NAXÇIVAN ENEOLİT MƏDƏNİYYƏTİ

E.ə. 6-4-cü minilliklərdə Naxçıvanda yayılan arxeoloji mədəniyyət. E.ə.6-4-cü minillikləri əhatə edən Eneolit dövründə mis emalının və metalişləmənin əsası qoyulmuşdur. Naxçıvanın mis yataqları ilə zəngin olması və bu ərazidə mis külçəsinə rast gəlinməsi, mis emalının erkən meydana gəlməsi və inkişafı üçün şərait yaratmışdır.

Eneolit dövründə iqtisadiyyatın inkişafı əhali artımına səbəb olmuş, yaşayış üçün əlverişli olan yeni ərazilər mənimsənilmişdir. Bu dövrə aid I Kültəpə, Sədərək, Xalac, Ərəbyengicə və digər abidələr qeydə alınmışdır. I Kültəpə yaşayış yerində aparılan araşdırmalar Eneolit mədəniyyətinin müxtəlif mərhələlərini izləməyə imkan vermişdir. Naxçıvanın Eneolit mədəniyyəti Urmiya hövzəsi və Mesopotamiyanın qədim mədəniyyətləri ilə iqtisadi- mədəni əlaqələr şəraitində inkişaf etmişdir. Eneolit mədəniyyətinin təşəkkülündə Ubeyd tayfalarının xüsusilə böyük rolu olmuşdur. Arxeoloji abidələrin tədqiqi nəticəsində Ubeyd tayfalarının Azərbaycan ərazisində yayılması ilə bağlı xeyli maddi dəlil ortaya çıxarılmışdır. Urmiya hövzəsində yayılan Eneolit dövrünə aid boyalı keramikanın Şimali Ubeydin lokal variantı olması, Urmiya hövzəsinin qədim əkinçilik mədəniyyətinin formalaşmasında Şimali Mesopotamiyadan gələn tayfaların müəyyən rol oynadığını təsdiq edir.

eneolaKültəpənin keramika məmulatı və əmək alətləri.

Ubeyd tayfaları Urmiya hövzəsindən bir neçə istiqamətdə Azərbaycan ərazisinə yayılmışdır. Şübhəsiz ki, bu miqrasiyalar Naxçıvanı da əhatə etmişdir. I Kültəpənin erkən mərhələsində meydana gələn düzbucaqlı evlər Əliköməktəpə və Ilanlıtəpənin bənzər tikintiləri kimi Urmiya hövzəsinin qədim arxitekturası ilə bağlıdır. Neolit və Eneolit dövrünə aid düzbucaqlı tikintilərə Urmiya hövzəsində Hacı Firuz, Yanıqtəpə və Göytəpədə rastlanmışdır. Keramika məmulatı və əmək alətlərinin bənzərliyi I Kültəpə, Pijdəlitəpə, Göytəpə, Tilkitəpə kimi abidələrin eyni mədəni rayona daxil olduğunu göstərir. I Kültəpənin Eneolit mədəniyyətinin Ubeyd mədəniyyəti ilə bağlılığı boyalı keramika və arxasıüstə uzadılmış skeletlərin aşkar olunması ilə də təsdiq olunur. Belə qəbirlər I Kültəpədə 20,8 m dərinlikdən başlayaraq müxtəlif dövrlərə aid tikinti qatlarından aşkar edilmişdir. Bu qəbirlərin birindən Mesopotamiyadan gətirildiyi təsdiq edilən boyalı çölmək aşkar olunmuşdur. Məlum olduğu kimi,

281I Kültəpənin boyalı keramikası.

Ubeyd mədəniyyəti protoşumerlərə və şumerlərə aid edilmişdir. Şumer dili hind-avropa dilləri ilə qohum olmamış, onun türk dilləri ilə bağlı olmasına dair inkar edilməz dəlillər aşkar olunmuşdur. Bu mədəniyyət üçün xarakterik olan arxasıüstə uzadılmış skeletlərin Mesopotamiyada yayılması şumerlərin gəlişi ilə əlaqələndirilir. I Kültəpədən aşkar olunmuş skeletlərin tədqiqi onların antropoloji cəhətdən müasir Azərbaycanlılarla bənzər olduğunu göstərmişdir. Mesopotamiya mənşəli boyalı keramikanın yalnız iqtisadi-mədəni əlaqələr nəticəsində deyil, müəyyən əhali qrupunun, daha doğrusu, şumerlərin Naxçıvan ərazisinə yayılması nəticəsində gətirildiyini söyləmək olar. Arxası üstə uzadılmış qəbirlərin I Kültəpənin müxtəlif tikinti qatlarından aşkar olunması, bu tayfaların Naxçıvanda uzun müddət məskunlaşdığını təsdiq edən faktlardan biridir. Mesopotamiya sivilizasiyasının müəyyən nailiyyətlərinin mənimsənilməsi iqtisadiyyatın inkişafına, əhalinin daha geniş ərazilərə yayılmasına səbəb olmuşdur. Azərbaycanın cənub rayonları, o cümlədən I Kültəpə üçün xarakterik olan samanlı keramikanın Cənubi Qafqaz abidələrində yayılması qədim tayfaların cənubdan şimala doğru hərəkəti ilə bağlı olmuşdur. Urmiya hövzəsi və Naxçıvan üçün xarakterik olan Eneolit mədəniyyətinin indiki Ermənistan ərazisində yerləşən Mahaltəpə, Xatunarx, Texut, Kültəpə və digər abidələrdə izlənilməsi onların vahid etnik-mədəni rayona daxil olduğunu təsdiq edir. Eneolit dövründə Naxçıvanın qədim sakinləri əsasən oturaq həyat sürmüş, dördkünc və dairəvi formalı evlərdə yaşamışlar. Evlərin döşəməsi saman qarışıq gillə suvanmış, onların qızdırılmasında dördkünc və dairəvi formalı sobalardan istifadə edilmişdir. 12 tikinti qatında aşkar olunan tapıntılar yaşayış binalarının yaxınlığında qurulan mətbəx ocaqlarından da istifadə edildiyini göstərir. I Kültəpənin tədqiqi Eneolit evlərinin sadə daxili interyerə malik olduğunu göstərir. Evlərin içərisində və onların ətrafında təsərrüfat məqsədilə istifadə olunan müxtəlif qurğular olmuşdur. Ərzaq ehtiyyatı taxıl quyularında, yaxud təsərrüfat küplərində saxlanmışdır. Evlərin həyətində və təsərrüfat tikintilərinin ətrafında daş döşəmələrdən istifadə edilmişdir ki, bu da Eneolit tayfalarının dövrünə görə yüksək mədəni həyat səviyyəsinə malik olduğunu təsdiq edir. I Kültəpənin VIII tikinti qatında aşkar olunan tikinti qalıqları, ritual məqsədlə istifadə olunan ocaqlar ev kultunun varlığını, yaşayış yerində ziyarətgahların olduğunu göstərir. Ön Asiya, o cümlədən Şərqi Anadolunun Neolit və Eneolit mədəniyyətləri üçün xarakterik olan ev ziyarətgahlarının interyeri yaşayış evlərindən o qədər də fərqlənməmişdir.Naxçıvan ərazisinin yumşaq və  mülayim iqlimi, bu ərazinin yabanı bitən yumşaq buğda, bərk buğda, covdarla zəngin olması əkinçilik mədəniyyətinin erkən meydana gəlib inkişaf etməsi üçün şərait yaratmışdır. I Kültəpədən aşkar olunmuş yumşaq buğda (Triticum sativum), şarşəkilli buğda (Triticum steriococum), cırtdan buğda (Triticum kompactum Hest), qılçıqsız arpa (Hor deum sativum), butulkaşəkilli arpa (Hordeumlagun culiforme) növləri əkinçiliyin müəyyən inkişaf səviyyəsində olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı əkinçiliklə bağlı əmək alətlərinin, xüsusilə toxalar, dən daşları, sürtgəclər, həvənglər, dəstələr və digər alətlərin aşkar olunması əkinçilik məhsullarının yaşayış yerində emal olunduğunu təsdiq edən faktlardandır. Əkinçilik mədəniyyətinin yüksək inkişaf səviyyəsi həmçinin buynuzdan hazırlanmış oraq çərçivəsi və çoxsaylı oraq dişləri ilə də sübut olunur. Oraq dişləri və bıçaqşəkilli alətlər həm yaşayış evlərindən, həm də qəbir abidələrindən aşkar olunmuşdur. Çoxsaylı əmək alətləri və becərilən bitkilərin çeşidləri Naxçıvanda əkinçiliyin başlanğıc mərhələdə olmadığını təsdiq edir. Yaşayış yerlərinin çay kənarlarında, əlverişli mövqelərdə yerləşməsi nəinki dəmyə, həm də suvarma əkinçiliyi üçün əlverişli olmuşdur. Şübhəsiz ki, Eneolit dövründə əmək alətləri kifayət qədər təkmil olmadığından geniş əraziləri mənimsəmək və suvarma əkinçiliyini inkişaf etdirmək mümkün olmamışdır. Kültəpənin Eneolit təbəqəsindən həm yabanı, həm də mədəni taxıl dənlərinin tapılması Naxçıvanın Cənubi Qafqazda dənli bitkilərin becərildiyi ilk ocaqlardan biri olduğunu göstərir. Eneolit dövründə iqtisadiyyatın aparıcı sahələrindən biri də maldarlıq olmuşdur. Aşkar olunan sümük qalıqlarının analizi iribuynuzlu maldarlığın təsərrüfatda əsas yer tutduğunu göstərir. Tədqiqatçıların fikrinə görə, bu dövrdə iqlimin mülayim və rütubətli olması iribuynuzlu maldarlıq üçün daha əlverişli şərait yaratmışdır. Naxçıvanda yerləşən qədim tayfaların mədəni inkişafını göstərən faktlardan biri də metallurgiyanın meydana gəlməsi və inkişafıdır. I Kültəpənin Eneolit təbəqəsindən mis külçəsindən hazırlanmış əmək aləti aşkar olunmamışdır. Ehtimal ki, bu dövrdə metal yüksək qiymətləndirildiyi üçün təkrar emal olunmuşdur.  Bu isə metal əşyaların az tapılmasının əsas səbəblərindən biridir. Lakın I Kültəpədən aşkar olunmuş metal əşyaların tədqiqi Eneolit dövründə iqtisadi tərəqqinin yüksək inkişaf səviyyəsində olduğunu sübut edir. Eneolit dövrü metal əşyaların hazırlanmasında istifadə olunan ərintiləri üç tipə bölmək olar. Birinci tipə təmiz misdən, ikinci tipə mis-arsen ərintisindən hazırlanan əşyalar daxildir. Üçüncü tip mis-arsen-nikel ərintisi ilə təmsil edilmişdir. Məlum olduğu kimi, mis-nikel ərintiləri Yaxın Şərq ölkələri üçün xarakterik olmuşdur.

eneolbOvçular təpəsi. Küpə tipli qabın parçası.

207

Ovçular təpəsi yaşayış yeri. Şərur r.

Tədqiqatçıların fikrinə görə, Cənubi Qafqazın nikel qarışığı olan əşyaları, ya idxal olunmuş, ya da idxal olunmuş metal əsasında hazırlanmışdır. Nikelə təbiətdə başlıca olaraq arsen və kükürdlə birləşmə halında rastlanır. Buna görə belə hesab edilir ki, mis-arsen-nikel ərintilərinin tərkibindəki nikel, kupfernikel (NiAs) və arsen-nikel (Ni AsS) mineralları ilə bağlı olmuşdur. Bu minerallara arsen filizinin tərkibində çox rastlanır. Bu, həm də onunla təsdiq olunur ki, mis-arsen-nikel ərintilərinin tətbiqi, arsenin misin əsas aşqarlayıcı komponenti kimi aradan çıxması ilə kəsilmişdir. I.R.Səlimxanov apardığı tədqiqatlara əsaslanaraq belə hesab edir ki, o dövrdə insanlar nikel metalı ilə tanış olmamışdır. Lakin nikelli tuncun bəzi xüsusiyyətlərinə bələd olan metallurq əritmə prosesində xəlitəyə nikelli filizi də əlavə etmişdir. I Kültəpənin birinci təbəqəsindən aşkar olunan metal əşyalar dövrünə görə olduqca inkişaf etmiş metallurgiyanın məhsuludur.

208

Ovçular təpəsinin topoqrafik planı.

Odur ki, aşkar olunan əşyalar mis metallurgiyasının erkən mərhələsini deyil, inkişaf etmiş mərhələsini təmsil edir. I Kültəpədən aşkar olunan metal əşyaların tədqiqi onların yerli istehsalın məhsulu olduğunu göstərmişdir. Dünyanın ən böyük arsen yataqlarından biri olan Darıdağ yatağının Naxçıvanda yerləşməsi mis-arsen metallurgiya-sının yerli zəmində meydana gəlib inkişaf etməsini təmin edən əsas faktorlardan biri olmuşdur. Bu dövrdə misə süni aşqarlar qatılması texnologiyanın mənimsənilməsi texniki biliklərin yüksək inkişaf səviyyəsində olduğunu təsdiqləyir. Metallurgiya və metalişləmənin yüksək inkişafı iqtisadiyyatın digər sahələrinin ahəngdar inkişafı ilə təmin edilmişdir.

eneolc

Sədərək Kültəpəsi. Sədərək r.

Cənubi Qafqazın Eneolit abidələrindən, o cümlədən I Kültəpənin Eneolit təbəqəsindən aşkar olunan tapıntılar Kür-Araz mədəniyyəti dövründə inkişaf edən mis-arsen metallurgiyasının əsasının məhz Eneolit dövründə qoyulduğunu göstərir. Arxeoloji araşdırmalara əsasən demək olar ki, I Kültəpədə həmçinin toxuculuq, dulusçuluq, sümükişləmə, daşişləmə və ev sənətkarlığının digər sahələri inkişaf etmişdir. I Kültəpə sakinlərinin əsas məşğuliyyət sahələrindən biri dulusçuluq olmuşdur. Müxtəlif formalı gil qablarla təmsil olunan dulusçuluq məmulatı qum və saman qarışığı olan gildən əldə hazırlanaraq bişirilmişdir. O. H. Həbibullayevin fikrinə görə, qabların bişirilməsində dulus kürələrindən istifadə olunmuşdur. Keramika məmulatı əsasən çəhrayı, bəzən isə boz və qara rəng arasında dəyişməkdə olan rəng tonları ilə təmsil olunmuşdur. I Kültəpədən aşkar olunan arxeoloji materiallar yüksək inkişaf etmiş bir sosial həyatın varlığını sübut edir. Eneolit təbəqəsində aşkar olunan evlərin sahəsi 19 56 m2, diametri isə 5- 8,5 m arasındadır.

266

Ovçular təpəsi. Əmək aləti.

Düzbucaqlı binalar çox dağıntıya uğradığından onların ölçüləri tam müəyyən edilməmişdir. Evlərin sahəsi orta hesabla 37,5 m2 olmuşdur. Belə hesab etmək olar ki, I Kültəpənin təkotaqlı, dairəvi evlərində cüt nikaha əsaslanan ailə, onların bəzilərində isə böyük ailələr yaşamışdır. Bu baxımdan arakəsmələrlə ayrılan bina diqqətəlayiqdir. Etnoqrafik materiallar dairəvi formalı evlərdə böyük ailələrin yaşadığını göstərmişdir. Cüt nikaha əsaslanan ailənin Neolit dövründə formalaşdığı araşdırmalarla sübut olunmuşdur. Belə hesab etmək olar ki, Eneolit dövrün də cüt nikaha əsaslanan ailənin daha böyük kollektivlərdə birləşməsi prosesi getmişdir. Naxçıvanın Eneolit iqtisadiyyatının əsasını cüt nikaha əsaslanan və böyük kollektivlərdə birləşmiş ailələr təşkil etmişdir. Böyük ailələrin meydana gəlməsi istehsal səylərinin birləşdirilməsi ilə də bağlı ola bilərdi. Analoji faktlar Azərbaycanın digər abidələrinin də tədqiqi zamanı ortaya çıxarılmışdır. Erkən əkinçilik mədəniyyətlərində qadınlar yüksək mövqeyə sahib olsa da, texnikanın və təsərrüfatın inkişafı kişinin rolunu artırmışdır. Ehtimal ki, Eneolit dövrünün sonunda 5-7 nəfərlik üzvdən ibarət ailəyə kişi rəhbərlik etmişdir. I Kültəpənin Eneolit dövrünə aid qəbir abidələrinin müəyyən bir qismində qəbir avadanlığına rast gəlinməsi, digərlərində isə ona təsadüf olunmaması xüsusi mülkiyyətin mövcudluğunu ehtimal etməyə imkan verir. Arxeoloji abidələrin tədqiqi göstərir ki, Eneolit dövründə iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etməsinə baxmayaraq əkinçilik və maldarlıq təsərrüfatda aparıcı mövqe tutmuşdur. Məhsuldarlığın artırılması, qorunması, habelə təbii stixiyalara qarşı mübarizə qədim insanların ideoloji təsəvvürlərinin formalaşmasında mühüm rol oynamışdır. Qonşu Şərq ölkələrindən fərqli olaraq Naxçıvan sakinlərinin dairəvi formalı, evlərə üstünlük verməsi ehtimal ki, onların ideoloji təsəvvürləri ilə də bağlı olmuşdur. Azərbaycan xalqı arasında yayılan inanclara görə insanın ətrafına çəkilmiş dairə onu bəd ruhlardan qoruya bilərmiş. Göyəm dağlarındakı bəzi qayaüstü rəsmlərdə insanlar dairənin içərisində təsvir edilmişdir. Ehtimal ki, evlərin dairəvi formada tikilməsi insanların təbii stixiyadan, bəd qüvvələrdən qorunması ilə bağlı təsəvvürlərini əks etdirmişdir. Tədqiqatlar bu dövrdə Günəş və Ayla bağlı inancların yayıldığını göstərir.

197Ovçular təpəsi. Keramika nümunələri.

Bu inanclar Eneolit dövründən sonra da arxeoloji materiallarda aydın şəkildə izlənmişdir. Daima işıq mənbəyi və təbiətin məhsuldar qüvvələrinin başlanğıcı olan Günəş insanlar tərəfindən ilahiləşdirilmiş sitayiş obyektinə çevrilmişdir. Naxçıvanın qədim sakinlərinin dünya görüşü ilə bağlı ən dəyərli materiallar qəbir abidələrinin tədqiqi zamanı aşkar olunmuşdur. Bu dövrə aid qəbir abidələri yalnız I Kültəpənin Eneolit təbəqəsindən aşkar olunmuşdur. Qəbir avadanlığı başlıca olaraq bəzək əşyalarından, əsasən muncuqlardan ibarət olmuşdur. Lakin qəbirlərin bəzilərində əmək alətlərinin qalıqlarına, o cümlədən oraq dişlərinə rastlanmışdır. Araşdırmalar Eneolit dövründə I Kültəpədə yaşayış binalarının altında və onların arasında dəfn etmə adətinin olduğunu göstərir. Qəbirlərin müəyyən istiqaməti yoxdur, skeletlər müxtəlif cəhətlərə yönəldilmiş vəziyyətdə aşkar edilmişdir. Bəzi qəbirlərin döşəməsi dəfndən əvvəl gillə suvanmış, bəzilərində isə dəfndən sonra qəbrin üzərinə gil suvaq çəkilmişdir. Skeletlərin böyük bir qrupunun üzərində həsir qalıqlarına rast gəlinməsi onların dəfn zamanı həsirə büküldüyünü göstərir. Skeletlər sol, yaxud sağ böyrü üstə, bəzən isə arxası üstə uzadılmış vəziyyətdə aşkar olunmuşdur. Qəbirlərin bəzisində mərhumun başının altına daş, yaxud gil qab parçası qoyulması adətinə rastlanmışdır. Dəfnlər tək, cüt və kollektiv halda olmuşdur. Şübhəsiz ki, evin döşəməsində dəfn etmə adəti ulu əcdada sitayiş, mərhumun ruhunun daim evdə olması, evin, ocağın mühafizəsi, son nəticədə məhsuldarlığın təmin edilməsi ideyası ilə bağlı olmuşdur. Mifoloji şəkildə dərk edilən o biri dünya qədim insanların mövcudluğunun əsasını təşkil etmişdir. Qəbilə rəhbərinin evin altında dəfn edilməsi, əcdadın ruhunun çağrılması, onların qəbrinə təmas edilməsi və s. vasitələrlə əcdadın ruhu ilə əlaqə yaradılmağa çalışılmışdır. Qəbirlərin ikisində it skeletinə rastlanmışdır. Məlum olduğu kimi, it insanların əhliləşdirdiyi ilk heyvanlardan biri olmuşdur. Araşdırmalar itlə dəfn etmənin Azərbaycanda uzun müddət davam etdiyini göstərir. Itlə bağlı dəfnə Naxçıvanda Sarıtəpə nekropolunda, Xocalı-Gədəbəy mədəniyyətinə aid qəbir abidələrində də rastlanması bunu təsdiq edir. Itlə bağlı inancların yaranması maldarlığın yaranmasından xeyli əvvələ, ovçuluq dövrünə aiddir. Itlərin iy və iz bilmə keyfiyyətləri onlara böyük önəm qazandırmış, qədim ovçu tayfalar ovun axtarılması və tutulmasında böyük rolu olan itə sitayiş etmişlər. Istər Ön Asiya abidələrindən, istərsə də Azərbaycan abidələrindən aşkar olunan itlə bağlı dəfnlər bu adətin qədim ovçu-maldar tayfaların inancları ilə bağlı olduğunu təsdiq edir. Itlə bağlı dəfnlər müəyyən ritualla bağlı olmuş, sakral məna daşımışdır. Şübhəsiz ki, qədim insanların dini-mifoloji görüşlərinin formalaş-masında maldar tayfaların itin qoruyucu funksiyası ilə bağlı inancları da müəyyən rol oynamışdır. Etnoqrafik materiallar həyətlərdə it kəlləsi asılmasının insanların bəd ruhlardan qorunması ilə bağlı olduğunu göstərir. Məlum oluğu kimi, skif tayfa birliklərindən birinin rəhbəri Ispaka adlanmışdır. Ispaka sözünün midiya dilində sbaka (sobaka) sözünə zahirən bənzədiyinə əsaslanan bəzi tədqiqatçılar skiflərin irandilli olduğunu qeyd etmişdir. Lakin O.Süleymenov izbak=ispak=sıbak (sbaka) çevrilməsinin mümkünlüyünü sübut etmiş və sobaka sözünün hind-iran dillərinə türk dilindən keçdiyini söyləmişdir. Itə sitayiş semitlərdə, hind-avropalılarda, fin-uqorlarda rastlanmışdır. Lakin qədim köçəri türk tayfaları itə Tanrı kimi sitayiş etmiş, miflərdə isə öz mənşələrini onunla bağlamışlar. Tobol tayfalarında ulu əcdad-əfsanəvi qəhrəman Ak-kobok (Ağ köpək) adlanmışdır. Ağ noqaylarda həmçinin Ak-koboku öz əcdadları hesab etmişlər. Kobyak (köpək) adı türk tayfaları arasında geniş yayılmış adlardan biri olmuşdur. Tayfa başçılarına it adı qoyulması onları bəd ruhlardan mühafizə etmək, onların yenilməzliyini təmin etmək məqsədi güdmüşdür. Başqırdlarda mövcud olan adətə görə qadının uşağı tez-tez öldükdə uşağı anadan ayırıb it südü ilə bəsləyirdilər. Yaxud azərbaycanlılar uşağı olmayan qadını və onun uşağını qurd dərisindən keçirirdilər. Araşdırmalar itlə dəfnetmənin və ona sitayişin türk xalqlarının mifologiyası ilə bağlı olduğunu təsdiq edir. Qəbirlərin birində kəllənin ayrıca qoyulması adətinə rastlanmışdır. Kəllənin ayrıca qoyulması əcdada sitayişin formalarından biri hesab edilə bilər. Ön Asiya abidələrində aparılan araşdırmalarla müəyyən edilmişdir ki, dəfn zamanı qəbilə rəhbərlərinin başı gövdədən ayrılaraq boyanmış və evlərdə düzəldilmiş xüsusi səkilərin üzərində saxlanmışdır. Bəzi tədqiqatçılar kəllənin ayrıca dəfn edilməsini, yaxud evdə saxlanmasını kəlləyə sitayişlə əlaqələndirmişlər. Yuxarıda qeyd edildiyi kimi, I Kültəpə qəbirlərinin bəzisində mərhumun başının altına daş qoyulması adətinə rastlanmışdır. Dəfn zamanı mərhumun başının altına daş qoyulması adətinə Ön Asiyanın bir sıra abidələrində rastlanmışdır. Arxeoloji araşdırmalar bu adətin Azərbaycanda uzun müddət davam etdiyini göstərir. Belə hesab edilir ki, mərhumun başının altına daş qoyulması adəti türk xalqları içərisində geniş yayılan daşa sitayişlə bağlı olmuşdur. Inanca görə, insan dünyasını dəyişərkən, onun ruhu daşa keçir. Azərbaycan türklərinin folklorunda ruhun daşa keçməsi, insanların daşa dönməsi, daşın balalaması ilə bağlı xeyli inanclar vardır. Daşla niyyət etmə adəti Azərbaycan xalqı arasında indi də qalmaqda davam edir. I Kültəpə tapıntısı göstərir ki, Azərbaycan türkləri arasında yayılan daşa və dağa sitayişin tarixi kökləri olduqca qədimdir. Qədim dünyanın bir çox xalqlarında olduğu kimi Azərbaycanda məskən salan qədim tayfalarında dünyagörüşündə Tanrıların dağlarda məskən salması haqqında təsəvvürlər olmuşdur. Xalq arasında müqəddəs hesab edilən bir çox ziyarətgahların hündür dağlarda yerləşməsi də bununla bağlıdır. Dağların ziyarətgaha çevrilməsində, habelə bu bölgələrdə qaya təsvirlərinin yaranmasında dağa sitayişin mühüm rolu olmuşdur. Dağ ziyarətgahlarına Naxçıvan ərazisində çox rastlanmışdır. Belə ziyarətgahların tipik nümunələrindən biri Əshabi-Kəhf ziyarətgahıdır. Bu ziyarətgah Azərbaycan xalqının islamaqədərki bir çox inanclarını qoruyub saxlamışdır. Burada daş atma, dilək daşı, daşla niyyət etmə və digər inanclar daşa sitayişlə bağlıdır. Eneolit dövrünə aid dəfn adətinin xarakterik cəhətlərindən biri skeletlərin oxra ilə boyanmasıdır. Skeletlərin oxra ilə boyanması məhsuldarlıqla bağlı olmuşdur. Araşdırmalar göstərir ki, skeletlərin oxra ilə boyanması insanların işıq və qaranlıq haqqındakı təsəvvürlərini əks etdirmişdir. Qırmızı rəng qədim insanların təsəvvürlərində od, işıq, Günəş rəmzi olmuşdur. Məhsuldarlığın və artımın başlıca mənbəyi hesab edilən Günəş kosmik başlanğıc kimi düşünülmüş, xaotik başlanğıca qarşı qoyulmuşdur. Skeletlərin oxra ilə boyanması, şübhəsiz ki, mərhumun məzarının işıqlandırılması, onun ruhunun bəd ruhlardan qorunması, dirilmə ideyası ilə bağlı olmuşdur. Naxçıvan abidələrinin tədqiqi göstərir ki, bu ideya qədim tayfalar arasında uzun müddət yaşamış və başlıca olaraq onların mifoloji təsəvvürləri ilə bağlı olmuşdur.

    Ədəb.:  A б и б у л л а е в О.A. Энеолит и бронза на территории Нахичеванской АССР, Б.,  1982; B a x ş ə l i y e v V., C a t h e r i n e M., A ş u r o v S. Ovçular təpəsində arxeoloji qazıntılar. AMEA Naxçıvan Bölməsinin “Xəbərləri”, 2008, №1; Ə l i y e v V.H. Sədərək Eneolit yaşayış yeri. Azərbaycan SSR EA Xəbərləri, 1985, № 2; Н а р и м а н о в И.Г. Обеидские племена Месопотамии в Азербайджане. Тез. Всесоюз. архелог.конфер. Б., 1985.

Saytdakı yeriniz: Əsas səhifə QƏDİM YAŞAYIŞ YERLƏRİ Naxçıvan eneolit mədəniyyəti
Yuxarı qayıt