Naxçıvan Kür-Araz mədəniyyəti

NAXÇIVAN KÜR-ARAZ MƏDƏNİYYƏTİ

 E.ə. 4-3-cü minilliklərdə Naxçıvan ərazisində yayılmış arxeoloji mədəniyyət. Erkən Tunc dövründə qədim Naxçıvan sakinlərinin tarixində əsaslı ictimai-iqtisadi dəyişikliklər olmuş, Eneolit dövründə əsası qoyulan tunc metallurgiyası inkişaf etmiş, maldarlıq əkinçilikdən ayrılmış, xış əkinçiliyi meydana gəlmiş, yaylaq maldarlığı inkişaf etmiş, tayfa ittifaqları yaranmışdır. Iqtisadiyyatın inkişafı və əhalinin artması yeni yaşayış yerlərinin salınmasına səbəb olmuşdur.

Bu dövrə aid I Kültəpə, II Kültəpə, Aşağıdaşarx, Ovçular təpəsi, I Maxta Kültəpəsi, II Maxta Kültəpəsi, Xələc, Ərəbyengicə yaşayış yerləri, Dizə, Qarabulaq, Plovdağ, Xornu nekropolları qeydə alınmışdır. Naxçıvanın Erkən Tunc dövrü yaşayış yerləri coğrafi mövqeyinə görə dörd qrupa bölünür. Birinci qrupa strateji cəhətdən əlverişli mövqedə yerləşən Ovçular təpəsi yaşayış yeri, ikinci qrupa əkinçilik və maldarlıq üçün əlverişli olan Naxçıvançay vadisində yerləşən I Kültəpə və II Kültəpə yaşayış yerləri, üçüncü qrupa I Maxta Kültəpəsi, II Maxta Kültəpəsi, Xələc, Ərəbyegincəcə yaşayış yerləri, Dizə, Qarabulaq, Plovdağ nekropolları, dördüncü qrupa isə yüksək dağlıq ərazidə yerləşən Xornu yaşayış yeri və nekropolu aiddir.

naxkama

 Naxçıvanda ilk orta əsr dəfnələri. III-VII əsrlər.

Erkən Tunc dövrü abidələrində, xüsusilə I Kültəpə, II Kültəpə, I Maxta Kültəpəsində aparılan qazıntılar göstərir ki, Kür-Araz mədəniyyəti üçün dairəvi, yaxud düzbucaqlı artırmaları olan dairəvi evlər xarakterik olmuşdur. Kür-Araz mədəniyyətinin son mərhələsində düzbucaqlı binalardan da istifadə edilmişdir. Evlər düzbucaqlı və dairəvi formada olan ocaqlar və saxsı manqallar vasitəsilə qızdırılmışdır. II Kültəpədə düzbucaqlı ocaqların yaxınlığında mərkəzi insan fiquru formasında olan nalşəkilli sitayiş qurğularına da rastlanmışdır. Bu tip fiqurların bütün evlərdən tapılması insanlar arasında inanc birliyinin olduğunu və hər evin öz ziyarətgahı olduğunu göstərir. Yaşayış yerlərində aparılan qazıntılar evlərin həcmi haqqında da müəyyən təsəvvür əldə etməyə imkan vermişdir. Hesablamalar göstərmişdir ki, ayrı - ayrı evlərdən ibarət olan II Kültəpə əhalisi 700-900 nəfərlik yaşayış məskəni tipində olmuşdur. II Kültəpənin XII təbəqəsində bütövlükdə açılan evin diametri 5,3 m-dir. Ümumiyyətlə, II Kültəpədəki evlərin diametri 5,5-7,5 m arasında dəyişməkdədir. I Kültəpədə aşkar edilən evlərin diametri isə 3,5-6,5 m arasındadır. Onlardan yalnız birinin diametri 7,3 m-dir. Şübhəsiz ki, bu tip evlər cüt nikaha əsaslanan ailələrə, irihəcmli dairəvi evlər isə böyük ailələrə məxsus olmuşdur. Aşkar olunan evlərdən birinin sahəsinin 59 m2 olması da onun böyük ailələr üçün nəzərdə tutulduğunu göstərir. Belə hesab edirik ki, Erkən Tunc dövründə cüt nikaha əsaslanan ailə istehsalın əsas özəyini təşkil etmişdir. Iqtisadiyyatın inkişafı, şübhəsiz ki, kiçik ailələri öz güclərini birləşdirməyə məcbur etmişdir.

naxkamb

Naxçıvan zərbxanaları.

I Kültəpə və II Kültəpədə aşkar olunan irihəcmli binalardan, həm də ümumi toplanış yeri kimi istifadə edildiyini söyləmək olar. Ümumi ictimai binaların olması, ümumi idarə orqanlarının da olduğunu göstərir. Tədqiqatlar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri insanların ideoloji görüşləri haqqında müəyyən fikirlər söyləməyə imkan verir. II Kültəpə yaşayış yerindən aşkar olunan ziyarətgahlar Naxçıvanın qədim sakinlərinin mənəvi mədəniyyəti və ideologiyasını öyənmək üçün dəyərli mənbələrdəndir. Belə ziyarətgahlardan birinə II Kültəpə yaşayış yerinin XI tikinti qatında rastlanmışdır. O, dairəvi formalı binanın qalıqlarından ibarət olmuşdur. Tədqiqat zamanı möhrə bloklardan hazırlanmış ocaq qurğusu, ocağın içərisindən heyvan sümükləri və gil qab parçaları, onun ətrafındakı döşəmədə isə öküz buynuzu formasında hazırlanmış sitayiş əşyasının parçası aşkar olunmuşdur. II Kültəpənin statiqrafiyasına əsaslanaraq bu ziyarətgahı Kür-Araz mədəniyyətinin erkən mərhələsinə aid etmək olar. Ikinci ziyarətgah II Kültəpə yaşayış yerinin VI tikinti qatında aşkara çıxarılmışdır. Onun döşəməsi sarı rəngli gillə suvanmışdır. Divarın özülü çay daşlarından, yuxarısı isə çiy kərpicdən hörülmüşdür. Divarın şərq tərəfində çay daşlarından qurularaq gillə suvanan səki, səkinin yaxınlıgında iki dən daşı tapılmışdır.

naxkamc

Şortəpədən tapılmış sitayiş əşyası.

Divarın qərb tərəfində içərisi küllə dolmuş dairəvi formalı ocağa, ocağın ətrafında kül yığınına, heyvan sümüklərinə, gil qab parçalarına rast gəlinmişdir. Ocağın yaxınlığında qurbangah olduğu ehtimal olunan möhrədən düzəldilimş dördkünc formalı səkinin olduğu müəyyən edilmişdir. Səkinin yaxınlığında öküz buynuzu formasında hazırlanmış iki sitayiş əşyasına rastlanmışdır. I Kültəpə və II Kültəpədə aşkar olunan tapıntılar Erkən Tunc dövründə keçirilən müəyyən mərasimləri tam olmasa da müəyyən dərəcədə bərpa etməyə imkan verir. Başlıca olaraq məhsuldarlıqla bağlı olan bu mərasimlər cəmiyyətdə baş verən sosial-iqtisadi dəyişiklikləri və insanların həyat tərzini aydın şəkildə əks etdirmişdir. Nalşəkilli sitayiş qurğularından birinin mərkəzi çıxıntısının insan fiquru formasında hazırlanması ehtimal ki, kişinin cəmiyyətdə artan rolunu simvolizə etmişdir. Sitayiş qurğularının iribuynuzlu heyvanlara bənzədilməsi iribuynuzlu malın insanların həyatında böyük rol oynadığını göstərir. Eneolit dövründə və Kür-Araz mədəniyyətinin erkən mərhələsində iribuynuzlu malın üstünlük təşkil etməsi də bunu təsdiq edir. Sitayiş qurğularının ətrafından aşkar olunan heyvan fiqur- ları mərasimlər zamanı onlardan da istifadə olunduğunu göstərir.

naxkamd

 l Kültəpənin Ilk Tunc dövrü təbəqəsi.

Sitayiş qurğularının ətrafında xeyli kül yığınları, heyvan sümükləri və gil qab parçalarının aşkar olunması, bu mərasimlərin keçirilməsi zamanı müəyyən yeməklər verildiyini təsdiq edir. Evlərdəki sitayiş qurğuları göstərir ki, Erkən Tunc dövrü sakinlərinin məişətində din və sitayişlə bağlı mərasimlər mühüm yer tutmuş, onların gündəlik həyatı məhsuldarlığı təmin edən ulu əcdad, qəbilə rəhbəri, iribuynuzlu və xırdabuynuzlu heyvanlarla bağlı olmuşdur. Erkən Tunc dövründə öküz kultunun geniş yayılması, həm də xış əkinçiliyinin yaranması, iribuynuzlu maldan qoşqu qüvvəsi kimi istifadə edilməsinin də mühüm rolu olmuşdur.

304a

I Maxta Kültəpəsi. Dairəvi formalı evin qalıqları.

I Maxta Kültəpəsinin yaxınlığında aşkara çıxarılan ziyarətgah Erkən Tunc dövrünün son mərhələsində artıq ümumi qəbilə ziyarətgahlarının olmasından xəbər verir. Dağıntıya uğramış ziyarət- gahın yerində daşdan və möhrədən hörülmüş tikinti qalıqları saxlanmışdır. Dairəvi formalı ziyarətgahın içəri tərəfində bir sırada düzülmüş üç daş büt, bütlərin yaxınlığında nalşəkilli ocaq qurğusu aşkar olunmuşdur. Qara rəngli tuf daşından hazırlanan bütlər aşağıdan yuxarıya doğru ensizləşən stela şəklindədir. Onların başı yivşəkilli oyuqla bədənindən ayrılmışdır. Bütlərin hündürlüyü 85-99 sm, qalınlığı 11-15 sm arasındadır. Bütlərin ikisinin başında maili oyuq açılmışdır.

286a

 II Kültəpə. Sitayiş əşyası.

Bütlərin ziyarətgahın içərisində aşkar olunması onların sitayiş məqsədilə hazırlandığını göstərir. Ehtimal ki, onlar qədim insanların inandığı tanrıları, yaxud tanrılaşdırılmış tayfa rəhbərlərini, ulu əcdadı simvolizə etmişdir. Ilk Tunc dövrü sakinlərinin əsas məşğuliyyət formaları əkinçilik, maldarlıq, dulusçuluq, metallurgiya və metalişləmə olmuşdur. Araşdırmalar bu dövr də xış əkinçiliyinin inkişaf etdiyini, iribuynuzlu heyvanlardan qoşqu qüvvəsi kimi istifadə olunduğunu təsdiq edir. Naxçıvanın Kür-Araz mədəniyyəti abidələrindən xeyli miqdarda gil təkər modellərinin tapılması təkərli nəqliyyatın da inkişaf etdiyini göstərir. Kür-Araz mədəniyyətinin son mərhələsində heyvandarlıqda xırdabuynuzlu heyvanların miqdarı 70 % olmuşdur. Xırdabuynuzlu heyvanların üstünlük təşkil etməsi yaylaq maldarlığının inkişafına yol açmışdır. Naxçıvanın dağlıq və dağətəyi bölgələrində Erkən Tunc dövrünə aid qəbir abidələrinin aşkar olunması yaylaq maldarlığının inkişaf etdiyini təsdiq edən əsas faktlardan biridir. Ilk Tunc dövrü yaşayış yerlərinin bir qrupunda, o cümlədən Ərəbyengicə, Xələc, Ovçular təpəsi, I Maxta Kültəpəsində Orta Tunc dövrü təbəqəsinə rastlanmaması, onların müəyyən dövrdən sonra tərk edildiyini təsdiq edir. Yuxarıda qeyd edilənlərə əsasən, belə nəticəyə gəlmək olar ki, bu dövrdə iqtisadiyyat inkişaf etmiş, sosial münasibətlərdə müəyyən irəliləyiş yaranmışdır. Əkinçilik və maldarlığın intensiv inkişafı izafi məhsul istehsalının yaranmasına, sənətkarlığın müxtəlif sahələrinin tərəqqisinə stimul yaratmışdır. Bu dövrdə maldarlıq əkinçilikdən ayrılmış, dulusçuluq, metalişləmə, daşişləmə sənətkarlığın əsas sahələri kimi inkişaf etmişdir. Erkən Tunc dövründə sosial iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri də mədəni əlaqələrin inkişafı olmuşdur. Məlum olduğu kimi, Yaxın Şərq ölkələri və qonşu Cənubi Qafqaz xalqları ilə intensiv əlaqələr Eneolit dövründən mövcud olmuşdur. Bu dövrdə Kür-Araz mədəniyyətinin olduqca geniş ərazini əhatə etməsi, bu əlaqələrin çoxsahəli olmasından xəbər verir. Erkən Tunc dövründə Naxçıvan abidələri Urmiya rayonunun abidələri ilə vahid iqtisadi-mədəni rayona daxil olmuşdur. Bu rayonların arxeoloji abidələrindən aşkar edilən keramika məmulatı forma və bəzəmə stilinə görə bir-biri ilə yaxınlıq təşkil edir. Ehtimal ki, bu bölgənin dulusçuluq məmulatı Şərqi Anadoluya və Kiçik Qafqazın cənub-şərq ətəklərinə doğru yayılmış və burada mədəni inkişafa müəyyən təsir etmişdir. I Kültəpə və II Kültəpənin Erkən Tunc dövrü təbəqəsindən aşkar olunan bir qrup keramika məmulatı və metal əşyalar Mesopotamiya ilə iqtisadi mədəni əlaqələrin davam etdiyini aydın şəkildə göstərir. II Kültəpənin straqrafiyasına əsaslanaraq demək olar ki, Kür-Araz mədəniyyəti tayfalarının Ön Asiya ölkələri ilə iqtisadi-mədəni əlaqələri Erkən Tunc dövrünün ilk mərhələsindən mövcud olmuşdur. Şübhəsiz ki, qədim Şərq ölkələri ilə əlaqələr qarşılıqlı xarakter daşımışdır. II Kültəpənin Kür-Araz mədəniyyətinə aid təbəqəsindən aşkar olunan mavi şirli pasta muncuq da Yaxın Şərq ölkələri ilə əlaqələrin olduğunu təsdiq edən faktlardandır. Mavi şirli pasta muncuqların Misir və Mesopotamiyadan gətirildiyi araşdırmalarla müəyyən olunmuşdur. Araşdırmaların indiki səviy yəsinə dayanaraq demək olar ki, qədim Şərq ölkələri ilə ticarət əlaqələrində Naxçıvanda istehsal olunan duz, metal və dulusçuluq məmulatı mühüm yer tutmuşdur. Naxçıvanın Erkən Tunc dövrünə aid arxeoloji abidələrinin tədqiqi müxtəlif istehsal sahələrinin, o cümlədən daxili mübadilənin artdığını aydınlaşdırmışdır. Arxeoloji tapıntılar bu münasibətlərin Erkən Tunc dövrünün final mərhələsində xüsusilə inkişaf etdiyini göstərir. Daxili mübadilənin inkişafı sərvətin müəyyən qrup adamların əlində toplanmasına, sosial münasibətlərdə əsaslı dəyişikliyə səbəb olmuşdur. II Kültəpənin Erkən Tunc dövrü təbəqəsinin son mərhələsinə aid müəyyən planda tikilmiş dördkünc formalı bina qalıqları, müdafiə divarı sosial münasibətlərdə və ictimai quruluşda ciddi dəyişikliklərin olduğundan xəbər verir. Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi göstərir ki, bu dövrdə cəmiyyət inkişaf etmiş patriarxal münasibətlərlə xarakterizə edilir. Şübhəsiz ki, istehsalın mürəkkəb və çoxsahəli xarakter alması cəmiyyətdə kişilərin rolunu artırmış, kişi əməyinin birinci yerə çıxmasına səbəb olmuşdur. Kişinin hökmran olduğu ailə cəmiyyətin özəyini təşkil etmişdir. Qarabulaq, Xornu qəbir abidələrinin tədqiqi Erkən Tunc dövrünün sonunda əmlak bərabərsizliyinin olduğunu təsdiq edir. Böyük ailələrin formalaşması, istehsalın təşkili və mülkiyyətin qorunması müəyyən ictimai təşkilatların yaranmasını zəruri etmişdir. II Kültəpənin Kür-Araz mədəniyyətinə aid sonuncu tikinti qatında müdafiə divarının və çoxotaqlı evlərin aşkar olunması bununla bağlıdır. Tayfalararası toqquşmaların mövcud olduğu bu dövrün idarə forması ehtimal ki, hərbi demokratiya olmuşdur. Kür-Araz mədəniyyətinin mənşəyi ilə bağlı tədqiqatçılar arasında müxtəlif fikirlər olmasına baxmayaraq bu mədəniyyətin Cənubi Qafqazda formalaşdığı qəbul edilmişdir. Bəzilərinin fikrinə görə, bu mədəniyyət Qafqazda və Şimali Iranda, digərlərinə görə isə Şərqi Anadoluda və Arazın orta axarlarında formalaşmışdır. Son illərin araşdırmaları göstərir ki, bu mədəniyyətin formalaşdığı əsas rayonlardan biri Naxçıvan ərazisi olmuşdur. Azərbaycan, o cümlədən Naxçıvan abidələrinin tədqiqi təsdiq edir ki, Kür-Araz mədəniyyəti Eneolit mədəniyyəti əsasında inkişaf etmişdir. Kür-Araz mədəniyyətinin Eneolit mədəniyyəti ilə bağlılığı Urmiya hövzəsi və Naxçıvan abidələrində xüsusilə aydın izlənilir. Eneolit mədəniyyətindən Kür-Araz mədə-niyyətinə keçid Göytəpə, Yanıqtəpə, Ovçular təpəsi, Xələc, II Kül- təpənin keramikaməmulatında aydın şəkildə izlənmişdir. Ümumiyyətlə, Urmiya hövzəsi və Naxçıvanda yerləşən Ilk Tunc dövrü abidələrində mədəni təbəqənin qalınlığı, Kür-Araz mədəniyyətinin bütün mərhələlərinin aydın izlənilməsi, Kür-Araz mədəniyyətinə aid təbəqənin Eneolit təbəqəsini örtməsi təsdiq edir ki, bu rayon Kür-Araz mədəniyyətinin formalaşdığı əsas ocaqlardan biri olmuşdur. Lakin qeyd etmək lazımdır ki, Urmiya hövzəsi ilə bağlı olan Naxçıvanın Kür-Araz keramikası bir sıra lokal xüsusiyyətlərinə görə digər regionların keramikasından fərqlənir. Bu fərqlər ocaq qurğuları və metal əşyalarda da özünü aydın göstərir. Şimalda Şimali Qafqaz və Dağıstan, Cənubda Urmiya hövzəsi, qərbdə Suriya və Fələstinədək yayılan Kür-Araz mədəniyyəti müəyyən lokal xüsusiyyətləri ilə fərqlənmişdir. Tədqiqatçılar qəbir abidələrinin müxtəlifliyinə əsaslanaraq əhalinin etnik tərkibcə fərqli olduğunu qeyd etmişlər. Kür-Araz mədəniyyətini hind-avropalılara, Nax-Dağıstan dil qrupuna aid edən tədqiqatçıların fikirləri ilə razılaşmaq olmaz. Hər şeydən əvvəl bu mədəniyyətin yaranma ocağı Cənubi Qafqaz olduğundan onun kənardan gətirildiyini söyləmək doğru deyil. Kür-Araz mədəniyyətinin lokal variantlarının müəyyən tayfalarla bağlanması tamamilə təbiidir. Azərbaycanın cənubunda, o cümlədən Cənubi Azərbaycan və Naxçıvanda Kür-Araz mədəniyyətinin daşıyıcıları türkdilli kuti, lullubi, su və turukki tayfaları olmuşdur. Bu tayfaların Urmiya hövzəsi və Mesopotamiyadakı fəaliyyəti ilə bağlı yazılı mənbələrin məlumatları e.ə. 3-cü minilliyin sonuna aiddir. Tədqiqatlar e. ə. 3-1 minilliklərdə Cənubi Azərbaycan əhalisinin kuti və lullubilərdən ibarət olduğunu göstərmişdir. Bu tayfaların etnik baxımdan Elam və Zaqro-Elam dil qrupuna aid tayfalara yaxın olduğu, bu dövrdə Azərbaycanda şumer dilinin də yayıldığı qeyd edilmişdir. Naxçıvanın zəngin toponimikası da onların varlığından xəbər verir. Onlar arasında aparıcı rolu kuti, lullubi, su və trukkilər oynamış, e. ə. 3-2 minilliklərdə Urmiya gölü hövzəsində bu tayfaların siyasi qurumları mövcud olmuşdur. Naxçıvan qədim sivilizasiya mərkəzlərindən aralı olduğu üçün bu ərazidəki siyasi qurumlar haqqında yazılı mənbələrdə məlumat qalmamışdır.

    Ədəb.: A б и б у л л а е в О.A. Энеолит и бронза на территории Нахичеванской АССР, Б.,  1982; A ş u r o v S.H. Naxçıvanın İlk Tunc dövrü keramikası. B., 2002; B a h ş a l i y e v V.B. Nahçivan arkeolojisi // Archaelogy of Nakhchivan. İ., 1997; С е и д о в А.Г. Памятники Куро-Аракской культуры Нахичевани, Б., 1993.

Saytdakı yeriniz: Əsas səhifə
Yuxarı qayıt