"Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" mövzusunda beynəlxalq simpozium keçirilir
Muxtar respublikanın paytaxtında "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" mövzusunda beynəlxalq simpozium açılmışdır.
Simpoziumun iştirakçıları əvvəlcə Naxçıvanın ilk yaşayış yerləri və ilk şəhər mədəniyyəti mövzusunda yazılmış kitablardan ibarət sərgiyə baxmışlar. Məlumat verilmişdir ki, 1996-cı ilə qədər Naxçıvan barədə cəmi 40-dək kitab çapdan çıxdığı halda, son 15 ildə bu mövzuda 700-dən artıq kitab, monoqrafiya, dərslik və elmi məqalələr hazırlanaraq nəşr edilmişdir.
Sonra simpozium öz işinə başlamışdır.
Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" mövzusunda Beynəlxalq simpoziumun açılışı münasibətilə iştirakçı və qonaqları təbrik edərək dedi ki, beynəlxalq simpozium Azərbaycan xalqının taleyində mühüm rol oynayan tarixi bir günün ərəfəsində keçirilir. 1990-cı il iyulun 22-də ümummilli lider Heydər Əliyevin Moskvadan vətənə - Naxçıvana qayıtması bir tərəfdən Naxçıvanı Azərbaycan ərazisi kimi qoruyub saxladısa, digər tərəfdən milli mənəvi dəyərlərə, xalqımızın unudulmaqda olan ənənələrinə qayıdışa, tarixi yaddaşın bərpasına şərait yaratdı.
V.Talıbov bildirdi ki, 1996-cı il iyulun 10-da Naxçıvan tarixinin öyrənilməsinə həsr olunmuş "Uluslararası qaynaqlarda Naxçıvan" mövzusunda beynəlxalq simpoziumundan ötən 15 ildə xeyli iş görülmüş, ümummilli liderin tövsiyələrinə uyğun olaraq, Naxçıvan barədə qədim qaynaqlar, tarixi mənbələr tədqiq edilmiş, 8 beynəlxalq elmi forum keçirilmiş, 1185 tarixi abidə öyrənilərək pasportlaşdırılmış, 50-yə yaxın tarixi abidədə bərpa və yenidənqurma işləri aparılmışdır. Xarici ölkələrin aparıcı elmi müəssisələri mütəxəssislərinin də iştirakı ilə Naxçıvanın tarixinə, arxeologiyasına və folkloruna dair tədqiqatlar aparılmış, ekspedisiyalar təşkil olunmuş, çoxsaylı əsərlər nəşr edilmişdir.
Ali Məclisin sədri beynəlxalq simpoziumun öz qarşısında bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olmuş Naxçıvanın tarixinin ən qədim dövrünə dair elmi baxışların və nəticələrin sistemləşdirilməsi, vahid elmi fikrin formalaşdırılması kimi konkret məqsəd qoyduğunu bildirmişdir.
Beynəlxalq simpoziumda Azərbaycanın və xarici ölkələrin nüfuzlu elmi müəssisələrini təmsil edən alimlərin, qədim tarix üzrə mütəxəssislərin iştirakının elmi forumun uğurla keçəcəyinə, qarşısına qoyduğu məqsədə çatacağına əsas yaratdığını bildirən V.Talıbov simpoziumda müzakirələrin səmərəli olacağına əminliyini söyləmişdir.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun "Naxçıvan: ən qədim yaşayış məskəni", akademiyanın müxbir üzvü Vəli Əliyevin "Naxçıvanın ilkin şəhər mədəniyyəti", Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin "Naxçıvan şəhərinin tarixi: elmdə atılmış addımlar, dərinliklərə doğru baxış və kompleks yanaşma zərurəti", Fransa Araşdırmalar Mərkəzinin əməkdaşı dosent Remi Bertonun "Dünyanın ən qədim duz mədəni: Duzdağda arxeoloji tədqiqatlar", ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşı dosent Lauren Ristvetin "Oğlanqalada Azərbaycan-Amerika qazıntıları (2008-2011-ci illər)", İstanbul Universitetinin professoru Oktay Bəllinin "Mədəniyyətin beşiyi Naxçıvan" və Ukrayna Elmlər Akademiyasının şöbə müdiri, professor Vitali Otroşenkonun "Yaşayış məskənlərinin qədim tarixinin müəyyənləşdirilməsində qayaüstü təsvirlərdəki motivlərin rolu və əhəmiyyəti" mövzularında məruzələri dinlənilmişdir.
Beynəlxalq simpozium "nakhcivan.az" internet saytında canlı yayımlanmış, 8 ölkədən 534 internet istifadəçisi bu sayta müraciət etmişdir.
İyulun 23-də Ordubad rayonundakı Gəmiqayada simpoziumun yekun iclası olacaqdır.
23 İyul 2011, Şənbə