NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda

Beynəlxalq simpoziumun keçirilməsi haqqında

Ölkəmiz müstəqillik qazandıqdan sonar milli dövlətçiliyimizin möhkəmlənməsi, iqtisadiyyatın dirçəlməsi sahəsində görülən işlərlə yanaşı Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin arxeologiya və etnoqrafiyasının, milli dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında araşdırılması sahəsində də əsaslı tədbirlər görülmüş, ayrı-ayrı bölgələrin, o cümlədən Naxçıvan tarixinin öyrənilməsinə başlanılmışdır.

Aparılmış elmi tədqiqatlar sübut edir ki, Naxçıvan bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olmuşdur. Əlverişli relyefi və coğrafi mövqeyi, təbii sərvətlərin bolluğu ən qədim dövrlərdən insanların bu ərazidə məskunlaşmasına səbəb olmuş, regionda özünəməxsus daş dövrü mədəniyyəti yaranmışdır. Bu mədəniyyət Şərur rayonundakı Qazma, Ordubad rayonundakı Kilid, Babək rayonundakı Daşqala və Culfa rayonundakı Ərməmməd kimi ilkin yaşayış məskənlərində qorunub saxlanmaqdadır.

Əldə olunan arxeoloji materiallar bir daha təsdiq edir ki, bizim eradan əvvəl 12-ci minillikdən başlayaraq indiki Naxçıvan ərazisində intensiv həyat davam etmiş, Naxçıvan Yaxın Şərqdə meydana çıxan bir çox mədəniyyətlərin, o cümlədən Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin əsas mərkəzinə çevrilmiş və bu ərazidə ikinci sivilizasiyanın vacib elementi olan ilkin şəhər mədəniyyəti formalaşmışdır. Zaman keçdikcə Naxçıvanla Yaxın Şərqin qədim şəhərləri arasındda iqtisadi, mədəni əlaqələr olmuş, əkinçiliyin, maldarlığın ilkin sənayenin, ticarətin və sahibkarlığın inkişafı sosial-iqtisadi və mədəni yüksəlişə təkan vermiş, nəticədə 5 min il bundan əvvəl Naxçıvan şəhəri yaranmışdır.

Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşmasına təsir göstərən amillərdən biri son illər aşkara çıxarılan və elmi tədqiqata cəlb olunan Duzdağ mədəniyyətidir. Duzdağda aparılan araşdırmalar sübut edir ki, Eneolit dövründən başlayaraq Naxçıvanda mədənçilik mövcud olmuş, eradan əvvəl 4-cü minillikdə bu proses daha geniş miqyas almış, mübadilə məqsədi ilə təlabatdan artıq duz tədarük olunmuş, bu isə öz növbəsində şəhərlərarası əlaqələrə və ticarətin inkişafına, eləcə də insanların Duzdağ ətrafında məskunlaşmasına gətirib çıxarmışdır.

XIX əsrin 70-ci illərində Duzdağda aşkar olunan əmək alətləri, daş baltalar və çəkiclər, çapacaqlar, sonrakı dövrdə tapılan ocaq qalıqları, Eneolit, erkən Tunc və Dəmir dövrünə aid keramika məmulatları, qədim yaşayış yerləri və Duzdağla bağlı folklor nümunələri Duzdağ mədəniyyətinin sistemli şəkildə və yenidən araşdırılması üçün ciddi əsaslar yaradır.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq ilkin yaşayış və şəhər mədəniyyətinin yaranıb inkişaf etdiyi yer kimi Naxçıvan tarixinin öyrənilməsi, tədqiq və təbliğ olunması məqsədi ilə q ə r a r a a l ı r a m :

1. 2012-ci ilin iyul ayında “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda beynəlxalq simpozium keçirilsin.

2. Simpoziuma hazırlıq, habelə Duzdağ mədəniyyəti tarixinin sistemli şəkildə araşdırılması məqsədi ilə Tədbirlər Planı təsdiq edilsin ( əlavə olunur).


         Naxçıvan Muxtar Respublikası
         Ali Məclisinin Sədri                        VASİF TALIBOV

         Naxçıvan şəhəri, 20 aprel 2012-ci il.

         № 79-04/S

 

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin 2012-ci il 20 aprel

tarixli 79-04/S nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

 

“Naxçivan: ilkin şəhər və Duzdağ” mövzusunda

Beynəlxalq simpoziumun keçirilməsi haqqında

TƏDBİRLƏR PLANI


Tədbirin adı

İcra müddəti

Icraya məsul təşkilatlar

1.

“Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi

                         

 

27-28 iyul 2012-ci il

Naxçıvan Muxtar Respublikasının  Ali Məclisi

2

“Duzdağ” sənədlər toplusunun nəşr olunması

 2012-ci il

Naxçıvan MR Ali Məclisi, AMEA-nın Naxçıvan Bölməsi

3

Duzdağdan tapılmış arxeoloji materiallar əsasında sərginin təşkil olunması

İyul, 2012-ci il

AMEA-nın Naxçıvan Bölməsi,

Naxçıvan Dövlət Universiteti

4

“Naxçıvan ilkin şəhər mədəniyyəti” mövzusunda internet saytının yaradılması

İyul, 2012- ci il

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

5

“Naxçıvan: ilkin şəhər yeri” mövzusunda sənədli filmin hazırlanması

2012-ci il

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verlişləri Komitəsi

 

6

“Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” məqalələr toplusunun nəşr olunması

2012-ci il

Naxçıvan MR Ali Məclisi, AMEA-nın Naxçıvan Bölməsi

 

 

7

Duzdağla bağlı folklor nümunələrinin toplanması

2012-ci il

AMEA-nın Naxçıvan Bölməsi,

Naxçıvan Dövlət Universiteti

Saytdakı yeriniz: Əsas səhifə Sənədlər “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq simpoziumun keçirilməsi haqqında
Yuxarı qayıt