Beynəlxalq simpozium elmi fikir tarixində mühüm əhəmiyyətə malikdir
Son illərdə Naxçıvan tarixinin öyrənilməsinə, əsaslı tədqiq edilməsinə xüsusi diqqət yetirilir, bu sahədə mühüm işlər görülür. Belə tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2011-ci il iyunun 7-də ”Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” Sərəncam imzalamış, iyul ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində sərəncamın icra vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmiş, simpoziuma hazırlıq işləri qısa zamanda və yüksək səviyyədə aparılmışdır. Bu ayın 21-də isə Beynəlxalq Simpoziumun açılışı olmuşdur. Bu möhtəşəm elmi forumda Azərbaycandan, eləcə də dünyanın bir sıra ölkələrindən tarixçi alimlər iştirak edirlər. Bu tədbirə qatılan bir neçə elm adamı ilə görüşüb həmsöhbət olduq, onların fikirlərini öyrəndik.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev:
–İlk olaraq qeyd etmək istərdim ki, bu simpozium məndə doğrudan da böyük ruh yüksəkliyi yaratdı. Bura dünyanın müxtəlif xalqlarının, ölkələrinin nümayəndələri gəlib. Türkiyədən, Ukraynadan, Fransadan, Amerika Birləşmiş Ştatlarından, İran İslam Respublikasından, Azərbaycandan, eləcə də Naxçıvan Muxtar Respublikasından çox görkəmli elm adamları, ziyalılar Naxçıvan elminin işığına toplanıb. Bu alimlərin simpoziumda qədim tariximizi, ilk yaşayış və şəhərsalma yeri kimi Naxçıvanda şəhər mədəniyyətinin ortaya çıxması dövrünü müzakirə etməsi çox önəmli məsələdir. Ona görə ki, bu simpoziumda regional deyil, qlobal bir məsələ müzakirə olunur. Buradan alınan nəticənin bütövlükdə dünya tarixinə öz töhfəsini verəcəyinə əminəm. Qeyd etmək lazımdır ki, 1996-cı ilə qədər Naxçıvan barədə 40-a yaxın kitab nəşr olunub və bunlar bir-biri ilə ziddiyyət təşkil edib. Son 15 ildə isə işıq üzü görən 700-dən artıq kitab, monoqrafiya, dərslik və elmi məqalələr Naxçıvan tarixinin reallıqlarını əks etdirmək baxımından maraq doğurur. Görülən işlər sırasında səkkiz beynəlxalq forumun keçirilməsini, 1185 tarixi abidənin öyrənilərək pasportlaşdırılmasını, 50-yə yaxın tarixi abidədə bərpa və yenidənqurma işlərinin aparılmasını da xüsusi qeyd etmək lazımdır.
Çox xoşbəxtəm ki, bu simpoziumda Naxçıvan tarixinin tədqiqatçısı kimi mən də iştirak etdim, ürək sözlərimi dedim və ayrı-ayrı bölmələrdəki müzakirələrdə fikirlərimi bölüşdüm. Burada Naxçıvanın qədim mədəniyyətinin ayrı- ayrı şaxələri də geniş müzakirə mövzusu idi. Bu müzakirələrdə görkəmli elm adamlarının çox gözəl və dərin məzmunlu məruzələrini dinləyə bildik. Məruzələrdən bir tarixçi kimi çox razı qaldım. Vaxtilə istəyirdim ki, Naxçıvanda böyük arxeoloqlar məktəbi yaradılsın və gördüm ki, istəyim, başlatdığım bu iş davam etdirilib və Naxçıvan arxeologiyası böyük inkişaf yolu keçib, elm etibarlı əllərə təslim edilib.
Mən bir çox ölkələrdə elmi konfranslarda, simpoziumlarda iştirak etmişəm, ancaq bu qədər yüksək səviyyədə keçirilən bir simpozium görməmişəm. Mənə ən çox müsbət təsir bağışlayan isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun simpoziumda dərin məzmunlu çıxışı, Naxçıvan tarixi haqqında ətraflı danışması, dəyərli fikirlər söyləməsi, bizləri ruhlandırması oldu. Burada mən gördüm ki, bir tədqiqatçı alim kimi mənim Naxçıvan barədə arzularım tam həyata keçib. Naxçıvan arxeoloji baxımdan Ordubaddan Sədərəyə qədər tədqiq olunub və bu simpozium da göstərdi ki, biz düzgün yoldayıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin səyləri nəticəsində Naxçıvanda bu iş uğurla və yüksək səviyyədə davam etdirilir. Qarşıda isə Naxçıvanın ən qədim məkanlarından olan, 1967-ci ildə tədqiq etdiyim Gəmiqayaya səfərimiz var. Onu da deyim ki, bu gün Gəmiqaya dünyanın diqqət mərkəzindədir. Bu tarixi abidə Naxçıvanda şəhər mədəniyyətinin bir simvoludur.
Türkiyənin İstanbul Universitetinin professoru, tarix elmləri doktoru Oktay Bəlli:
Mən uzun illərdir ki Şərqi Anadolu bölgəsində arxeoloji qazıntılarla məşğulam. Naxçıvanla bağlı arxeoloji tədqiqatlarımız isə 1998-ci ildə başlayıb. Bununla bağlı iki kitab da çap etdirmişik. Bunlar türkcə və ingiliscə olub. Ancaq onu da qeyd edim ki, bizim tədqiqatlarımızda hörmətli alimimiz Vəli Əliyevin ortaya qoyduğu ideyalar çox önəmli rol oynayıb. Belə demək mümkünsə biz onun başladığı işi davam etdirmişik. Naxçıvanın böyük bir şəhər mədəniyyətinə sahib olduğunu arxeoloji qazıntılar göstərib. Bundan sonrakı işimiz isə bu faktların beynəlxalq elm aləminə çatdırılması olacaqdır.
Simpozium haqda onu demək istəyirəm ki, Naxçıvanda şəhər mədəniyyətinin öyrənilməsinə başlanılması bütün dünyada qloballaşma proseslərinin getdiyi bir vaxtda beynəlxalq elm aləmi tərəfindən cəsarətli bir addım kimi dəyərləndiriləcəkdir və bunun belə də olacağına tam əminəm. Bu simpoziumun keçirilməsi nəinki bölgə, hətta dünya tarixində bir dönüş nöqtəsidir. Burada səslənən fikirlər, ortaya qoyulan faktlar bir kitab halında çap olunduqdan sonra düşünürəm ki, beynəlxalq elm aləminin bu elm bayramına müsbət cavabı gecikməyəcək. Onu da qeyd edim ki, beynəlxalq simpoziumun açılışı “nakhcivan.az” internet saytında canlı yayımlandı. 8 ölkədən 534 internet istifadəçisi həmin sayta müraciət etmişdir ki, bu da foruma olan ciddi marağın ifadəsi kimi dəyərləndirilməlidir. Bu elmi forumun ikincisi, üçüncüsü olmalı, tədqiqatlar davam etməlidir. Simpoziumun keçirilməsinin səbəbkarı olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə, Naxçıvan alimlərinə minnətdaram. Qəzetiniz vasitəsilə bildirmək istəyirəm ki, çox önəmli bir qərar verilmiş və icra olunmuşdur. Bu münasibətlə hər bir elm adamını təbrik edirəm.
Türkiyənin Ankara Universitetinin müəllimi, professor Aliyə ÖzTan:
–Ümumilikdə bu gün bölgədə olan ölkələrin tarixinə nəzər saldıqda görürük ki, Naxçıvan ta qədim zamandan ən zəngin mədəniyyətə malik sivilizasiyaları özündə qovuşdurub. Zaman-zaman bu bölgənin tarixi ya təhrif edilib, ya da ümumiyyətlə unutdurulmağa çalışılıb. Araşdırmalardan bəlli olur ki, elə sovetlər dövründə Azərbaycan, eləcə də Naxçıvan tarixinin öyrənilməsinə 50-60-cı illərdən başlanılıb və bu zaman ən qədim tarix kölgədə buraxılıb. Ancaq müstəqilliyinizin bəlkə də sizlər üçün ən faydalı tərəflərindən biri müstəqil olaraq tarixinizin öyrənilməsi üçün geniş imkanların yaranmasıdır. Bu çox böyük uğurdur. Bu gün dünyada elə xalqlar var ki, nəinki bir neçə min il əvvəli, hətta ötən əsrləri belə tədqiq etməyə nə həvəsləri, nə də imkanları var. Ancaq Naxçıvanda keçirilən bu simpozium bir daha göstərdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu qədim yurd yerinin tarixinin dəqiq öyrənilməsi, beynəlxalq elmi ictimaiyyətə çatdırılmasına xüsusi diqqət yetirir.
Beynəlxalq simpozium öz işini bölmə iclaslarında davam etdirib
“Naxçıvan ilkin yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq Simpozium dünən öz işini 4 bölmə iclasında – “naxçıvan diyarı bəşər sivilizasiyasının ilk beşiklərindən biri kimi”, “Naxçıvan: İlkin şəhər mədəniyyətinin yarandığı yer”, “Naxçıvanın arxeoloji abidələri” və “Naxçıvan mədəniyyəti və əlaqələri” mövzularında davam etdirmişdir.
Bölmə iclaslarında Türkiyə, İran, Amerika Birləşmiş Ştatları, Ukrayna və Fransadan13 tarixçi alim və ölkəmizin 10 tarixçi alimi iştirak etmişdir.
Birinci bölmənin iclası Bakı Dövlət Universiteti arxeologiya kafedrasının müdiri, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadənin rəhbərliyi ilə aparılmışdır. Alimin “Naxçıvanın mədəni irsinin bəşər sivilizasiyasında yeri” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, ilk yaşayış yeri olan Naxçıvanda mədəniyyət və incəsənət sürətlə inkişaf edib. Bu qədim yaşayış məskənində insanların şərq, eləcə də dünyanın bir sıra ölkələri ilə ticarət və mədəni əlaqələri olduğunu tarixi mənbələr təsdiq edir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Azad Zeynalov “Naxçıvanın qədim insan düşərgələri” mövzusunda məruzəsində bildirib ki, 1983-cü ildə Şərur rayonunun Tənənəm kəndində aparılan elmi-tədqiqat işlərində müəyyən edilib ki, burada ilk insanın yaşadığı mağara var. Həmin mağarada eneolit və tunc dövrlərinə aid saxsı və mis qablar aşkar edilib. 35 kvadratmetr sahəni əhatə edən mağarada daş alətlərin tapılması sübut edir ki, bura ilk insanların yaşayış məskəni olub. Şahbuz və Ordubad rayonları ərazilərində də belə mağaralar mövcuddur. Bütün bunlar isə Naxçıvanın ən qədim yaşayış yerlərindən biri olduğunu təsdiq edir.
AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qədir Qədirzadə “4 çay nəzəriyyəsi və Naxçıvanda sivilizasiya məsələsi” mövzusunda çıxış edərək bildirib ki, Araz çayı, Arpaçay, Naxçıvan çayı və Gilan çayının Naxçıvan ərazisində olması ilkin insanların bu çayların ətrafında məskunlaşmasına imkan verib. Onlar əkinçilik və heyvandarlıqla məşğul olublar. Kültəpə və digər ərazilərdə aparılan qazıntılardan aydın olub ki, burada şəhərsalma prosesi gedib. Əgər dövlət yaranırsa, demək onun mərkəzi şəhəri də olmalıdır. Bu qədim diyarda qala divarlarının tikilməsi, şəhər mədəniyyətinə aid müxtəlif tikililərin olması və əşyaların tapılması Naxçıvanın uzaq keçmişindən xəbər verir.
Beynəlxalq simpoziumun ikinci bölmə iclası Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, AMEA-nın müxbir üzvü Vəli Əliyevin rəhbərliyi ilə keçirilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix elmləri namizədi Bəhlul İbrahimli “Naxçıvanın qədim şəhərləri: Subatan-Dizə” mövzusunda məruzəsində çox maraqlı tarixi faktlara əsaslanaraq bildirib ki, Ordubad rayonunun ərazisindəki məbədlər şəhərin əmələ gəlməsini müəyyən edən amildir. “Xarabagilan”da aparılan qazıntılardan aydın olub ki, bu şəhərdə midiya dövrünün qalaları üslubunda qalalar tikilib. Bu şəhərdən sonra ən böyük yaşayış yeri Subatandır. Çünki bu şəhər əhalinin sığınacağı üçün çox əlverişli ərazidə salınıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, tarix elmləri doktoru, professor Abbas Seyidovun “Naxçıvan şəhərinin 5000 yaşı arxeoloji və yazılı qaynaqlarda” və AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərlinin “Naxçıvanda şəhər mədəniyyətinin yaranması tarixindən” mövzularında məruzələri də maraqla dinlənilib.
Qeyd edək ki, Naxçıvanda 5000 il əvvəl inşa edilən tikililərə, çoxsaylı tarixi abidələrə əsaslanaraq Naxçıvanın qədim yaşayış yeri olduğu, burada şəhər mədəniyyətinin və sənətkarlığın inkişaf etdiyi təsdiqlənir.