İlhami Əliyev. Səfəvi dövrü mənbələri Naxçıvan şəhərinin yaranma tarixi haqqinda.

İLHAMİ ƏLİYEV
AMEA Naxçıvan Bölməsi
Email: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

 

SƏFƏVİ DÖVRÜ MƏNBƏLƏRİ NAXÇIVAN ŞƏHƏRİNİN YARANMA TARİXİ HAQQINDA

 

Bu gün Naxçıvan tarixinin öyrənilməsi sahəsində gündəmdə duran əsas məsələlərdən biri Naxçıvan şəhərinin yaranma tarixinin dəqiq və geniş şəkildə tədqiq edilməsi və elmi ictimaiyyətə çatdırılmasıdır. Bu sahədə indiyədək xeyli araşdırmalar aparılmış və şəhərin qədim tarixə malik olması öz təsdiqini tapmışdır. Yeni tədqiqatların aparılmasının əsas səbəbləri isə bu gün bu qədim Azərbaycan şəhərinə qarşı əsassız erməni iddialarının olması və buranın insanlığın ilk yarandığı coğrafi məkanlardan biri kimi dünyaya maraqlı olmasıdır.

Qeyd etdiyimiz kimi şəhərin meydana gəlməsi haqqında indiyədək xeyli tədqiqat işləri görülmüşdür. İnqilaba qədər, Sovet dövrü və müstəqillik illərində bu sahədə bir sıra elmi tədqiqatlar aparılmışdır (7, s. 14-19). XIX yüzilliyə aid ədəbiyyat materiallarında göstərilir ki, Naxçıvan şəhərinin əsası e.ə. 1539-cu ildə qoyulmuşdur (15, s. 113). Ancaq XX yüzilliyin sonlarından başlayaraq, xüsusilə, müstəqillik illərində dərindən aparılmış arxeoloji, etnoqrafik və tarixi tədqiqatlar nəticəsində sübut edilmişdir ki, Naxçıvanda ilkin şəhər mədəniyyəti təxminən 5 min il bundan əvvəl meydana gəlmişdir (5, s. 67). Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü V. Əliyevin fikrincə eramızdan əvvəl XXIII-XIV əsrlərdə Naxçıvan ərazisində erkən şəhər mədəniyyəti mərkəzləri meydana gəlmiş və qədim Naxçıvan şəhəri 4 min il bundan əvvəl yaranmışdır (12, s. 6). Şəhərin tarixinin belə qədim olması şübhəsizdir. Son illərdə aparılan arxeoloji araşdırmaların nəticələri bunu deməyə əsas verir. AMEA-nın müxbir üzvü, t.e.d. V.Baxşəliyev bu haqda yazır: “Naxçıvan şəhəri e.ə. III-II minilliklərdə təşəkkül tapan qədim şəhər mədəniyyətinin ən mühüm mərkəzlərindən biri olmuşdur” (2, s. 5; 1, s. 100). Təbii ki, bu fikirlər dəfələrlə aparılmış arxeoloji qazıntılar (3, s. 7-106) nəticəsində əldə olunmuşdur.
Göründüyü kimi bu sahədə arxeoloji, etnoqrafik və tarixi araşdırmalar bir sıra yeniliklərin əldə olunmasına yol açmışdır. Haqqnıda bəhs etdiyimiz Səfəvi dövrü mənbələri XVI-XVIII əsrin əvvəllərində yaşamış E.Çələbi, J.Şarden, J.B.Tavernye, Əl-Əşrəfi və s. bir sıra digər müəlliflərin əsərləridir ki, həmin əsərlərdə onlar Naxçıvan şəhərinin yaranma tarixindən bəhs etmişlər. Qeyd edək ki, bu müəlliflərin hamısı eyni fikirdə olmamışdır.
1647-ci ildə Səfəvi torpaqlarını gəzmiş türk səyyahı E.Çələbi Naxçıvan şəhərini təsvir edərkən qeyd etmişdir ki, bu şəhəri qədim zamanda şah Əfrasiyab bina etdirmişdir (4, s. 11). İranlıların qədim tarixinə görə şah Əfrasiyab Firudinin üç oğlundan biri olan Turanın nəvəsi olmuşdur. O, Turan ölkəsinin böyük hökmdarlarından biri idi. Bir zaman İranı işğal edərək 12 il oranı idarə etmişdir.  (8, s. 13). Qədim yunan müəllifləri isə Əfrasiyabı Astiyaq (e.ə. 585-550) adı ilə qeyd etmişlər (7, s. 21). Tarixdən məlumdur ki, Astiyaq Midiya dövlətinin son hökmdarı olmuşdur. Deməli E.Çələbinin fikrincə şəhər e.ə. VI əsrdə salınmışdır.
Naxçıvan şəhərinin yaranması haqqında XVII əsrin ikinci yarısında Şərqə səyahət etmiş fransız səyyahı J.Şardenin qeydləri daha genişdir. Səfəvilər dövləti ərazisində iki dəfə, 1664-1670 və 1671-1677-ci illərdə olmuş səyyah ikinci səfəri zamanı, 1673-cü ilin yazında yolüstü bir gün (12 aprel tarixində) Naxçıvan şəhərində olmuşdur. Bu zaman o, öz qeydlərində şəhəri təsvir edərək, buranın meydana gəlməsi ilə bağlı iki fərqli fikir göstərmişdir. Birinci mülahizəsində J.Şarden şəhərin İran şahı Bəhram Çubin tərəfindən salındığını qeyd etmişdir (11, s. 63). İkincidə isə o, böyük tufandan sonra Nuh peyğəmbərin burada məskən salaraq, şəhəri inşa etdirdiyini qeyd etmişdir (11, s. 64). Müəllif birinci fikrini “Fərhənge anzerac” əsərinə istinadən verə bilər. Belə ki, orada göstərilir ki, Naxçıvan beşinci iqlim şəhərlərindəndir. O, Azərbaycandadır, Bəhram Sasani tərəfindən inşa etdirilən şəhərlərdəndir (7, s. 21). Sasani hökmdarlarından biri olmuş Bəhram Çubin 590-591-ci illərdə dövləti idarə etmişdir. J.Şardenin bu fikri onu göstərir ki, guya Naxçıvan şəhəri bizim eranın VI əsrində salınmışdır. Halbuki hələ I əsrdə yaşamış yəhudi tarixçisi Yosif Flavi Naxçıvan şəhərindən bəhs etmişdir. Qeyd etmək lazımdır ki, Naxçıvan şəhərinin Bəhram Çubin tərəfindən salınması fikrini J.Şardendən xeyli əvvəl yaşamış Həmdullah Qəzvini (1280-1349) də göstərmişdir (14, s. 51). Bu isə onu deməyə əsas verir ki, J.Şarden şəhərin yaranması ilə bağlı birinci mülahizəsini H.Qəzvininyə istinadən də verə bilər. Burada bir məsələnin üzərində dayanmaq istərdik ki, orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan (531-579) tərəfindən eramızın VI əsrində inşa edilmişdir (8, s. 13). Hətta Yaqut əl-Həməvi “Mucəm əl-Buldan” əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçuvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir (13, s. 21). Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir (13, s. 14-15). Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər. Lakin onlar inşa tarixini Bəhram Çubinin vaxtında deyil, ondan əvvəl hakimiyyətdə olmuş I Xosrov Ənuşirəvanın hakimiyyəti zamanı olduğunu göstərmişlər. Naxçıvan və digər Azərbaycan şəhərlərinin VI əsrdə salınması mülahizəsi həmin vaxt bu şəhərlərin hərbi-strateji mövqeyinə görə Sasani hökmdarları tərəfindən möhkəmləndirilməsi və abadlaşdırılması ilə bağlı ola bilər.  
J.Şarden Naxçıvan şəhərinin yaranması ilə bağlı ikinci fikrindən, yəni Nuh peyğəmbərin Naxçıvan şəhərinin əsasını qoyması mülahizəsidən bəhs edərkən göstərmişdir ki, bu fikir şəhərin qədimliyini daha da artırır. Hətta ikinci fikrini qeyd edərkən o eramızın II əsrində yaşamış yunan coğrafiyaşünası Ptolomeyi də xatırlamış və bildirmişdir ki, “Ptolemey bu yerdə bir şəhərin adını çəkir, onu Naqzuan adlandırır ki, bu da Naxçıvan ola bilərdi” (11, s. 64). Yəni müəllif yunan coğrafiyaşünasın fikrinə tam əmin olmasa da, bu fikri ilə əvvəlkini təkzib etmişdir.
Naxçıvan şəhərinin yaranma tarixi haqqında bu dövrün digər bir fransız səyyahı Jan Batist Tavernye də bəhs etmişdir. J.B.Tavernye Qərb ölkələrini gəzdikdən sonra XVII əsrin 30-60-cı illərində dəfələrlə Şərq ölkələrinə, o cümlədən Azərbaycana səfər etmiş, 1664-cü ildə Naxçıvanda olmuşdur. Şəhərdən bəhs edərkən onun dünyanın ən qədim şəhərlərindən biri olduğunu göstərmiş, Nuh gəmisinin yan aldığı dağın 3 livliyində salındığını qeyd etmişdir. Şəhəri gəzərkən orada qədim abidələrin arasında möhtəşəm bir məscid binasının qalıqlarını görmüş, ona məlumat vermişlər ki, bu məscid vaxtilə Nuh peyğəmbərin qəbrinə yadigar olaraq tikdirilmişdir (10, s. 88-90). Qeyd edək ki, səyyahın bəhs etdiyi kimi vaxtilə “Asiyanın ən yaxşı və görkəmli məscidlərindən biri” olmuş bu dini memarlıq abidəsi XII əsrdə Əcəmi Naxçıvani tərəfindən Atabəylər memarlıq kompleksi sahəsində inşa edilmiş Came məscidi olmuşdur.
XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi nəinki Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin qalıqlarının da Naxçıvanda olması barədə ətraflı məlumat vermişdir (6, s. 9).
Göründüyü kimi Səfəvi dövrü müəlliflərinin Naxçıvan şəhərinin salınması haqqında qeydləri müxtəlif olmuşdur. E.Çələbiyə görə şəhər e.ə. VI əsrdə, J.Şardenin iki mülahizəsindən birində bizim eranın VI əsrində, digər müəlliflərin, eləcə də, J.Şardenin ikinci fikrində Naxçıvanın Nuh peyğəmbər tərəfindən inşa edilməsi göstərilmişdir. Yəni bu müəlliflərin çoxu Naxçıvan şəhərinin Nuh peyğəmbər tərəfindən salınmasını bildirmişlər. Bunun səbəbi isə o dövrdə şəhər haqqında məlumatın yazılı mənbələrdən və xalqın dilindən toplanması idi. Yəni o zaman arxeoloji tədqiqatlar aparılmadığından həmin sahəyə diqqət də olmamışdır. Amma istər bəhs edilən dövr, istərsə də ondan əvvəl və sonrakı yüzilliklərdə yaşamış və şəhər haqqında məlumat vermiş müəlliflərin əksəriyyəti bu qədim Azərbaycan şəhərinin yaranma tarixini Nuh tufanından sonraya aid olduğunu göstərmişlər. Ayrı-ayrı müəlifflərin şəhərin Nuh peyğəmbər tərəfindən salınması mülahizəsini göstərməsinin əsas səbəbi Nuh peyğəmbərin qəbrinin burada olması olmuşdur. Təbii ki, maddi sübut məsələnin əsaslandırılmasında mühüm rol oynamışdır.
Bildiyimiz kimi Naxçıvan şəhəri hələ qədimdən öz gözəlliyi və böyüklüyü ilə dünyada tanınmışdır. Bura gələn səyyahlar, tacirlər, sənətkarlar və başqa əcnəbi sənət sahibləri təbii ki, şəhərin yaranma tarixini öyrənirdilər. Bu zaman yerli əhali onlara şəhərin Nuh peyğəmbər tərəfindən salındığını bildirirdi. Məlumdur ki, orta əsrlərdə, o cümlədən də, Səfəvilər dövründə xarici ölkələrə səfər edənlərin çoxu ağıllı və savadlı adamlar olduğundan onlar verilən məlumatları müəyyən qədər araşdırırdılar. Naxçıvan şəhərinin yaranmasını təsdiqləyən əsas mənbə Nuh peyğəmbərin qəbri aşkar şəkildə göründüyündən bu məsələnin həllini asanlaşdırırdı. Deməli bəhs edilən dövr müəlliflərinin şəhərin tarixi haqqında fikirləri heçdən yaranmamışdı.
Digər tərəfdən başqa tarixlərlə müqayisədə Naxçıvan şəhərinin Nuh tufanından sonra salınması bu gün öz elmi təsdiqini tapmaqdadır. Tarixi mənbələrdə dünya tufanının ən azı 7500 il bundan əvvəl baş verdiyi qeyd olunur (6, s. 52; 9, s. 16). Naxçıvan da bu dövrdən etibarən yaşayış məskəni kimi seçilmiş, əlverişli təbii-coğrafi şəraiti burada əkinçiliyin, maldarlığın, sənətkarlığın müxtəlif sahələrinin inkişafına səbəb olmuş, ticarət əlaqələri yaranmışdır. Göstərilən şərtlər erkən şəhər mədəniyyətinin formalaşmasında əsas amillərdən hesab edildiyindən Naxçıvanın 5 min il bundan əvvəl şəhər kimi formalaşmağa başladığını söyləmək mümkündür.

      ƏDƏBİYYAT

1.    Baxşəliyev V.B. Arxeoloji abidələrin və tarixi mənbələrin araşdırılması erməni iddialarının əleyhinədir // AMEA Naxçıvan bölməsinin Xəbərləri. 2010, № 1, s. 96-103.
2.    Baxşəliyev V.B. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008, 304 s.
3.    Baxşəliyev V., Ristvet L., Gornik H., Aşurov S. Naxçıvanda arxeoloji tədqiqatlar (II Kültəpə, I Maxta Kültəpəsi, Oğlanqala və digər abidələrdə aparılan tədqiqatların ilkin nəticələri). Naxçıvan: Əcəmi, 2010, 119 s.
4.    Evliya Ç. Səyahətnamə (Azərbaycan tarixinə aid seçmələr). Türk dilindən işləyəni və şərhlərin müəllifi tarix elmləri doktoru S. Onullahi. Bakı: Azərnəşr, 1997, 92s.
5.    Həbibəyli İ. Nuh peyğəmbər və dünya tufanı toplusu. Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan (24-25 aprel 2009-cu ildə keçirilmiş beynəlxalq simpoziumun materialları) / Naxçıvan: Əcəmi, 2010, s. 55-69
6.    Qədirzadə H.Q. Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan. Naxçıvan: Qızıl Dağ, 2008, 192 s.
7.    Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı. Elm, 1977, 158 s.
8.    Məmmədov R. Yaxın Şərq və Qərbi Avropa səyyahları Naxçıvan şəhərinin orta əsrlər tarixi haqqında // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri (İctimai elmlər seriyası). 1962, № 4, s. 11-22
9.    “Nuh Peyğəmbər: Dünya tufanı və Naxçıvan” mövzusunda keçirilən beynəlxalq simpoziumda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun Çıxışı. Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan / Naxçıvan: Əcəmi, 2010, s. 10-17
10.    Onullahi S.M. Jan Battist Tavernye Naxçıvan haqqında // Bakı Universiteti Xəbərləri, 1999, № 3, s. 87-93.
11.    Şardən J. Səyahətnamə. Fransız dilindən tərcümə edəni Vaqif Aslanov. Bakı: Elm, 1994, 96 s.
12.    Алиев В. Нахчыван – центр раннегородской культуры Азербайджана // İRS-Наследие. 2007, № 3 (27), с. 4-6.
13.    Йакут ал-Хамави. Муджам ал-булдан (материалы по Азербайджану). http://www.vostlit.info/Texts/rus/Jakut/frametext.htm
14.    Казвини Х. Нузхат ал-Кулуб: (материалы по Азербайджану). Баку: Элм, 1983. http://www.vostlit.info/Texts/rus/Kazvini_Chamdallach/frametext1.htm
15.    Никитин К.А. Гор. Нахичевань и нахичеванский уезд. / СМОМПК (сборник материалов для описания местностей и племен Кавказа). Том II. Тифлис: Издание Управления Кавказского Учебного Округа, 1882, с. 109-142.

Saytdakı yeriniz: Əsas səhifə
Yuxarı qayıt