Qadir Əliyev. Naxçıvan MR ərazisindəki siklop tikililər.

 

QADIR ƏLIYEV
Naxçıvan Dövlət Universiteti

 NAXÇIVAN MR ƏRAZİSİNDƏKİ SİKLOP TİKİLİLƏR

 Arxeoloji araşdırmalar göstərir ki, Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının  ərazisi dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Bu ərazilərin zəngin coğrafi şəraiti ibtidai insanların qədim zamanlardan burada məskunlaşmasına şərait yaratmışdır.

Son illərdə Muxtar Respublika ərazisində aparılmış arxeoloji qazıntılar, müxtəlif yazılı mənbələr göstərir ki, bu ərazi hələ 5 min il bundan əvvəl ilkin  şəhər mədəniyyətinin formalaşdığı qədim yaşayış məskəni olmuşdur. Bizim dövrə qədər gəlib çatmış bir sıra memarlıq abidələri, onların inşaat sənətinin inkişaf xüsusiyyətlərini  və eləcə də inşaat sənət tarixini öyrənməyə imkan verən qiymətli mənbələrdir. Eyni zamanda Azərbaycanın  qədim və orta əsr inşaat sənətinin problemləri zəif işıqlandırılmış və bu sahədə olduqca az tədqiqat işləri aparılmışdır.
    Qədim inşaat konstruksiya və  materiallarına  aid mövcud elmi mənbələr məhdud olmaqla bərabər qədim Azərabaycan inşaat sənət tarixi mərhələlərini ardıcıl surətdə izləməyə imkan vermir. Bununla belə arxeoloji tədqiqatlar nəticəsində Azərbaycan, o cümlədən Naxçıvanın inşaat sənəti  tarixini tədqiq etmək və onun ayrı-ayrı inkişaf mərhələlərinin xarakteristikasını izləmək mümkün olmuşdur. Qədim memarlıq abidələri, bu abidələri meydana gətirən cəmiyyət, abidələrin inşaat materialları, qədim  yaşayış məskənlərinin inşaat sənət tarixini tədqiq etmək və onun ayrı-ayrı inkişaf məhələlərini xarakteristikasına dair az da olsa material toplamaq mümkün olmaşdur.      
IV əsr müsəlman Şərqinin ən böyük və universal dahisi ibn Xəldun (1322-1406) memarlıq  sənətindən bəhs edərək göstərir ki, bu sənət bəşəriyyətin ilk və ən əski sənətidir Belə ki, insan içində yaşadığı şəraitin təsiri altındadır. Bu təsirlərdən biri də xaricdən gələn düşmənlərə qarşı  qorunma tədbirləridir. Məhz buna görə xanədanlıqların başçıları həm özlərinin, həm də idarələri altında olan topluluqların qorunması üçün hasarlar və qalalar qururlar. Memarlıq bütün növ tələb və ehiyacları təmin edən bir sənətdir.
    Hökmdarlar və xanədanlıq başçıları böyük şəhərlər qurmağa və bu şəhərlərin qorunması üçün qala memarlığına ehtiyac duymuşlar. Beləliklə, qala memarlığı istehkam tipli  olmaqla  bərabər, plan quruluşu mükəmməl olmalı, möhkəmlik və dayanıqlıq şərtlərinə cavab verməlidir.
    Məqsədimiz Naxçıvan MR ərazisindəki siklop tikililərin araşdırılması olduğu  üçün  bu quruluşun mahiyyətini aydınlaşdırmaq gərəkdir. Tarixi mənbələrdən aydındır ki, siklop tikililərin əksəriyyəti tunc dövrünə aid olub köçəri sənətə xidmət etmişdir. Maldarlıqla məşğul olan köçərilər heyvanları saxlamaq üçün sığınacaqlar düzəldirdilər. Elə indi də yaylaqlarda heyvanları saxlamaq üçün bu cür sığınacaqlardan istifadə edilir. Eyni zamanda tayfalar arasında gedən çəkişmələr zamanı bu tikililərdən bir sığınacaq kimi istifadə edilmişdir.
Siklop tikililərin xarakteri haqqında mədəniyyət və incəcənət nəzəriyyəçilərinin müxtəlif fikirlər var. Lakin onların əksəriyyəti bu tikililərin Orta Əsrlərin qəsr-qalaları olması fikrini irəli sürürlər. Siklop tikililəri xarakterizə edən İ. N. Meşşaninov yazırdı: “Azərbaycanda e. ə. I minilliyə aid məskənlər haqqında hələlik əlimizdə dəqiq məlumat yoxdur. Lakin Azərbaycanın dağlıq rayonlarında həmin dövrə məxsus müdafiə məqsədi ilə tikilmiş və inşaat sənətinə görə siklop qəsrlər adlanan xeyli miqdarda nəhəng tikililər mövcuddur”
    Siklop tikililərin  hörgü quruluşu dövrünün memarlığı üçün səciyyəvidir. Azərbaycan ərazisində siklop tikililərin daha çox zəngin olan ərazisi Naxçıvan Muxtar Respublikasıdır. Bu səbəbsiz deyil.
    Çünki qədimdən Muxtar respublikanın ərazisində yaşayan xalqların təhlükəsizliyinin təmin olunması üçün müdafiə tikililərinin inşa edilməsi zəruri idi.
    Eradan əvvəlki minilliklərdə Muxtar respublikanın ərazisindəki  mülki memarlığa gəldikdə isə əldə olan materialların həddən artıq azlığı hətta yaşayış binalarının  və ictimai tikililərin memarlıq planlaşma məsələləri haqqında belə təsəvvür yaratmağa imkan vermir. Lakin bir şey aydındır ki, böyük bir ərazidə bir sistem halında olan istehkam tikililərin olması həmin dövrlərdə bu ərazilərdə böyük yaşayış məskənlərinin olmasından xəbər verir.
Məlumdur ki, nəhəng müdafiə istehkamları konstruktiv cəhətdən sadədir, onların tikintisində çoxlu miqdarda mütəxəssis olmayan işçi qüvvəsi iştirak etməlidir. Lakin iri yaşayış yerlərinin müdafiəsi üçün inşa edilən belə istehkamların tikintisində relyefin mürəkkəbliyini, ağırlığı bir neçə tona çatan, emalı çətin olan iri ölçülü təbii daş materiallarının tikinti sahəsinə gətiriliməsini, quraşdırılma texnologiyasının çətinliyini, konstruktiv quruluşunun mürəkkəbliyini  nəzərə alsaq burada yüksək ixtisaslı ustaların,  mühəndis texniki işçilərin çalışdığını isbat etmiş oluruq. Bu da eradan əvvəlki minilliklərdə- hələ tunc dövründə Muxtar respublikanın ərazisində yaşayan xalqların böyük bir mədəniyyətə sahib olmalarından xəbər verir.
İndi Muxtar respublikanın ərazisində dövrümüzə qədər gəlib çatmış siklop tikililərin yayılma arealını sistemli şəkildə nəzərdən keçirə bilərik.

seder

 

1. Sədərək qalası
Sədərək kəndinin cənubunda Vəlidağın c.-q. Silsiləsi üzərində yerləşən, əlverişli coğrafi-strateji mövqedə yerləşən Sədərək qalasından Anadolu –Sədərək – Naxçıvan istiqamətində olan qədim karvan-ticarət yolu yaxşı müşahidə olunur və nəzarətdə saxlanıla bilir. Dağ yamaclarında bütün keçidlərin qarşısını kəsən 2,5 m. enində olan bu siklop tipli möhtəşəm müdafiə səddinin salamat qalmış hissələrinin hündürlüyü 1,5-2 m.-ə çatır. Tikilinin c.-q. hissəsində eni 5 m. olan giriş qapısı var. Qalanın tikiliş tarixi Tunc və ilk dəmir dövrünə aid edilir.

seda

 

2. Oğlanqala
Şərur rayonunda Arpaçay sahilində Qaratəpə dağında yerləşən Oğlanqalanın salamat qalmış  divarları qalınlığı 1 metrə çatan kobud yonulmuş nəhəng daşlardan ibarətdir. Dağın c.-q.-də yarımdairəvi tikililər var. Tikinti üslubuna görə Assurların dağ qalalarına oxşayan  bu müdafiə tikilisinin mərkəzindəki düz meydançada  Narınqala inşa edilmişdir. Əlverişli təbii – coğrafi və strateji mövqedə yerləşən tikilinin inşa tarixi eradan əvvəl I minilliyin əvvəllərinə aid edilir.

sedb

 

3. Qarabağlar qalası
Kəngərli rayonunun Qarabağlar kəndinin şimal-qərbində Damlama yaşayış yeri yaxınlığında yerləşən, üç tərəfdən sıldırım qayalarla əhatə olunan Qarabağlar qalası dağın üzərində yerləşir. İri təbii daşlardan hörülmüş bu siklop tikintinin salamat qalmış hissəsinin hündürlüyü 2 m.-ə çatır. Abidənin inşa tarixini e. ə II minilliyin sonuna, I minilliyin əvvəllərinə aid etmək olar.

calx

 

4. Çalxanqala siklop tikililəri.
Babək rayonunun Payız kəndi yaxınlığında, Cəhriçayın sağ sahilində, hündür təpənin üzərində yerləşən bu qala  təbii cəhətdən əlverişli mövqedədir. Buradan Cəhriçay və Naxçıvançay vadisini bütövlükdə nəzarət altında saxlamaq mümkündür. Ağırlığı bir neçə tona çatan, yüngül emal olunan təbii daş hörgüsünün əmələ gətirdiyi  qala divarlarının salamat qalmış hissəsinin uzunluğu 450 m, eni 2,7 m, hündürlüyü 2,5 m.-dir.
Çalxanqala öz tikinti texnikasına görə Naxçıvan MR Ərazisində olan Oğlanqala və Qazançı qalasına oxşardır. Belə tikililər həmçinin Cənubi Qafqaz və yaxın Şərq ölkələri ərazilərində də olmuşdur. Lakin Çalxanqala öz müdafiə sisteminə və tikinti texnikasına görə  bu qalalardan heç birini təkrar etmir. Çalxanqala Cəhriçay vadisində yaşayan yerli əhalinin müdafiə olunması məqsədi ilə inşa olunmuşdur. Xarici düşmənlərin bu əraziyə hücumlarının e. ə. II minilliyin ikinci yarısı, I minilliyin başlanğıcında gücləndiyini nəzərə alsaq, Çalxanqalanın inşa olunma tarixini e. ə. II minilliyə aid etmək olar.
 5. İlandağ siklop tikililəri.
Culfa rayonu ərazisində, köhnə Xoşkeşin və Gal kəndləri tərəfdən gələn cığırların birləşdiyi yerdə ucaldılmış bu siklop tipli müdafiə qurğusu bu müdafiə qurğusunun salamat qalmış divarlarının iç tərəfində sahəsi 10-12 kv. m. olan yaşayış binalarının izləri görünür. İlandağın zirvəsinə doğru 7 yerdə belə siklop tikililərin hündürlüyü 10-15 m. olan hasarlarına rast gəlinir.

ilan

 

Müşahidələrdən aydın olur ki, burada qədim gözətçi məntəqələri olmuşdur. Yaxınlaşan təhlükə barəsində ərazidə olan Qazançı, Babək, Çalxanqala, Oğlanqala və s. qalalara əvvəlcədən xəbər vermək mümkün olmuşdur.
 Biz Naxçıvan Muxtar Resüpublikası ərazisində əsas siklop tikililərini nəzərdən keçirdikdən sonra aşağıdakı nənicələrə gəlirik.
1. Naxçıvan Muxtar Resüpublikası ərazisində dövrümüzə qədər gəlib çatmış siklop tikililərinin  inkişaf dövrü eradan əvvəl II-I minilliyə aid edilir.
2. Siklop tikililərin yayılma arealı Sədərəkdən başlayaraq Ordubada qədər demək olar ki,  Muxtar respubilkanın bütün  ərazisisini əhatə edir.
3. Naxşıvan Muxtar Respublikası ərazisindəki siklop tikililər əsasən yüksək dağlıq yerlərdə, keçidlərdə, ticarət yollarının kəsişmə yerlərində olmaqla xarici düşmənlərə qarşı müdafiə məqsədi ilə tikilmiş, müəyyən bir ərazini nəzarətdə saxlamaq vəzifəsini daşımışdır.
Bu nəticələr onu göstərir ki, eradan əvvəl II-I minilliklərdə Muxtar respublikanın demək olar ki, hər yerində böyük şəhər mədəniyyəti formalaşmış, siklop tikililər isə bu şəhərlərim müdafiəsini təmin etmişdir. Siklop tikililər təkcə müdafiə məqsədini daşımır, həm də eradan əvvəl II-I minilliklərdə bu ərazidə mühəndis texniki işləri aparan  mühəndislərin və güclü texnikanın olmasından xəbər verir.
ƏDƏBİYYAT
1.    İbn Haldun. Mukaddime. İstanbul 1991.
2.    K. M. Məmmədzadə. Azərbaycanda inşaat sənəti. Bakı. 1978.
3.    C. Ə. Xəlilov. Qərbi Azərbaycanın Tunc dövrünün axırı və Dəmir dövrünün əvvəllərinə aid abidələri. Bakı. 1959.
4.    Мешшанинов. История Азербайджана по археологическим памятникам. Изв. АзФАН СССР, 1944. №7.
5.    Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008.

Saytdakı yeriniz: Əsas səhifə
Yuxarı qayıt