ÇapE-poçt

 

ŞAHTAXTI

Kəngərli r-nunun Şahtaxtı k.-indən şm.-q.-də, Asnı çayının sol sahilində hündür təpənin üzərində arxeoloji abidə. Sahəsi 2 ha-dan artıqdır. Abidənin üzərində olan uçub-tökülmüş tikinti qalıqları aşınma nəticəsində tamamilə dağıldığından daş və torpaq yığınından ibarət uzunsov təpəciyi xatırladır. Bəzi yerlərdə aşınma nəticəsində iri daşlardan ibarət hörgülər aşkar olunmuşdur. Araşdırmalara əsasən demək olar ki, yaşayış yeri bir neçə cərgə divarla əhatə olunmuşdur. Yaşayış yerində 1936 ildə Ə.K.Ələkbərov tərəfindən kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır. 1979 ildə Naxçıvan arxeoloji ekspedisiyasının Şahtaxtı dəstəsi Q.H.Ağayevin rəhbərliyi ilə yaşayış yerində sistemli tədqiqat işlərinə başlamış və müəyyən fasilələrlə 1990 ilədək iş davam etmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, mədəni təbəqə tikinti qalıqları, əmək alətləri, gil qab sınıqları və çürüntü qarışığından ibarət olub yerin relyefinə uyğun olaraq 3-4,5 m qalınlığındadır. Qazıntı zamanı aşkar olunmuş qala divarının qalıqları xüsusilə maraq doğurur. Divarın eni 2,2-2,6 m, hündürlüyü 1,2-2,45 m-dir. Tədqiqatçıların fikrincə, bu divar müdafiə məqsədilə Orta Tunc dövründə inşa olunmuşdur. E.ə. II minilliyin sonunda divar dağıdılmış və yenidən bərpa edilmişdir. Belə hesab etmək olar ki, bu divar bir neçə tikinti dövründə mövcud olmuş e.ə. II-I minilliklər boyu öz əhəmiyyətini itirməmişdir. Yaşayış yerinin şərq tərəfindən indi də yerli əhalinin istifadə etdiyi torpaq yol keçir. Görünür bu yol vaxtilə qalanın içərisindən keçmişdir. Burada yol boyu iri daşlardan hörülmüş divar qalıqlarına təsadüf olunur. Şahtaxtını yaxın yaşayış məskənləri ilə birləşdirən bu qısa yoldan vaxtilə ticarət və hərbi məqsədlərlə istifadə edilmişdir. Yaşayış yerində aparılan tədqiqatlar zamanı gil qablar, daş alətlər və ostoloji qalıqlar aşkar olunmuşdur. Tapıntıların əksəriyyəti gil məmulatından ibarət olub çəhrayı, boz və qara rəngdə bişirilmişdir. Gil məmulatının müəyyən hissəsi boyalı qablardan ibarətdir. Onların bəzisi xaricdən qırmızı anqobla örtülmüş, başqaları qırmızı anqob üzərindən qara rənglə çəkilmiş həndəsi xətlərlə naxışlanmışdır. Gil məmulatının əksəriyyəti boz və qara rəngdə bişirilmiş qabların sınıqlarından ibarətdir. Onların üzəri cızma xətlərlə naxışlanmış, bəzisi isə parıldayanadək cilalanmışdır. Onlar içərisində qalın divarlı təsərrüfat qabları da vardır. Şahtaxtı yaşayış yerindən aşkar olunmuş gil məmulatı Naxçıvan abidələrinin materialları içərisində özünə geniş analogiya tapır. Buradan aşkar olunmuş boyalı və boz rəngli keramika məmulatı I Kültəpədən, II Kültəpədən, Çalxanqaladan, Qazançıqaladan, Nəhəcirdən və başqa abidələrdən məlumdur. Yaşayış yerindən aşkar olunmuş tikinti qalıqları, gil məmulatı və başqa arxeoloji materialların təhlili abidəni e.ə. III-I minilliklərə aid etməyə imkan verir.

Saytdakı yeriniz: Əsas səhifə QƏDİM YAŞAYIŞ YERLƏRİ Şahtaxtı
Yuxarı qayıt