Maisə Xanım Rəhimova. Azərbaycanın arxeoloji tədqiqatlarında Naxçıvan abidələrinin yeri.

 

Maisə xanım Rəhimova

 AZƏRBAYCANIN ARXEOLOJİ TƏDQİQATLARINDA NAXÇIVAN ABİDƏLƏRİNİN YERİ

 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarı tarixi və arxeoloji abidələrlə zəngindir. Daş dövrünə aid qədim insan düşərgələri, neolitdən son tunc dövrünə qədər tarixi-mədəni inkişafin öyrənilməsində etalon abidələr sayılan qədim yaşayış yerləri, şəhər yerlərinin  müdafiə tikililəri və memorial abidələr tariximizin bütün dövrlərinin öyrənilməsi üçün əvəzolunmaz informasiya mənbəyidir.


Muxtar Respublikanın Şərur rayonunun Tənənəm kəndi yaxınlığında aşkar edilmiş və hazırda arxeoloji tədqiqat işləri aparılan Qədim daş dovrünə aid Qazma mağarası, Ordubad rayonunun Kilit kəndi yaxınlığında yerləşən qədim insan düşərgəsi 70.000 – 60.000 min il bundan əvvəl Naxçıvan ərazisində insanların yaşadığını və fəaliyyət göstərdiyini sübut edir. Mağara düşərgəsindən əldə edilən alətlər və paleontoloji qalıqlar Naxçıvanın qədim daş dövrü sakinlərinin bu düşərgələrdə uzun müddət yaşadıqlarını, ovçuluq və yığıcılıqla məşğul olduqlarını göstərir.
Azərbaycan arxeologiyasının olduqca çətin və həlli vacib olan problemlərindən biri eneolit və ilk tunc dövrləri arasında mədəni varislik problemlərinin öyrənilməsidir. Uzun illərdir ki, bu məsələnin həlli tədqiqatçılar arasında həmişə mübahisə mövzusu olaraq qalır. Naxçıvan ərazisində yerləşən Ovçular təpəsi, Maxta, Xələc və Plovdağ abidələrində aparılan son arxeoloji tədqiqatlar bu problemin həllinə müəyyən aydınlıq gətirmişdir. Bu abidələrdə aşkar edilmiş arxeoloji tapıntılar, xüsusilə keramika məmulatı eneolit dövründən ilk tunc dövrünə keçidin bütün əlamətlərini özündə əks etdirir. Aparılan son tədqiqatlar sübut edir ki, e.ə.IV-III minilliklərdə Şimali Qafqazdan Suriya Fələstinədək geniş bir ərazidə yayılmış Kür-Araz mədəniyyətinin ilkin vətəni məhz Naxçıvan-Azərbaycan ərazisidir.
Naxçıvan diyarı təbii-coğrafi mövqeyinə görə tarixin bütün dövrlərində Yaxın Şərqdə və Ön Asiyada gedən siyasi-mədəni proseslərdə yaxından iştirak etmiş və şimal regionları ilə əlaqələr bilavasitə körpü rolunu oynamışdır.
I və II Kültəpə yaşayış yerlərində, Ovçular təpəsi, I Maxta və Plovdağ abidələrində aparılan arxeoloji tədqiqatlar Naxçıvan ərazisində urbanizasiya prosesinin çox erkən başlandığını və artıq orta tunc dövründə güclü müdafiə sisteminə malik şəhərlərin mövcud olduğunu təsdiq edir. Naxçıvan şəhərləri heç də bir tarixdə, bir gündə salınmamış, qədim yaşayış məskənlərinin tədricən inkişaf edib genişlənməsi nəticəsində yaranmışdır. Bu şəhərlərin yaranmasını bol sulu dağ çaylarının Araza töküldüyü dağətəyi və düzənlik ərazilərin əlverişli təbii-coğrafi şərati şərtləndirmişdir. Xüsusilə, Naxçıvan çayın mənsəbində - Naxçıvan şəhəri və ətraf ərazilərdə aşkar edilmiş və öyrənilmiş I və II Kültəpə yaşayış yerləri, Sirab, Nəhəcir, Meydantəpə, Abbasabad və Köhə qala abidələri bu ərazidə uzun müddət və fasiləsiz yaşayışın olduğunu sübut edir. Analoji proseslər bol sulu Arpa çayı və Gilan çay vadilərində də getmişdir.     
Kəngərli rayonunda Şahtaxtı, Şərur rayonunda Oğlanqala və Ordubad rayonunda Sumbatan-dizə qədim şəhər yerlərində aparılan arxeoloji qazıntılar artıq e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində  qədim Naxçıvan şəhərlərinin siklopik müdafiə divarları ilə əhatə olunduqlarını göstərir. Oğlanqalada Beynəlxalq arxeoloji ekspedisiyanın apardığı arxeoloji tədqiqatlar erkən şəhər mədəniyyətinə xas olan bütün strukturların aşkar edilməsi ilə nəticələnmişdir. Oğlanqala tədqiqatları təsdiq edir ki,  e.ə. I minilliyin əvvəllərində Ön Asiyada Assuriya, Urartu kimi dövlətlərin mövcud olduğu dövrdə Naxçıvan ərazisində yaşamış insanlar vahid mərkəzlər ətrafında sıx birləşmiş və onların Azərbaycana olan işğalçı yürüşlərinin qarşısı məhz burada alınmışdır.
Sumbatan-Dizə şəhər yerində qədim məbəd qalıqlarının arxeoloji tədqiqi Naxçıvanın qədim şəhərlərinin inzibati, iqtisadi, mədəni və eyni zamanda dini mərkəz olduğunu bir daha təsdiq etdi.
Meydantəpə antik dövr şəhər yerində aparılan arxeoloji qazıntılar nəticəsində qədim şəhərlərin dəfələrlə dağıntıya məruz qalıb tənəzzül dövrü keçirdiyini və qısa müddətdən sonra yenidən bərpa olunaraq çiçəkləndiyini müəyyən etmək mümkün olmuşdur.
Naxçıvanda arxeoloji tədqiqatlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu ilə birgə aparılır. Bu tədqiqatların nəticəsində İnstitumuzun və Bölmənin əməkdaşlarınin ayrı-ayrı və müştərək monoqrafiyaları nəşr olunmuş, elmi məqalələr yazılmış, mühüm nəticələr və elmi yeniliklər beynəlxalq elmi konfranslarda mütəxəssislərin diqqətinə çatdırılmlşdır.
Ulu Öndər Heydər Əliyev Naxçılvan tarixinin, Naxçıvan abidələrinin öyrənilməsinə xüsusi əhəmiyyət verirərək qeyd etmişdir ki, Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Möhtərəm Prezidentimiz, Cənab İlham Əliyev Naxçıvan tarixinin öyrənilməsinin mühüm elmi və siyasi əhəmiyyəti haqqında demişdir: “Naxçıvan tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlididr”.
İcazə verin, tarixi əhəmiyyətli mühüm bir faktı xüsusilə qeyd edim. Bu, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin çox hörmətli Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı və onun yerinə yetirilməsi sayəsində 2008-ci ildə çapdan çıxmış, zəngin foto-materiallarla, sxem və xəritələrlə təchiz olunmuş 600-ə yaxın dolğun elmi məqalənin  nəşr olunduğu Naxçıvan abidələri ensiklopediyasıdır. Bu ensiklopediya Naxçıvan tarixini saxtalaşdıranlara ən layiqli cavabdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 5 fevral 2008-ci il Sərəncamı Azərbaycan arxeologiyasının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Arxeoloji qazıntıların maliyyə vəsaiti ilə təmin olunması, İnstitutun maddi-texniki bazasının gücləndirilməsi Prezidentin daim diqqət mərkəzindədir. Bunlar Azərbaycan arxeologiyasına, abidələrimizin tədqiqinə və mədəni irsimizə göstərilən ən böyük diqqət və qayğının təzahürüdür. Arxeologiya elminə verilən bu yüksək qiymət İnstitumuzun qarşısında mühüm və ciddi vəzifələr qoymuşdur.  Arxeoloji tədqiqatların miqyası genişləndirilmiş, Azərbaycan tarixi problemlərinin həlli üçün öyrənilməsi vacib olan bir qrup müxtəlif dövrlərə aid abidə tədqiqata cəlb edilmişdir. Azərbaycan arxeologiyası son bir neçə ildə neolit və eneolit dövrünə aid abidələrin tədqiqi, paleometal dövründə iqtisadi-mədəni inkişaf, erkən əkinçiliyin və maldarlığın yaranması və inkişafı, arxeoloji mədəniyyətlərin yaranması və yayılması, qədim miqrasiya prosesləri, ilkin şəhər mədəniyyətinin formalaşması və başqa sahələrdə çox mühüm nailiyyətlər əldə etmişdir. İnstitutumuzun apardığı arxeoloji tədqiqatlarda Naxçıvan abidələrinin öyrənilməsi ən önəmli yerlərdən birini tutur. Artıq üç ildir ki, Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatların nəticələri toplum şəkilində nəşr edilir, Azərbaycan arxeologiyasının yeni nailiyyətləri elmi dövriyyəyə çıxarılır. Bu toplumda AMEA Naxçıvan Bölməsinin və  Naxçıvan Dövlət Universitetinin arxeoloji tədqiqatlarda iştirak etmiş əməkdaşları bərabərhüquqlu müəllif kimi çıxış edirlər.
Biz, Hörmətli Prezidentimiz, Cənab İlham Əliyevin Azərbaycan tarixi və arxeologiyasına aid çıxış və Sərəncamlarından irəli gələn vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. İcazə verin, Naxçıvan ərazisində aparılan arxeoloji tədqiqatlara çox böyük köməyinə, diqqət və qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Hörmətli Vasif Talıbov cənablarına, AMEA-nın Naxçıvan bölməsinə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarının qədim tarixinin və mədəniyyətinin öyrənilməsində göstərdiyimiz birgə səylər öz töhfəsini verir və bundan sonra da verəcəkdir.

Saytdakı yeriniz: Əsas səhifə
Yuxarı qayıt