XARABA GİLAN (KİLAN)
Ordubad ş. yaxınlığında orta əsr şəhər yeri. 1926–29 illərdə və 1976 ildən tədqiq olunur. Sah. 100 ha-dan çoxdur. Abidənin q. tərəfində e. ə. 2–1-ci minilliklərə aid yaşayış məskəni və nekropol aşkar edilmişdir. X.-ın Narın qalası (sah. 10 ha-dan çox) və məhəllələri qala divarları ilə əhatə olunmuşdu.
Xanəgah türbəsinin kitabəsi.
Qala divarları dördkünc və dairəvi bürclərlə möhkəmləndirilmişdi. Daş, çiy və bişmiş kərpicdən yaşayış evləri, karvansaralar, türbələr, məscid, habelə sənətkarlıq ocaqları və s. tikinti qalıqları aşkar edilmiş, çoxlu maddi-mədəniyyət nümunəsi (şirli və şirsiz gil qablar, şüşə və metal məmulatı, sikkələr, o cümlədən Roma qızıl pulları və s.) tapılmışdır.
Xaraba Gilanın bərpa layihəsi.
Tapıntılar arasında 12–14 əsrlərə aid gil qab və memarlıq fraqmentləri üzərində kufi, nəsx xəttlərilə yazılara rast gəlinib. Xaraba Gilan ərazisində ilk antik dövrdə (e. ə. 5–4 əsrlər də) şəhər mədəniyyəti yaranmış, orta əsrlərdən isə bu şəhər Azərb.-ın mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Tədqiqatlar nəticəsində monqol istilaları zamanı dağıdılmış Kiran ş.-nin xarabalığı olduğu aydınlaşdırılmışdır.
Ədəb.: И б р а г и м о в Б.И. Средневековый город Киран. Б.-М., 2000.