ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan”

mövzusunda beynəlxalq simpoziumun

keçirilməsi haqqında

 

           Naxçıvan dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biridir. Şərur rayonundakı Qazma, Orubad rayonundakı Kilid, Babək rayonundakı Daşqala və Naxçıvan şəhəri ərazisindəki Duzdağ mağaralarından əldə olunmuş maddi-mədəniyyət nümunələri, Əshabi-Kəhf ziyarətgahı ən qədim dövrlərdən burada insanların yaşadığını sübut edir.

            Naxçıvanın qədimliyini sübut edən mühüm amillərdən biri də bu yurdun Nuh peyğəmbər və tərafdarları ilə bağlı olmasıdır. Ordubad rayonu ərazisində olan eradan əvvəl 4-cü- 1-ci minilliyə aid edilən Gəmiqaya təsvirləri, Nəbi yurdu, Naxçıvan, Nehrəm, Nəhəcir, Nuhdaban, Nuhgədik, Peyğəmbərayağı kimi yer adlarının mövcudluğu Nuh peyğəbərin bu torpaqda yaşamasının daha bir əyani ifadəsidir.

           Son vaxtlar Nuh peyğəmbər, Dünya tufanı və bunların Naxçıvanla əlaqəsi ciddi aktuallıq kəsb etmiş, bir sıra araşdırmalar aparılmış, Gəmiqaya abidəsi kompleks şəkildə öyrənilmiş, tarix və mədəniyyət abidələri yenidən elmi tədqiqata cəlb olunaraq pasportlaşdırılmış, qeyd olunanlarla bağlı 20-dək kitab və monoqrafiya, 120-dən çox elmi məqalə çap olunmuş, “Naxçıvan abidələri ensiklopediyası” hazırlanaraq nəşr edilmişdir. Bundan əlavə Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin yeri dəqiqləşdirilmiş, abidənin qalıqları aşkar edilmiş və həmin abidə yenidən bərpa olunmuşdur.

Yuxarıda qeyd olunanlrı nəzərə alaraq q ə r a r a   a l ı r a m :

1. 2009-ci ilin aprel ayında Naxçıvan şəhərində “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan” mövzusunda beynəlxalq simpozium keçirilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

           Naxçıvan Muxtar Respublikası

           Ali Məclisinin Sədri                                   VASİF TALIBOV

           Naxçıvan şəhəri, 10 fevral 2009-cu il

           № 184-03/S

Saytdakı yeriniz: Əsas səhifə Sənədlər “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi haqqında
Yuxarı qayıt