ÇapE-poçt

NAXÇIVANIN ORTA TUNC DÖVRÜ MƏDƏNİYYƏTİ

 E.ə. 3-2-ci minilliklərdə Naxçıvanda yayılan arxeoloji mədəniyyət. E.ə. 3-cü minilliyin sonunda Azərbaycanın cənub rayonlarında baş verən sosial-iqtisadi dəyişikliklər Naxçıvanı da əhatə etmiş və bu ərazidə boyalı qablarla xarakterizə edilən yeni bir mədəniyyət formalaşmışdır.

Orta Tunc dövrü adlandırılan bu dövr I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun, Nəhəcir, Şortəpə və digər abidələrdə aparılan araşdırmalarla öyrənilmişdir. II Kültəpə yaşayış yerində aparılan araşdırmalar zamanı qədim şəhər dövlətləri üçün xarakterik olan xüsusiyyətlər aşkar edilmişdir. V.H.Əliyevin apardığı araşdırmalar göstərmişdir ki, II Kültəpə e.ə. II minilliyin əvvəlində ətrafı divarla əhatə olunmuş yaşayış yerinə çevrilmişdir.

 364

Şahtaxtı. Polixrom boyalı qab.

Narınqalanın divarları 2-2,5 m qalınlığındadır. O dördkünc formalı bürclər və kontrforslarla möhkəmləndirilmişdir. Arxeoloji qazıntılar zamanı yaşayış yerinin, Narınqalasının planı tamamilə müəyyənləşdirilmiş, onun ilkin şəhərlər üçün xarakterik olan strukturu aşkara çıxarılmışdır. Narınqalanın proporsional arxitekturası, binaların küçələr boyunca yerləşməsi yaşayış yerinin əvvəlcədən müəyyən edilmiş plan əsasında tikildiyini deməyə imkan verir. Hakim təbəqənin və varlıların yaşadığı Narınqalanın yaşayış yerinin digər hissələrindən qalın divarla ayrılması cəmiyyətdə kəskin sosial ziddiyyətlərin olduğunu göstərir. Bu dövrdə insanlar dördkünc formalı təkotaqlı və çoxotaqlı evlərdə yaşamışdır. Istehsal müəssisələri Narınqalanın xaricində yerləşdirilmişdir.

naxkame

Zəngin naxışlı polixrom boyalı qablar.

Şəhərin bu qismində aparılan qazıntılar zamanı dulus kürələri, dulusçuluq emalatxanaları, metaləritmə sobalarının qalıqları aşkar olunmuşdur. Orta Tunc dövrünə aid yaşayış yerlərinin tədqiqi bu dövrdə Naxçıvanda güclü tayfa ittifaqlarının formalaşdığını, şəhər dövlətlərin yarandığını təsdiq edir. II Kültəpə, Şahtaxtı, Qızılburun kimi yaşayış yerləri həm mədəni, həm də mühüm inzibati-siyasi mərkəzlər rolunu oynamışdır. Əhali başlıca olaraq oturaq həyat tərzi keçirmiş, əkinçilik və yaylaq maldarlığı ilə məşğul olmuşdur. Iqtisadiyyatın yüksək inkişafı sənətkarlığın xüsusi istehsal sahəsinə çevrilməsinə imkan vermişdir. Sənətkarlığın ən mühüm sahələri dulusçuluq, metalişləmə, toxuculuq və daşişləmə olmuşdur. Naxçıvanın Orta Tunc dövrü mədəniyyətinin ən mükəmməl əsərləri boyalı keramikadır. Monoxrom və polixrom olaraq iki böyük qrupa ayrılan boyalı qabların dörd inkişaf mərhələsindən keçdiyi müəyyən edilmişdir. Lakin son illərin araşdırmaları bir neçə aralıq mərhələnin də olduğunu təsdiq edir. Naxçıvanın Orta Tunc dövrü üçün xarakterik olan boyalı qabların bənzərlərinə Urmiya hövzəsi, Mil düzü, Şimal-Şərqi Anadolu, Gürcüstan və indiki Ermənistan ərazisində rast gəlinmişdir. Bütöv olaraq götürüldükdə, müəyyən lokal fərqlər istisna olunmaqla Urmiya hövzəsi, Van gölü çevrəsi, Qafqaz dağlarının cənub ətəkləri, Mil-Muğan düzləri ilə hüdudlanan bir bölgənin ortaq mədəniyyətə malik olduğu aydın şəkildə görünür.

377

Şahtaxtı. Boyalı çölmək.

Bu geniş ərazidə yayılan boyalı qabların bütün xüsusiyyətləri Naxçıvanda izlənmişdir. Gürcüstan və Ermənistanda yayılan tək stil boyalı qabların əksinə olaraq Naxçıvan, Şərqi Anadolu və Urmiya hövzəsində boyalı qablar daha çox çeşidlilik göstərmiş və müxtəlif mərhələlərdən keçmişdir. Şərqi Anadolu, Cənubi Qafqaz və Qərbi Iranda ovalıqlarda yerləşən yaşayış yerlərində yaşayış kəsildiyi halda, Naxçıvanda oturaq həyat heç bir fasiləyə uğramadan davam etmişdir. Bununla birlikdə zəngin otlaq və su qaynaqlarına malik olan dağ ətəklərində yarımköçəri həyat tərzi davam etmişdir. Naxçıvanın Orta Tunc dövrü yaşayış yerlərinin güclü müdafiə divarı ilə əhatə olunması bu ərazidə güclü tayfa ittifaqlarının formalaşdığını göstərir. Orta Tunc dövrünə aid ən möhtəşəm abidələrin Naxçıvanda yerləşməsi bu bölgənin Orta Tunc dövrü mədəniyyətinin əsas mərkəzi olduğunu təsdiq edir. Urmiya hövzəsi və Naxçıvandan fərqli olaraq Şərqi Anadoluda yaşayış yerlərində Orta Tunc dövrü təbəqəsinin rastlanmaması, bu dövrə aid arxeoloji abidələrin başlıca olaraq qəbiristanlıqlarla təmsil olunması həyatın köçəri xarakterdə olduğunu göstərir. Arxeoloji araşdırmalar göstərir ki, Naxçıvan, Urmiya hövzəsi və Şərqi Anadoluda yaşayan tayfalar oturaq və köçəri həyat tərzi keçirmişdir. Oturaq tayfaların əsas məskənləri Naxçıvan və Urmiya hövzəsi, köçəri tayfaların məskəni isə Şərqi Anadolu olmuş dur. Gürcüstan və Ermənistan yaylaqlarında rastlanan qəbir abidələri bu tayfaların köç yolları üzərində salınmışdır. Naxçıvan, Urmiya hövzəsi və Şərqi Anadoluda boyalı qablar bütün qəbirlərdən tapıldığı halda Gürcüstanda yayılan Trialeti mədəniyyətində boyalı qablar yalnız varlılara aid qəbirlərdən aşkar olunmuşdur. Bu da boyalı qabların Gürcüstana idxal malı olaraq daxil olduğunu təsdiq edir.

naxkamf

 Boyalı qablar mədəniyyətinin son mərhələsinə aid keramika məmulatı.

Naxçıvanda meydana gələn bu mədəniyyət Mil-Muğan düzünə, Göyçə ətrafına və Gürcüstanadək yayılmışdır. Bu dövrdə Cənubi Qafqazın böyük bir qismində, o cümlədən Gürcüstan, Ermənistan və Azərbaycanın şimal rayonlarında Orta Tunc dövrü mədəniyyəti qara rəngli, cilalı, bəzən isə basma naxışlı keramika məmulatı ilə xarakterizə edilməkdədir. Bu mədəniyyətin Kür-Araz mədəniyyətinin təsiri ilə formalaşdığı düşünülməkdədir. Arxeoloji abidələrin araşdırılması Azərbaycanın cənubunda, o cümlədən Naxçıvanda Boyalı qablar mədəniyyətinin yayıldığı dövrdə Azərbaycanın şimal rayonlarında Kür-Araz mədəniyyəti tayfaların kompakt şəkildə yaşamaqda davam etdiyini təsdiq edir. Kür-Araz mədəniyyəti tayfaları Azərbaycanın şimalına lullubi tayfaları tərəfindən sıxışdırılmışdır. Odur ki, Boyalı qablar mədəniyyətinin yaradılmasında bu tayfaların müəyyən rol oynadığı şübhəsizdir. Lullubi tayfalarının inanclarında səma cisimlərinə sitayiş mühüm yer tutmuşdur. Naxçıvan boyalı qabları üzərində səma cisimlə rinin təsvirləri də bununla bağlıdır. II Kültəpə və Nəhəcirdən aşkar olunmuş boyalı qablar üzərində səkkizguşəli ulduz təsvirlərinə rastlanmışdır. Bu təsvirlər lullubi hökmdarı Anubaninin qələbə abidəsi üzərindəki ulduz təsviri ilə bənzərdir. Anubaninin qələbə abidəsi üzərində təsvir edilən Ilahənin geyimi ilə Qızılburun boyalı küpəsi üzərindəki qadının geyimi arasında da xeyli bənzərlik vardır. Boyalı qablar mədəniyyətinin yaradılmasında yazılı mənbələrdə xatırlanmayan naxçı tayfaları da müəyyən rol oynamışdır. Naxçıvanın Orta Tunc dövrü abidələrinin yaxınlığında naxçı tayfaları ilə bağlı toponimlərin saxlanması bunu təsdiq edir. Orta Tunc dövrü mədəniyyətinin formalaşmasında mühüm rolu olan tayfalardan biri də kassit, yaxud kas tayfaları olmuşdur. Assuriya mənbələrində "kaşşu" adlandırılan bu tayfalarla bağlı Naxçıvanda xeyli yer adları qalmışdır. Kosalı, Kasqalan, Qozakar, Qazançı, Miskinkas və başqaları buna misal olabilər. Orta Tunc dövrünün erkən mərhələsi Naxçıvan ərazisində skeletsiz qəbirlərlə xarakterizə edilirsə, son mərhələdə tək, cüt və kollektiv dəfnlərə rastlanır. Orta Tunc dövrünün son mərhələsində dəfn adətində meydana gələn dəyişiklik, şübhəsiz ki, ölkənin siyasi həyatında yeni tayfaların rolunun artdığını göstərir. Ümumiyyətlə, skeletli və skeletsiz qəbirlər Naxçıvanda Erkən Tunc dövründən mövcud olmuşdur. Bu dəfn adətlərinə Azərbaycanın digər rayonlarında da rastlanmışdır. Arxeoloji araşdırmalar göstərir ki, ölkənin tarixi iqtisadi-siyasi dəyişikliklərə uyğun olaraq tarix səhnəsində müəyyən etnosların güclənməsi ilə əlamətdar olmuşdur. Bu dövrdə Naxçıvan, Urmiya hövzəsi və Şərqi Anadoluda polixrom boyalı qablarla xarakterizə edilən mədəniyyət yayılmış, Cənubi Qafqazın digər regionlarında isə buna rastlanmamışdır. Bu faktlar Azərbaycanda məskunlaşan qədim tayfaların özünəməxsus mədəniyyəti olduğunu təsdiq etməklə, bu mədəniyyətin kənardan gətirilməsi ilə bağlı irəli sürülən qeyri-elmi iddiaları tamamilə rədd edir. Qeyd edək ki, skeletsiz qəbirlərin Erkən Tunc dövründən başlayaraq Son Tunc dövrünədək davam etməsi bu ərazidə müxtəlif etnik qrupların məskən saldığını, lakin onların vahid mədəniyyətə malik olduğunu, bir-biri ilə qaynayıb qarışdığını təsdiq edir.

    Ədəb: А л и е в В.Г. Культура эпохи средный бронзы Азербайджана. Б., 1991; B a h ş a l i y e v V.B. Nahçıvan arkeolojisi // Archaeology of Nahchivan. I., 1997; B e l l i O., B a h ş a l i y e v V. Nahçıvan bölgesinde Orta ve Son Tunc Çağı boya bezemeli çanak çömlek kültürü. I., 2001.


Saytdakı yeriniz: Əsas səhifə QƏDİM YAŞAYIŞ YERLƏRİ Naxçıvanın orta tunc dövrü mədəniyyəti
Yuxarı qayıt