NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Naxçıvan Muxtar Respublikasında
Xalq yaradıcılğı günlərinin
keçirilməsi haqqında

Hər bir xalqın tarixində xalq yardıcılığı onun milli-mənəvi dəyərlərinin və dünyagörüşünün, təşəbbüskarlıq və novatorluğunun təzahür formalarından biridir. Tarixi-mədəni və bədii irsimizin daşıyıcısı olan Azərbaycan xalq yaradıcılığı əsrlər boyu formalaşaraq və inkişaf edərək günümüzədək gəlib çatmışdır.
Azərbaycanın qədim Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir.
Xalq yaradıcılığımız öz kökünü ən qədim dövrlərdən götürür. Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar xalq yaradıcılığının mühüm qolu olan el sənətkarlığının 5-7 min illik inkişaf dövrü keçdiyini sübuta yetirir. Qədim xalq sənəti səhələri olan dulusçuluq və daşişləmə Neolit, metalişləmə isə Eneolit dövründən məlum idi. Naxçıvanda əkinçiliyin və maldarlığın intensiv inkişafı sənətkarlığın da inkişafına təsir göstərmiş, mədəni tələbatın artması müxtəlif bəzək əşyalarının düzəldilməsi, hətta əmək alətlərinin, məişət avadanlıqlarının, silahların müəyyən hissələrinin gözəl bədii tərtibatla hazırlanması ilə nəticələnmişdir. Naxçıvan Muxtar Respublikasının indiki və tarixi ərazilərində yaşamış əcdadlarımızın sosial həyat tərzi, dini-ideoloji baxışları, inamları və adət-ənənələri bu dövrün sənətkarlığında öz əksini tapmışdır.
Qədim xalq sənətkarlığının mühüm sahələrindən olan dulusçuluq Naxçıvan ərazisində eradan əvvəl 7-ci 6-cı minilliklərdə yarnmış, Eneolit döründən başlayaraq dulus çarxlarında gil qab hazırlanması və xüsusi kürələrdə bişirilməsi geniş yayılmışdır.
Naxçıvan eyni zamanda dünyanın ilk metalişləmə ocaqlarından biri olmuşdur. I Kültəpənin ən qədim mədəni təbəqəsindən müxtəlif mis-mərgümüş, nikel-mərgümüş qatışığı olan alətlər və bəzək nümunələri əldə edilmişdir. Ordubad rayonunun plovdağ nekropolundan tuncdan hazırlanmış sancaqlar, I Kültəpədən isə tunc dövrünə aid bıçaq və sancaqlar tapılmışdır. Arxeoloji qazıntılar zamanı əldə olunmuş materiallar Naxçıvanın qədim sakinlərinin sümükdən və daşdan da əmək və bəzək alətləri hazırladıqlarını göstərir. Sonrakı dövrlərdə sənətkarlıq daha da inkişaf etmiş, xalq sənətinin ağacişləmə, misgərlik, zərgərlik, ipəkçilik, boyaçılıq, papaqçılıq, dabbaqlıq, dülgərlik, toxuculuq, xüsusilə də xalçaçılıq kimi sahələri genişlənmiş, Naxçıvanın zövqlə hazırlanmış müxtəlif məişət əşyaları və zərgərlik məmulatları böyük şöhrət qazanmışdır.
Naxçıvanda toxuculuğun, boyaçılığın və ipəkçiliyin inkişafı tarixən milli geyim mədəniyyətinin də formalaşmasına şərait yaratmışdır. Milli geyim və milli mətbəx xalq yaradıcılığının ən mühüm sahələrindən biridir. Naxçıvanda bu sahələr daha qədim dövrlərdən yaranmış, təbii-coğrafi şəraitə uyğun olaraq formalaşmış, inkişaf etmiş, hər əsrdə özünəməxsus milli cəhətlərlə daha da zənginləşmişdir. Xalqın tarixini, etnoqrafik və bədii xüsusiyyətlərini özündə cəmləşdirən milli geyimlər və mətbəx nümunələri bu gün maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi qorunur və inkişaf etdirilir. Təkrarsız milli yaradıcılığımızın nəticəsi olan Azərbaycan geyimlərini muzeylərimizdə, ayrı-ayrı tarixi teatr tamaşalarında və filmlərdə görə bilirik. Müxtəlif folklor ansamblı və qrupları da bu gün milli geyimlərimizi yaşadır və təbliğ edirlər.
Xalq yaradıcılğının ən qədim sahələrindən biri də şifahi poetik yaradıcılıq kimi dəyərləndirilən folklordur. Azərbaycan ərazisində folklorun tarixi ilk insan məskənlərinin meydana gəlməsi dövrü ilə bağlıdır. Xalqımızın həyatında elə bir əhəmiyyətli hadisə yoxdur ki, o, şifahi yaradıcılıqda, aşıq poeziyasında, xalq musiqisində bu və ya digər şəkildə öz əksini tapmasın. Dünyanın qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı ən qədim dövrlərdən başlayaraq xalq yaradıcılığında öz tarixini bu və ya digər şəkildə əks etdirmişdir. Xalqımızın mifoloji-bədii dünyagörüşünün izləri indi də folklorda özünü bürüzə verməkdədir. Müxtəlif ayin, mərasim və əmək proseslərinin nəticəsi olaraq meydana gələn Azərbaycan folkloru ilk növbədə janr baxımından rəngarəngliyi ilə diqqət cəlb edir. Xalqımızın yaradıcı düşüncəsinin məhsulu olan miflər, əfsanələr, nağıl və rəvayətlər, zərb-məsəllər, tapmacalar, dastanlar, aşıq yaradıcılığı, meydan tamaşaları, xalq musiqi və rəqsləri nəsildən-nəsilə, əsrdən-əsrə Azərbaycan türklərinin ruhunu yaşadaraq zəmanəmizə qədər gətirib çıxartmışdır.
Ənənəvi xalq bayramları, Novruz və Xıdır Nəbi mərasimləri Azərbaycan folklorunun zənginliyini nümayiş etdirir. Yurdumuzun qədim sakinlərinin, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahür forması olan folklorun, musiqi və rəqs sənətinin ən qədim qaynaqları eramızdan əvvəl 4-cü – 1-ci minilliklərə aid Gəmiqaya təsvirlərində, “Avesta” və “Kitabi Dədə Qorqud” kimi qədim qaynaqlarda öz əksini tapmışdır. Dünyanın ən qədim kollektiv ifa növlərindən olan Azərbaycan xalq yallıları xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir.
Qədim rəqs və musiqi mədəniyyəti ilə sıx bağlı olan, vaxtilə geniş yayılmış qədim çalğı alətlərimizin bu gün geniş təbliğinə və gənc nəslə, elecədə beynəlxalq ictimaiyyətə tanıdılmasına ciddi ehtiyac vardır. Cəng, ud, təbil, tənbur, qanun, qopuz, rübab, tulum, kərənay, ney, zurna, balaban, kimi çalğı alətlərimizin adlarına musiqi tarixinə dair mənbələrdə, "Kitabi Dədə Qorqud”, “Koroğlu” dastanlarında, eləcə də klassik şairlərimizin əsərlərində rast gəlinir. Qədim çalğı alətlərinin bir çoxu bərpa olunmuş və yenidən musiqi alətləri sırasına daxil edilmişdir.
Xalqımızın müstəqillik yoluna qədəm qoyduğu indiki şəraitdə xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və maddi mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığının inkişafı və qorunub saxlanması istiqamətində bir sıra işlər görülmüş, folklor kollektivlərinin və xalq teatrlarının fəaliyyəti gücləndirilmiş, onlar milli geyim dəstləri ilə təmin olunmuşlar. Hal-hazırda muxtar respublikada mövcud olan 50 folklor kollektivinin 600-ə yaxın üzvü xalq yaradıcılığının bu və ya digər sahələrini qoruyub yaşatmaqdadır.
Xalqların, ölkələrin bir-birinə daha çox inteqrasiya olunduğu, dərin qloballaşma proseslərinin getdiyi indiki şəraitdə azərbaycanlıların milli kimlik pasportu olan yaradıcılığının qorunub saxlanması və inkişaf etdirilməsi, xalq sənəti nümunələrinin, milli mətbəxin, folklorun, milli rəqs və mahnı sənətinin daha geniş, sistemli şəkildə təbliğ olunması, böyüməkdə olan gənc nəslə milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə qərara alıram:
1.“Novruz bayramı” şənliklərində Xalq yaradıcılığı günləri keçirilsin.
2.Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi
2.1.Naxçıvan Muxtar Respublikası ərazisində möcud olan etnoqrafik və folklor materiallarının yenidən toplanması, sistemləsdirilməsi və elmi tədqiqatlara cəlb olunması üçün tədbirlər görülsün, əldə olunmuş materiallar əsasında “Naxçıvan folkloru antologiyası”nı hazırlayıb nəşr etsinlər.
2.2.Naxçıvan folkloru altında işləyib hazırlansın;
2.3. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xalq yaradıcılığı nümunələrinin sistemli şəkildə təbliği üçün təsirli tədbirlər görülsün;
3.Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar təşkilatı xalq mahnı və rəqslərinin, Naxçıvanla bağlı saz havalarının tədqiqinə və təbliğinə, qədim çalğı alətlərinin tətbiqinə diqqəti artırsınlar.
4.Muxtar Respublikada mövcud olan xalq teatrlarının və folklor ansambllarının fəaliyyətinə hərtərəfli köməklik göstərsinlər.
5. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri                                          VASİF TALIBOV
Naxçıvan şəhəri, 07 fevral 2009-cu il

Saytdakı yeriniz: Əsas səhifə Sənədlər Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılğı günlərinin keçirilməsi haqqında
Yuxarı qayıt