Abbas Seyidov. Naxçıvan şəhərinin beş min yaşi arxeoloji və yazili qaynaqlarda.

 

ABBAS  SEYİDOV

 NAXÇIVAN ŞƏHƏRININ BEŞ MIN YAŞI ARXEOLOJI VƏ YAZILI QAYNAQLARDA

 Tədqiqatlar Naxçıvan ərazisinin Ön Asiyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu sübut edir. Hələ ibtidai icma dövründən insanlar yaşayış məskəni üçün yer seçərkən ərazinin təbii ehtiyatlarını, strateji mövqeyini və digər üstünlüklərini nəzərə almışlar.

Zaman keçdikcə, həmin yaşayış yerlərindən bəziləri tarix səhnəsindən çıxmış, bəziləri isə dəfələrlə təbii dağıntılara, yadelli işğalçıların hücumlarına məruz qalsa da, öz görkəmini saxlaya bilmiş və zəmanəmizə qədər mövcudluğunu itirməmişdir. Belə yaşayış məskənlərindən biri Naxçıvan şəhəridir. Əlimizdə olan tutarlı faktlar-arxeoloji materiallar, yazılı mənbələr, müdriklərin kəlamları və s. göstərir ki, Naxçıvan hələ 5 min il bundan əvvəl ilkin şəhər (protoşəhər) mədəniyyətinin formalaşdığı qədim yaşayış məskəni olmuşdur.
Akademik İsa Həbibbəyli bu məsələ ilə bağlı fikirlərini şərh edərkən göstərir ki, Naxçıvan şəhərinin 5 min yaşının olmasını sübut etmək üçün, bir sıra elm sahələrinin nümayəndələrinin elmi fikirlərini şərh etmək, eyni zamanda tədqiqatı kompleks şəkildə aparmaq lazımdır. Burada tək Naxçıvan şəhərinin tarixi deyil, eyni zamanda ətraf ərazilərdə yerləşən və tədqiq olunan Qazma mağarası, II Kültəpə, Duz mədənləri, Əshabi-Kəhf mağarası, Nuh peyğəmbərin abidəsi və s. kimi həmdövr-yaşı eramızdan əvvəllərə gedən abidələrin tarixi birgə araşdırılmalıdır [Həbibbəyli İ., 2007, s.20-27].
Naxçıvana ərazicə yaxın olan qədim Şumer sivilizasiyası ilə iqtisadi-mədəni əlaqələr zəminində mədəniyyətlərin birindən digərinə ötürülməsi prosesləri baş vermişdir ki, bunlardan biri də ilkin şəhərlərin meydana çıxmasıdır.  Kiçik Asiyada eramızdan 6 min il əvvəl Çatal-Höyük kimi proto şəhərlərin formalaşması [Чисхольм Дж.,1999, с.4], Şumerdə 5-6 min il bundan əvvəl Ur, Uruk, Nippur və s. kimi şəhər dövlətlərin meydana çıxması söz yox ki, qonşu ərazilərdə də belə yaşayış məskənlərinin formalaşmasına yol açmışdır.
Naxçıvan şəhəri ərazisində 1968-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı orta tunc dövrünə aid boyalı qablar aşkar edilərək Naxçıvan Dövlət Tarix Muzeyinə verilmişdir [Əliyev V.,1977, s.13]. Məlum olduğu kimi, monoxrom boyalı qabların meydana çıxması 4400-4500 il bundan əvvələ təsadüf edir [Baxşəliyev V., Seyidov A.,1995, s.27-35]. Cənubi Qafqaz ərazisində boyalı qablar adı ilə tanınan arxeoloji mədəniyyət “Naxçıvan mədəniyyəti” kimi tanınır. Söz yox ki, ibtidai icma cəmiyyətinin son mərhələlərindən birini təşkil edən, e.ə.III minilliyin ortalarından e.ə.II minilliyin ortalarınadək davam edən, güclü tayfa ittifaqlarının mövcud olduğu cəmiyyətdə  sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatmış, müharibələr artmış və bu amillər ətrafı hasarlı yaşayış məskənlərinin-şəhərlərin inkişaf etməsinə təkan vermişdir.
Tədqiqatçılar göstərir ki, o dövrdə Naxçıvan ərazisində boyalı qabların istehsal mərkəzləri olmuşdur. Təbii ki, bu tip qablar yüksək sənətkarlıq nümunəsi olub, ancaq şəhər tipli yaşayış məskənlərinin xüsusi məhəllələrində-sənətkarlar yaşayan məhəllələrdə istehsal oluna bilərdi. Bu göstərilən faktlar Naxçıvan şəhərinin hələ 4500 il bundan əvvəl ilkin şəhərlərdən biri olduğunu söyləməyə əsas verir. Lakin əvvəldə qeyd etdiyimiz kimi, heç bir yaşayış məskəni birdən-birə yaranmamışdır. Söz yox ki, Naxçıvanın təbii, coğrafi şəraiti və strateji mövqeyi bundan da yüz illərlə əvvəl burada insanların yaşaması üçün əlverişli olmuşdur.
Naxçıvandan 8-15 km aralıda yerləşən I Kültəpə, II Kültəpə, Sirab [Həbibullayev O.,1959; Əliyev V., 1977; Baxşəliyev V., Novruzov Z.,2010] kimi yaşayış məskənləri 3000-8000 il bundan əvvələ aiddir. Hələ torpağın altında bizə məlum olmayan onlarla qədim yaşayış məskəni vardır. Cəhriçay, Naxçıvançay və Araz kimi bol sulu çaylar, mühüm otlaq sahələri belə yaşayış məskənlərinin salınması üçün əsas stimul olmuşdur. Bütün bunlar göstərir ki, Naxçıvan şəhəri ən azı 5000 il bundan əvvəl tarix səhnəsinə çıxmış və ilkin şəhər tipli yaşayış məskəni kimi mövcud olmuşdur.
Muxtar Respublika ərazisində bir neçə qədim şəhər tədqiq edilib öyrənilmişdir. II Kültəpə [Əliyev V. 1979, s.3-9], Oğlanqala [Baxşəliyev V., Ristvet L., və b.,2010.], Şahtaxtı [Агаев Г., 2002], Sumbatan-Dizə, Plovdağ  [İbrahimov B. və b., 2010] və b. göstərmək olar. II Kültəpə, Şahtaxtı və Plovdağ 5000-3000 il,  Oğlanqala və Sumbatan-Dizə isə 3000-2000 il bundan əvvələ aiddir. Bu abidələr dövrünə görə möhtəşəm qala divarları ilə əhatələnmiş, bürclərlə möhkəmləndirilmiş, planlı tikilmiş, sənətkarlıq məhəllələri və ilkin şəhər mədəniyyəti üçün xarakterik olan digər xüsusiyyətlərə malik olmuşdur. Bu abidələrin hamısında həyat uzun  müddətdir kəsildiyindən, onlar bu günümüzədək öz varlığını saxlamışdır. Lakin Naxçıvan şəhərində həyat müntəzəm davam etdiyindən və şəhər dafələrlə yadelli işğalçılar tərəfindən dağıdıldığından abidələr də məhv olmuş, salamatları isə şəhərin müasir tikililəri altında qalmışdır. Lakin ətrafda yerləşən belə şəhərlərin olması həmin dövrdə Naxçıvanın da ilkin şəhər kimi formalaşdığını söyləməyə əsas verir.
Naxçıvanın eramızdan çox-çox əvvəl meydana çıxdığını göstərən və bu günümüzədək gəlib çatan iki nəhəng abidəsi - Nuh Peyğəmbərin məzarı və Əshabi-Kəhf mağarası da yuxarıda söylədiklərimizə sübutdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun ”Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 28 iyun 2006-cı il tarixli Sərəncamında göstərildiyi kimi:-“...Naxçıvan dünyanın ən qədim sivilizasiya mərkəzi olmuşdur...İstər şumer, istərsə də Bilqamıs haqqında akkad rəvayətlərinin yarandığı və yazıya alındığı dövrlə Naxçıvanın yarandığı dövr arasında tarixi yaxınlıq olduğunu əsas götürüb, ümumdünya daşqınının Naxçıvan ərazisini də əhatə etdiyini və Nuh peyğəmbərin məhz bu ərazidə quruya salamat çıxdığını güman etmək mümkündür. Qədim dövrlərdən Naxçıvan əhalisi arasında yayılan rəvayətə görə, təxminən 7500 il bundan əvvəl baş vermiş ümumdünya daşqını zamanı Nuh və ona iman gətirənlərin mindiyi gəmi ilk dəfə Naxçıvanda quruya çıxmış və insanlar burada məskən salmışlar. Beləliklə, yeni nəsil buradan törəyərək artmış, təşəkkül tapmışdır...Xalq arasında yayılmış və bu gün də mövcud olan inama görə, Naxçıvan şəhərinin cənubunda Nuhun,  şimal qərbində isə bacısının qəbri vardır...”.
Naxçıvan adının və şəhərinin Nuhla bağlı olması haqqında  yəhudi alimi İosif Flavi (e.ə.I əsr), yunan alimi Klavdi Ptolomey (eranın II əsri), ərəb alimi Əl-Əşrəfi (XVI əsr), fransız səyyahları Jan Batist Tavernye (XVII əsr) və Dyübüa De-Manpere, rus tədqiqatçıları V.Qriqoryev, İ.Şopen, K.A.Nikitin (XIX əsr), V.M.Sısoyev, İ.M.Dyakonov, K.N.Smirnov (XX əsr) və b. məlumatlar vermişlər [Hacıyev İ.,2010, s.44-54; Həbibbəyli İ.,2010, s.55-68].
Bir fakta nəzər salaq. XIX əsrin ikinci yarısında Naxçıvan məktəbində işləmiş maarifçi K.A.Nikitin “Naxçıvan şəhəri və Naxçıvan mahalı” adlı əsərində Nuhun və bacısının məzarının Naxçıvanda, Nuhun arvadı Nuhqarın (Nuhun qarısı A.S.) məzarının isə Mərənddə olduğunu yazır. “O, öz ailəsi ilə burada qərar tutdu. Və gələcək şəhərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir” [Nikitin K.A., 1882, s.110-111].
1934-cü ildə Naxçıvanda olmuş  K.N.Smirnov yazır ki:“...Naxçıvan arxiv sənədlərindəki məlumatlarda bu qəbrin yaşının 4900 il olması faktı o qədər də inandırıcı görünmür...” [Смирнов К.Н. 1999, с.99]. Dövrə baxdıqda əlavə şərhə ehtiyac qalmır.
Əshabi-Kəhf ziyarətgahı isə Naxçıvanda ən qədim, müqəddəs yerlərdən biri və birincisidir. Naxçıvan şəhərindən şərq tərəfdə, keçmiş Haçaparaq kəndi yaxınlığında yerləşən bu ziyarətgah hələ ibtidai icma cəmiyyətində qədim insanların yaşayış yeri olub. Sonradan qədim türklərin tək Tanrıya inamlarının ifadəçisi kimi müqəddəs ocağa çevrilən, Qurani-Kərimin Əl-Kəhf (“Mağara”“) surəsinin 9-26-cı ayələrində [Qurani-Kərim., s.358-361] təfsilatı verilən bu ziyarətgahın tarixi eramızdan cox əvvəllərə gedir [Qədirzadə H.Q., 2002; Əshabi-Kəhf, 2004].
Akademik İ.Həbibbəylinin göstərdiyi kimi, tədqiqatçılar uzun müddət Naxçıvan şəhərinin 3500 illik yubileyi ətrafında müzakirələr aparsalar da, bu məsələ nəticəsiz qalmışdır [Həbibbəyli İ., 2007, s.20].  Şəhərin əsasının eramızdan əvvəl 1539-cu ildə qoyulması haqqında olan yazılardan  [Брокгаузъ Ф., Ефронъ И., 1897. s.704] bir əsrdən artıq vaxt keçir. Bu məsələ bir də ona görə öz təsdiqini tapmamışdır ki, Naxçıvan şəhərinin tarixi göstəriləndən daha qədimdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun qeyd etdiyi kimi: “...Səbəb o idi ki, Naxçıvan şəhərinin yaşı ilə bağlı araşdırmalar lazım olan yerdə aparılmamış, Naxçıvan şəhərinin Nuh peyğəmbərlə bağlılığı elmi tədqiqatlardan kənarda qalmışdır...Eneolit, Kür-Araz və boyalı qablar mədəniyyətinin əsas ocaqları Naxçıvandadır. Bu, bir daha sübut edir ki, minilliklər boyu Naxçıvan ərazisində ardıcıl və intensiv həyat olmuş, e.ə.V-III minilliklərdə burada məskunlaşmış insanların iqtisadi, ictimai və mədəni həyatında ciddi dəyişikliklər baş vermiş, iri tayfa ittifaqları meydana gəlmiş, Naxçıvan şəhəri yaranmışdır...” [Talıbov V.,2010, s.14].
AMEA-nın müxbir üzvü, t.e.d.professor Y.Mahmudov qeyd edir ki: “...Naxçıvanın e.ə.1539-cu ildən şəhər kimi mövcud olduğu...rəqəm hələ bizə qarşı olan saxtalaşdirici fikirlərin kökündə dayanan məlumatdır...cox arxayınlıqla əlimizi ürəyimizin üstünə qoyub, elmi həqiqəti etiraf edə bilərik, Naxçıvanın 5000 illiyini, özü də ən azı 5000 illiyini qeyd edə bilərik!...”[Mahmudov Y., 2010, s.23].
Yazılı mənbələrə əsaslanan tədqiqatçılar göstərirlər ki, hələ e.ə. IX əsrdə - yəni 3000 min əvvəl Naxçıvan ərazisi Manna dövlətinin tərkibinə daxil olmuş və müxtəlif vaxtlarda qonşu urartuluların hücumlarına məruz qalmışdır. Urartu çarları İşpuini və onun oğlu Menuanın (e.ə.820-810-cu illər) İlanlıdağ qayalarında olan mixi yazısında oxuyuruq: - onlar “...Arsinie şəhərinin ölkəsini zəbt etdilər, İş(... şəhərinin) ölkəsini, Arsikua şəhərinin ölkəsini, Ayanianu şəhərinin ölkəsini zəbt etdilər, dağıtdılar...”[Qaşqay S.2006, s.56]. Ola bilsin ki, bu adları çəkilən şəhərlərdən biri də həmin dövrdə urartulular tərəfindən bu cür adlandırılan Naxçıvan şəhəri olmuşdur. Şəhərin dağıdılmasını isə onlar Naxçıvanın ən əzəmətli, vüqarlı dağı, simvolu sayılan İlanlıdağa həkk etmişlər.
Urartululara məxsus ikinci mixi yazı e.ə.VIII minilliyə aid olub, Naxçıvanın şimalında - Zəngəzur ərazisində aşkar edilmişdir. II Argiştiyə məxsus bu yazıda isə Suluku vilayəti və Amusa şəhərinin adı çəkilir [Qaşqay S. 2006, s.57].
Sonrakı dövrlərdə “Naxçıvan ərazisi uzun əsrlər ərzində bir-birini əvəz edən Manna, Midiya, Əhəmənilər imperiyası, Atropatena, Parfiya, Sasanilər və b. dövlətlərin tərkibində olmuş və həmin dövlətlərin inkişaf etmiş vilayətlərindən birini təşkil etmişdir. Naxçıvan qədim zamanlardan bu günə kimi müxtəlif dövrlərdə böyük dövlətlərin təsiri altında olduqda da belə, Azərbaycanın ayrılmaz tərkib hissəsini təşkil etmişdir” [Hacıyev İ.2006,s.33].
Yuxarıda sadalananların sayını artırmıq da olar. Göstərilən faktlar bir daha sübüt edir ki, Naxçıvan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olmuş, e.ə.III minillikdə burada ilkin şəhər mədəniyyəti meydana çıxmışdır.

Ə D Ə B İ Y Y A T

1.    Talıbov V. “Nuh peyğəmbər: Dünya tufanı və Naxçıvan” mövzusunda keçirilən beynəlxalq simpoziumun materialları (24-25 aprel, 2009-cu il)., Kitab: Nuh Peyğəmbər, Dünya Tufanı və Naxçıvan., Naxçıvan, 2010.
2.    Агаев Г.Г. Шахтахты в эпоху поздней бронзы и раннего железа., Баку-Москва, 2002.
3.    Baxşəliyev V.B., Seyidov A.Q. Naxçıvanın qədim tarixi. Bakı,1995, 62 s.
4.    Baxşəliyev V., Novruzov Z. Sirabda arxeoloji araşdırmalar., Bakı, 2010.
5.    Baxşəliyev V.,Ristvet L.,Gopnik H.,Aşurov S. Naxçıvanda arxeoloji tədqiqatlar. Naxçıvan, 2010.
6.    Брокгаузъ Ф., Ефронъ И., Энциклопедический словарь, том ХХ а, (40), 1897.
7.    Qaşqay S. Naxçıvanın e.ə. 1 minilliyin birinci yarısında qonşu ölkələrlə əlaqələri. Naxçıvan: tarixi gerçəklik,müasir durum, inkişafperspektivləri. Naxçıvan, 2006.
8.    Qurani-Kərim (Z.M.Bünyadov və V.M.Məmmədəliyevin tərcüməsi), Bakı.
9.    Qədirzadə H.Q. Əshabi Kəhf: Müqəddəslik, tarixilik və inancların genezisi.  Bakı, 2002.
10.    Mahmudov Y.M. Dünya tarixində Naxçıvan: Yer kürəsində həyatın başlandığı yer., (“Nuh peyğəmbər: Dünya tufanı və Naxçıvan” mövzusunda keçirilən beynəlxalq simpoziumunmaterialları, 24-25 aprel, 2009-cu il)., Kitab: Nuh Peyğəmbər, Dünya Tufanı və Naxçıvan., Naxçıvan, 2010.
11.    Əliyev V.H.Azərbaycanda tunc dövrünün boyalı qablar mədəniyyəti, Bakı, 1977.
12.    Əliyev V. H. Qədim Naxçıvan, Bakı, 1979.
13.    Əshabi Kəhf. Tanrı hüzuruna gedən yol. Bakı, 2004.
14.    Никитин К.А. Городь Нахичевань и Нахичеванский уезд. СМОМПК, Тифлис, 1882.
15.    Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края. Баку, Озан, 1999.
16.    Чисхольм Дж. Иллюстрированный атлас мировой истории. Челябинск, Урал ЛТД, 1999.
17.    Hacıyev İ. Tarixi mənbələr Naxçıvan şəhərindəki Nuh  türbəsi haqqında., Kitab: Nuh Peyğəmbər, Dünya Tufanı və Naxçıvan., Naxçıvan, 2010, s.44-54.
18.    Hacıyev İ. Ermənilərin Naxçıvana qarşı ərazi iddialarının əsassızlığı və tarixi həqiqətlər. Naxçıvan: tarixi gerçəklik,müasir durum, inkişaf perspektivləri. Naxçıvan, 2006.
19.    Həbibbəyli İ. Naxçıvan şəhərinin yaşı-beş min il., Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik. Naxçıvan, 2007.
20.    Həbibbəyli İ. Nuh peyğəmbər və dünya tufanı., Kitab: Nuh Peyğəmbər, Dünya Tufanı və Naxçıvan., Naxçıvan, 2010, s.55-68.
21.    Həbibullayev O.H. Kültəpədə arxeoloji qazıntılar. Bakı, 1959.
22.    İbrahimov B.  Azərbaycanda arxeoloji tədqiqatlar. Bakı, 2010.

Saytdakı yeriniz: Əsas səhifə
Yuxarı qayıt