun 23-də Ordubad rayonundakı Gəmiqayada beynəlxalq simpoziumun yekun iclası olacaqdır.

 

Saytdakı yeriniz: Əsas səhifə
Yuxarı qayıt