Gülnarə Qənbərova. Azərbaycanın memarlıq tarixində Naxçıvanın şəhərsalma mədəniyyəti.

ÇapE-poçt

 

Gülnarə Qəzənfər qızı Qənbərova
Naxçıvan Dövlət Universiteti
Memarlıq üzrə fəlsəfə doktoru

 

AZƏRBAYCANIN MEMARLIQ TARIXINDƏ NAXÇIVANIN ŞƏHƏRSALMA MƏDƏNIYYƏTI

 

Vüqarın Gəmiqaya, Əlincə əzəmətin,
Arpaçay namusundur, Araz çayı ismətin...
İlk yaranış ünvanı sənsən bəşəriyyətin
Ey Nuhun bu dünyaya ayaq basdığı məkan!
Naxçıvan!!!
“Elnur Kəlbizadə”

 

Azərbaycan şəhərlərinin öyrənilməsi onların memarlıq-tarixi ilə yanaşı, ölkənin ərazisində qalan arxeoloji və memarlıq abidələrinin, bu ərazilərdə məskunlaşmış xalqın mədəniyyət tarixinin öyrənilməsi deməkdir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Tikinti və Memarlıq üzrə Dövlət Komitəsi bir neçə il əvvəl, Azərbaycan Respublikasının tarixi əhəmiyyət kəsb edən və xüsusi layihələndirmə rejimi tələb edən 16 şəhərinin qorunub saxlanması üzrə birgə qərar qəbul etmişdilər.

Bu tarixi şəhərlər siyahısına Naxçıvan şəhəri də daxil edilmişdir. Azərbaycanın bir sıra şəhərləri kimi Naxçıvanın şəhərsalma mədəniyyəti də çox qədimdir və bir neçə mənbədən qaynaqlanmışdır. 1.Naxçıvanın əkinçiliyə yararlı münbüt torpaqların və su qaynaqlarının olması, əhalinin əkinçi həyat tərzinə, oturaq həyata keçməsi (e.ə.VI-IV minillik, enolit dövrü); 2. Qədim tayfaların məskunlaşması və tayfalararası əlaqələrin genişlənməsi (e.ə. VI-IV minillik, enolit dövrü); 3. Yerləşdiyi ərazinin yaxınlığında Antik dövlətlərin və mədəniyyətlərin inkişafı (e.ə. V-II minillik); 4. Bu dövlətlərlə ticarət əlaqələrin olması; 5. Ölkənin strateji vəziy yəti; 6. Təbii sərvətlərin olması.
          Əhalinin oturaq həyata keçməsi, əkinçiliyin inkişafı, burada tayfaların məskun laşması, yeni yaşayış yerlərinin salınması, əhali arasında əmlak və sosial differansiya  nın (fərqin) meydana gəlməsinə, bu isə öz növbəsində qanunauyğun olaraq siniflərin və dövlətin yaranmasına, yəni yeni şəhərlərin (antik şəhərlərin) yaranmasına və formalaşmasına gətirib çıxarırdı. Qədim şəhərlər aran yerlərdə, əhalinin sıx məskun laşdığı sahələrdə formalaşmışdır. Bu ərazilər əsasən su hövzələrində, əkinə yararlı əraziləri əhatə edirdi.
         Qədim ənənələrə görə şəhər kainatın simvolu kimi düşünülürdü. Simvol birmənalı deyil, dönüşlü idi. Şəhər təkcə Kainatı yox, eyni zamanda Allahın dərgahını tərənnüm edirdi, bu dərgah isə şəhər kimi, yəni “səməvi şəhər Qüds” idi. Dövlətlərin yaranması və inkişafı, onlar arasında münaqişələrin yaranması şəhərlərin memarlıq quruluşuna da təsir göstərir, şəhərin mürəkkəb formada inşasına gətirib çıxarırdı.
        Antik dövrdə şəhərləri insan bədənin quruluşu ilə eyniləşdirirdilər. Şəhərin mərkəzi hissəsində məbəd (insanın ürəyi), onların yanında dövlət binası (insanın başı), şəhər başçısının sarayı inşa olunurdu. Şəhər məhəllələrə bölünürdü (insan bədənindən axan qan damarlarını xatırladırdı). Məhəllələr ensiz küçələrlə meydana birləşirdi. Məhəllələr də öz növbəsində varlılar, sənətkarlar, kasıblar və s. bölünürdü. Şəhərlər möhkəmləndirilmiş qala divarları ilə əhatələnirdi (1,səh.57-58). Şəhərin əkin sahələri şəhərin qala divarlarından kənarda yerləşirdi. Bu təsvirlərə əsaslanaraq qədim Naxçıvan şəhərlərinin qalıqlarını aşkarlamaq olar. Bəlkə də qədim Naxçıvan şəhəri elə müasir şəhərin tikintiləri altındadır.
         Ərazinin təbii sərvətlərlə zəgin olması, sənətkarlığın inkişafı, şəhərin strateji cəhətdən yerinin düzgün seçilməsi, yaxın ölkələrlə ticari və mədəni əlaqələrin möhkəmləndirilməsi və s. şəhərlərin inkişafına səbəb olan digər  amillərdir.  İpək Yolu üzərində yerləşən və buna görə də mühüm  ticarət və sənətkarlıq mərkəzi hesab olunan  Naxçıvanın inkişaf etmiş antik ölkələrlə, orta əsrlərdə İran və Gürcüstanla, Qara dəniz limanları, Kiçik Asiya və Beynəlnəhreydəki şəhərlərlə sıx ticarət əlaqələrin olması bir sıra dövlətləri narahat etməyə bilməzdi və tarix boyu Naxçıvan şəhəri də daxil olmaqla onun ərazisi bir sıra ölkələrin hücumlarına məruz qalmışdır.
           E.ə. IX-VI əsrlərdə Mana və Midiya dövlətinin ən tanınmış şəhərlərindən olan Naxçıvan e.ə. 633-cü ildə skiflərin hücumuna məruz qalaraq xeyli zərər çəkmişdir. E.ə. VI əsrin ortalarından (e.ə. 550-ci il) e.ə. IV əsrin 30-cu illərinədək Əhəmənilər dövlətinin hakimiyyəti altında olan Naxçıvan IV əsrin sonlarından e.ə. I əsrin 1-ci yarısınadək Atropatenanın tərkibində olmuşdur. Bu dövrdə Naxçıvan Yaxın Şərqin bir sıra şəhərləri ilə  iqtisadi və mədəni əlaqələri genişlənmiş, antik dövlətlər ilə sıx ticrət əlaqələri olmuşdur. Eramızın əvvəllərində Albaniyanın tərkibində olan Naxçıvan şəhəri vilayət olmuşdur. Naxçıvan III əsrdən Sasani dövlətinin tərkibində olmuş, Sasani hökmüdarı II Şapur (309-379) yürüşü zamanı Naxçıvanı dağıtmış (364-367-ci illər), şəhərdən 18 min əsir aparmışdır. Sasani mərzbanların iqamətgahı Dəbildən Naxçıvana köçrülmüşdür. Burada sasani qoşunları saxlanılmışdır. Naxçıvan VII-VIII əsrlərdə ərəblər tərəfində işğal olunmuş, IX əsrdən  Sacilərin, Salarılərin, X əsrdə Rəvvadilər dövlətinin tərkibinə daxil edilmişdir. Bu dövrdə Naxçıvanda “Naxçıvan şahlığı” yaranmışdır. XI əsrdə Səlcuq İmperiyasının, XII əsrdə Atabəylər-Eldənizlər dövlətinin  paytaxtı olmuşdur. Eldənizlər dövründə Naxçıvan Azərbayca nın iqtisadi, siyasi, və mədəni mərkəzlərindən biri kimi dünya miqyasında şöhrət qazanmışdır.  XIII əsrdə monqollar tərəfindən dağıdılan Naxçıvan, 1257-ci ildə Hülakilər dövlətinin tərkibinə qatıldı. 1253-cü ildə Naxçıvanda olmuş filamand səyyahı Vilhelm de-Rubrik Naxçıvanı belə təsvir etmişdir. Monqollar şəhəri dağıdaraq boş səhraya çevirdilər. Bu dövrdə Naxçıvanın 5/6 hissəsi tamamilə dağılmışdır. XIII əsrin sonlarından Elxani hökmüdarı Qazan xanın həyata keçirdiyi iqtisadi və siyasi islahatlar nəticəsində Naxçıvan yenidən bərpa olundu və şəhərlər sırasına daxil edildi. Naxçıvan XIV əsrdən Çobani, Cəlairi, Müzəffərilərin, Teymurilərin hakimiyyəti altında olmuş, 1412-ci ildən Qaraqoyunlu, 1468-ci ildən Ağqoyunlu dövlətinin tərkibində olmuşdur. XVI əsrdə Naxçıvan Səfəvi dövlətinin aparıcı şəhərlərindən biri olmuşdur. Osmanlı-İran və İran-rus müharibələrində Naxçıvan dəfələrlə əldən-ələ keçərək dağıdılmışdır. XIX əsrdən başlayaraq  XXI əsrin əvvəllərinə qədər ermənilərin hücumlarına məruz qalmışdır. Bütün bunlara baxmayaraq Naxçıvan şəhəri  yenilməmiş və şəhər yenidən qurulmuşdur (14).
          Antik şəhərdən fərqli olaraq orta əsr Naxçıvan şəhəri relyefdə, təbii möhkəm- ləndirilmiş ərazidə salınmışdır. Tarixdən də göründüyü kimi bu dövrlər Naxçıvanın xarici hücumlara çox məruz qaldığı bir dövrdür. Bu baxımdan şəhərlərin möhkəm- ləndirilməsi üçün seçilmiş yer onun mümkün olan hücumlardan müdafiəsini təmin etməli idi.  Şəhər elə yerdə yerləşdirilmişdir ki, orada relyefdən bacarıqla istifadə etməklə onun hərbi qurğularla möhkəmləndirilməsi və qurğulara müqaisə olunacaq dərəcədə az vəsait, qüvvə və vaxt sərf olunsun. Bunun üçün Naxçıvan əhalisi təbii olan möhkəmləndirilmiş yer seçir və təbiət tərəfindən yaradılan manielər, çox cüzi əmək sərfi və böyük kəmiyyətdə tikinti materiallarından istifadə, öz zəmanəsinə görə yüksək müdafiə qabiliyəti yaradılmasına imkan verirdi (2,səh.7).
          Arasıkəsilmədən yaşayış məskəni olmuş Naxçıvanın ərazisində şəhər mədəniy- yətinin yaranma tarixini təyin etmək üçün bu ərazidə birinci növbədə insan cəmiyyə-ti nin inkişaf tarixinin çox böyük bir dövrünü araşdırmaq lazımdır. Bunu yalnız arxe-
oloji materiallar əsasında əldə etmək mümkündür.    
             Naxçıvan ərazisində tədqiqtlar 1848-ci ildə rus şərqşunası V.N. Xanıkov Naxçıvanın orta əsr abidələrini araşdırması ilə başlanmışdır. 1870-ci ildə Naxçıvanda müfəttiş işləmiş K.A.Nikitin duz mədənlərində istifadə olunmuş qədim daş gürz və baltalar aşkar etmiş, 1879-ci ildə İ.S. Polyakov Naxçıvan ərazisində axtarış işləri aparmış, zabit N.F.Fyodorov 1896-cı ildə Qızılvəng abidələrini tədqiq etmiş, 1926-cı ildə İ.İ. Meşşanikov, A.A.Miller, A.A. İessenin, T.C.Passek, B,A.Latınin Naxçıvan ərazisindən arxeoloji tədqiqatlardan zəngin materiallar toplamışlar (3, səh.7-8).  
         1923-cü ildə Azərbaycanda Azərbaycan Arxeoloji Komitəsi yarandıqdan sonra Naxçıvanın ərazisinə də bir sıra ekispedisiyalar təşkil edilmişdir (Ə.Ələkbərov, S.Qazıyev, İ.Cəfərzadə, J.İ.Hümmel). 1951-ci ildə O.H.Həbubullayev Naxçıvan şəhəri yaxınlığında 21 m-dən çox mədəni qata malik Kültəpə abidəsindən qazıntılar zamanı Enolit və Tunc dövrünə aid bir sıra materiallar əldə etmişdir (gildən düzəldilmiş xalça toxumaq üçün dəzgahlar, sümükdən düzəldilmiş cəhrələr, boyaq otlarından alınmış rənglər, keramik qablar və s.,2,səh.9-12). XX əsrin 60-70-ci illərindən başlayaraq professor Vəli Əliyev Naxçıvan şəhərinin, Şərurun bir sıra qədim yaşayış yerlərində arxeoloji qazıntılar aparmış, Gəmiqaya abidələrini tədqiq etməklə bu abidələri e.ə. 4-3 minilliyə aid etmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, t.e.n. Bəhlul Ibrahimovun ekspedisiya qrupu Ordubadın Xarabagilan ərazisində 20 ildən çox müddət ərzində arxeoloji qazıntılar apararaq e.ə. 2-1 minilliyə aid bir sıra maddi-mədəniyyən nümunələri aşkar etmişdir.
         2006-cı ildən Naxçıvan Muxtar Respublikası ərazisində Beynəlxalq arxeoloji ekispedisiyalar fəaliyyət göstərir. Bu ekspedisiyaların tərkibində Amerika Birləşmiş Ştatlarının, Fransanın,  Macarıstanın, İtalyanın, Türiyənin, İran İslam Respublikasının arxeoloqları da iştirak edirlər. Ötən əsrin 70-ci illərində alimlərimiz Naxçıvanın tarixinin 3500-4000 il olduğunu irəli sürürdülərsə, son dövrlər Şərur rayon Dizə kəndi ərazisində Ovçular təpəsində Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı dosent-doktor Katerina Maro və AMEA Naxçıvan bölməsinin tarix elimləri doktoru V. Baxşəliyev (4, səh.4), Babək rayonu Sirab kənd yaxınlığında t.e.doktoru V.Baxşəliyevin (5,səh.6), əsasən də Duzdağda Fransa BAM dosent doktoru Katerina Maro və Severine Sanzinin (6, səh.4) apardıqları tədqiqatlar nəticəsində mədəndən aşkar olunmuş tapıntılar-keramika məmulatları, daş alətlər sübut edir ki, eradan əvvəl V minillikdən başlayaraq Duzdağda duz çıxarılmış və bu materiallar əsasında da Naxçıvanda mədənçiliyin inkişaf etdiyini  sübut etmişlər (6, səh.4).
            Bir sıra tədqiqatlar ilkin şəhər mədəniyyətinin meydana gəlməsini I və II Kültəpə abidələri ilə əlaqələndirirdilər. Lakin Naxçıvan şəhəri ərazisində arxeoloji ekspedisiyalar tərəfindən aparılan ilk tədqiqat işləri (Araz arxeoloji ekspediyası) Nekrapolun Naxçıvanın şimal hissəsində indiki Naxçıvan Dövlət Universitetinin və  Hərbi şəhərciyin ərazisində yerləşdiyi ehtimal edilmişdir. Nekrapoldan 100-dən artıq maddi-mədəniyyət nümunələri tapılmış və bu nümunələrin e.ə. 2 minilliyin ikinci yarsına aid edilmişdir. Tədqiqatlar zamanı Naxçıvan şəhəri ərazisində Tunc dövrünə aid qəbir abidələri, Antik dövrə aid təsərrüfat binalarının qalıqları və qəbir abidələri də aşkar edilmişdir (7,səh.270-271;315).  
         Naxçıvanda şəhər mədəniyyətinin yaranma tarixinin qədimliyini sübut etmək üçün AMEA Naxçıvan bölməsinin əməkdaşları xarici arxeoloji ekspedisiya qrupları ilə birlikdə Naxçıvan şəhərinin ərazisi ilə yanaşı, Şərur rayon Tənnəm kəndində Arpaçayın sol sahilində yerləşən Qazma mağarasında (e.ə. 80-90 min il əvvəl    Mustiye mədəniyyəti), sonralar e.ə 3-cü minillikdə Kas türklərinin ərazisi olmuşdur (8), Ağsal yaşayış yerində (e.ə.3-1 minillik), Ərəbyengicə yaşayış yerində (e.ə.4-3 minillik), Qoşatəpə yaşayış yerində (e.ə. 4-2 minillik), Nəhəcir yaşayış yerində (e.ə. 4-2 minillik), Şaxtaxtı yaşayış yerində (e.ə. 4-3 minillik), Naxçıvan şəhərinin ərazisində (e.ə.3-2 minillik), Naxçıvandan on iki kilometr aralıda qalın dirəkli divarlar üzərində qaldırılmış Kültəpə 2 (e.ə. 2-1 minillik) və Kültəpə yaşayış yeri 1-də (e.ə.7-1 minillik), Vayxır Gavurqalada (e.ə. 2 minillik, 2,5 hektar sahəsi), Arpaçayın sağ sahilində yerləşən Qaratəpə dağında Oğlanqalada (e.ə. 2-1 minillik), qədim türk çelkan adı (9,səh.325-331) əsasında yaranmış Çalxanqalada (e.ə.2-1 minillik) tədqiqat işləri aparmışlar. Bu ərazilərdən qədim alətlərinin tapılması, yaşayış yerlərinin aşkarlanması, bu ərazidə çox qədimdən insanların məşkunlaşdığını sübuta yetirir. Naxçıvan şəhərinin  minilliklərdə təşəkkül tapan qədim şəhər mədəniyyətinin ən mühüm mərkəzlərdən biri olmasını təsdiq edir. Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranması tarixi nəinki 4000, hətta beş min ildən də çox olduğunu təsdiqləyir (10,səh.3).
          Naxçıvanda müxtəlif dövrlərdə məs. 983-1066-cı ildə “Naxçıvan şahlığının” yaranması (11,səh.1), 1136-cı ildə Atabəylər-Eldənizlər dövlətinin yaranması və Marağaya qədər uzanan bir ərazidə Naxçıvan-Marağa məkdəbinin fəaliyyəti və bu məktəbin banisi Əcəmi Əbubəkir oğlu Naxçıvaninin rəhbərliyi altında nəinki Naxçıvanın onun hüdudlarından da çox uzaqlarda memarlıq ansambıl və abidələrin yaranması Naxçıvanın şəhər mədəniyyətinin formalaşmasına təsir etmiş, onu paytaxta çevirmişdir.
          Orta əsr şəhərindən bizə qalmış alim və səyyahların verdikləri bir sıra məlumatlar və Naxçıvan şəhəri ərazisindəki memarlıq abidələridır.
         Orta əsr tarixçisi Stefan Olbelyani Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu haqda məlumat verir. Naxçıvan haqqında ilk yazılı məlumata Klavdiy Ptolemeyin “Coğrafiya” əsərində rast gəlinir. O, Naxçıvanın hələ miladdan öncə II yüzillikdə şəhər olduğunu xəbər verir. “Naksuana geniş ərazisi olan Vaspurakanın mərkəzidir. 37 nahiyyədən ibarət olan bu ölkənin bir nahiyyəsi də Naksuana təşkil edir (12). Məmmədəli Şərifli ərəb tarixçisi Kudamənin 928-ci ildə yazdığı kitaba əsaslanaraq Naxçıvan şəhərinin Vaspurakanın (Van gölünün cənub-qərbindən və Urmiya gölünün şimal-qərbindəki torpaqlardan başlayaraq indiki Naxçıvan Muxtar Respublikasının cənub qərb hissəsini əhatə edən tarixi vilayət) paytaxtı olduğunu yazmışdır (10,səh.3).
        XIII əsrdə müəllifi olmayan “Əcaib əd-Dünya” adlı əsərdə yazılıb: “ Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, malikanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində həmçinin gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üç və dördmərtəbəli köşklərin əksər qismi əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər(savad) olduqca gözəldir, axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan çəmənliklər var. Araz çayı şəhərin ərazisindən axır. Eldənizin mübarək zamanında Naxçıvan tamam əzəmətə çatdı. Orada  darul-mülk (şah iqamətgahı) və dövlətxana tikdilər” (13,səh.16)

yus

 

Bu təsvirdən göründüyü kimi, Naxçıvan XII yüzildə möhkəm qalası olan şəhəristan, ona bitişik daş divarlı içqala və onları dövrələyən bayır şəhər və bağlardan ibarət klassik orta əsr şəhərləri imiş. Eldəgizlərin intensiv tikinti işləri, çoxsaylı, çoxqatlı, müxtəlif tipli və kompozisiyalı binalar şəhərin Arazacan uzanan ərazisində böyük gözəllik və bədii rəngarəglik verirdi.
        Naxçıvana səfəri zamanı türk alim-səyyahı Ö.Çələbi Naxçıvan şəhəri haqqında yazırdı: “Naxçıvan şəhəri gözəldir, keçmişdə isə daha qəşəng olmuşdur, lakin monqollar bir çox tikililəri və Naxçıvan qalasını dağıdıb xarabaya çevirmişlər. Şəhərin osmanlı-səfəvi müharibələrindən qüvvətli ziyan çəkdiyini söyləmişdir. Naxçıvanda olarkən burada 10200 örtülü böyük torpaq ev, 70 cümə məscidi, 20 mehmanxana, 7 gözəl hamam, təqribən 1000 dükan olduğunu bildirir” (9, səh. 67)
Ö. Çələbinin verdiyi məlumata əsaslansaq həmin dövrdə Naxçıvanda 50000 əhalinin yaşadığı ortaya çıxır.
         XIII əsrdə Həmdyllah Qəzvini Naxçıvan haqqında yazmışdır ki, şəhər “gözəldir və Nəqşi-cahan adlanır”. Azərbaycan alimi Məhəmməd Hinduşah Naxçıvani  şahidlik edirdi ki, “Bağdad və Təbrizdən sonra Naxçıvan kimi gözəl şəhəri göz görməmiş, qulaq eşitməmişdir” (13,səh. 18)          
          Memarlıq doktoru C.Qiyasi orta əsr Naxçıvan şəhəri haqqında öz fikirlərini belə ifadə etmişdir: “XII yüzilin ikinci yarısında Naxçıvan beynəlxalq əhəmiyyətli böyük şəhərə çevriləndə Atabəylər memarlıq toplusu yaranmışdır. Orta əsrlərdə Azərbaycanın paytaxt şəhərlərində belə tərkibli memarlıq komplekslərinin olması zəruri şəhərsalma tələbi idi və Naxçıvan Atabəylər kompleksi belə mərkəzlərin quruluşu az-çox bizə bəlli olan ən əski örnəyidir” (13,səh.17).
           Tədqiqatçı Heydərov M. X. özünün “XIII-XVII əsrlərdə Azərbaycan şəhərləri və şəhər sənətkarlığı” əsərində mənbələrə əsaslanaraq yazır: monqol dövrünə qədər Şərqin böyük şəhərlərinin bir-neşə yüz min əhalisi olmuşdur, bəzilərinin əhalisi isə milyonu aşırdı. Məs. Səmərqənddə əhalinin sayı 400 min, Bağdadda 200 min olduğu halda, Naxçıvan şəhərinin əhalisinin sayı 80-100 min idi. R.A.Məmmədov isə Naxçıvanı Şərqin bir şox şəhərləri ilə müqaisə edərək, qeyd edir ki, XI-XII əsrlərdə şəhərin 150-200 min əhalisi olmuşdur (14,səh.35-36).
          Azərbaycan tarixinin araşdırıcıları Y.Mahmudlu, N.Məmmədova, İ. Zeynalov, K. Məmmədov, M. Abdullayev, R. Ağayevin tərtib etdikləri “Tarix” dərslik vəsaitində (15,səh.46), Azərbaycan Milli Elimlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunun 7 cilidlik dərc etdiyi “Azərbaycan tarixi” vəsaitində (16, 1cild) Azərbaycanda e.ə III  minilliyin sonu e.ə. II minilliyin ortalarında yaşayış məskənlərinin böyüyərək şəhər mərkəzlərinə çevrilməsi və Naxçıvan şəhərinin əsasının da məhs orta Tunc dövründə qoyulmasını bildirmişlər. Tədqiqatçıların bu materiallarına əsaslanaraq Naxçıvan şəhərinin 3500 il bundan əvvəl artıq şəhər kimi tanınması ortaya çıxır.
            Naxçıvan şəhərinin ərazisində aparılan tədqiqatlardan və yazılı mənbələrə əsaslanaraq deyə bilərik ki, şəhər mərkəzi müəyyən dövrlərdə şəhər ərazisinin müxtəlif ərazilərində yerləşmişdir. Orta əsrlərdə şəhər mərkəzinin şəhərin müxtəlif ərazilərində yerləşməsi, onun ərazisində gedən guclu müharibələrin və zəlzələlərin nəticəsində olmuşdur. XX əsrin ikinci yarısından isə şəhər ərazisinin böyüməsi ilə əlaqədar şəhər mərkəzinin yeri bir neçə dəfə köçrülərək, indiki H.Əliyev prospektindəki meydanda yerləşdirilmişdir.
            Arxeoloji tədqiqatlara və toplanan materiallara əsasən demək olar ki, Naxçıvan şəhərinin şimal hissəsində (e.ə 2 minillikdə), İndiki Universitet və Hərbi şəhərciyin ərazisində (NDU ərazisi 82 hektar), b.eranın 3-7 əsrdə “Yezdəgird qalası”nda və onun ətrafındakı ərazidə, XII əsrdə Eldənizlər dövrü-Mömünə xatun məqbərəsinin yerləşdiyi parkın ərazisində, 18 əsrdən 19 əsrin 40-cı illərinə qədər Bazar gölü adlanan Nizami küçəsindən (Cümə məscidinin arxasında yerləşən bağın ərazisindən) “Söyüdlü bilan” (İstiqlal küçəsi) küçəsinə qədər, 50-ci illərdə Böyük bağla üzbəüz, Nizami ilə M.S.Ordubadi küçələrinin kəsişdiyi ərazidə, 60-cı illərdən isə H.Əliyev prospektində, Dram teatrdan H.Əliyev muzeyinə qədər uzanan böyük məsafədə yerləşir. Şəhər ərazisi isə tədricən bu mərkəzlərin ətrafında formalaşaraq şəhərin şimalına döğru inkişaf etmişdir. Bunu şəhər ərazisində aparılan qazıntılar zamanı yer təbəqələrindən çıxan tikinti materiallarından, müasir tikintilərin altında qalmış yaşayış evlərindən və şəhər ərazisindən keçən kəhrizlərdən, bağlardan və şəhərin yaşlı nəslinin verdikləri məlumatlardan  təyin etmək olur.
            Naxçıvan şəhərinin müxtəlif dövrlərdə yerləşdiyi əraziləri tədqiq etsək görərik ki, e.ə salınmış qədim şəhərin ərazisinin memarlıq quruluşu orta əsr şəhərinin memarlıq quruluşundan fərqlənir.  Qədim şəhər aran ərazidə, orta əsrlərə aid şəhər və şəhər mərkəzləri strateji cəhətdən hündür mövqelərdə yerləşdirilmişdir.
          Yezdəgird qalasında və onun yeləşdiyi ərazidə  aparılan tədqiqatlar zamanı müxtəlif dövrlərə aid tapılmış maddi-mədəniyyət abidələri, küp və daş qəbirlər, bürclərində müxtəlif dövrlərdə aparılmış hörgü təbəqələri və onun memarlıq quruluşundan belə nəticəyə gəlmək olar ki, qala təyin edildiyi dövrdən çox öncə tikilmiş, qədim şəhər isə qalanın Narınqala hissəsinin qoşa bürcləri üzərində giriş baştağı istiqamətdə salınmış indiki qəbiristanlığın altında qalmışdır. Şəhərin müasir planına əsaslanaraq demək olar ki, o dövrdə şəhər şimal-şərq istiqamətdə yerləşmişdir. Qala isə onun cənub hissəsində inşa olunmuşdur. Qalanın ərazisi 11,5 hektar sahə olmaqla “Narınqala” və şəhər hissədən ibarətdir.

 

eld

 

Türbə ilə yanaşı, onun cənub şərq hissəsində qoşa minarə, türbədən 100 m şimala doğru Cami məscidinin və iqamətgahın dağıntıları 18 əsrə qədər qalmış və 18 əsrdə rus araşdırıcılarının tədqiqatlarından sonra memarlıq ansambılın tikililəri daqıdılaraq bu ərazidə yaşayış evləri inşa edilmişdir. 20-ci əsrin 70-80-cı illərində bu ərazidə Mömünə xatün türbəsinin ətrafında park salınmışdır. İndi də bu ərazi xalq arasında “Əcəmi seyrəngahı” kimi tanınır.         
          Yezidəgird qalası ilə  Eldənizlərin şah iqamətgahının yerləşdiyi ərazidə oxşar lıqlar çoxdur. Hər iki ərazidə təbii relyefdən bacarıqla istifadə olunmuş, şəhərin cənub, şərq və şimal hissələri  hündür, sərt qayalar üzərində qurulmuşdur. Bu ərazilərin strateji cəhətdən bu mövqelərdə yerləşdirilməsi orta əsir şəhərlərinin memarlıq quruluşundan xəbər verir. Qala və iqamətgahın yerləşdiyi ərazilərdən Araz boyu ərazilər aydın görsənir. Bu abidələr vasitəsilə Naxçıvanın orta əsr şəhərlərinin memarlıq quruluşunuvə planını təyin etmək olar.
          Şəhərin 1827-ci il iyunun 30-da çəkilmiş planına əsasən Naxçıvanın plan quruluşu haqqında müəyyən təsəvvür əldə etmək olur.  Planda  şəhər mərkəzində inşa edilmiş Cümə məscidi, hasara alınmış bazar, onun qarşı tərəfindən axan “Şəhər çayı” (əhali arasında bazar çayı adlanır), ondan cənubda Mömünə xatun türbəsi, Xan evinin binası, Köhnə qala, indiki Sarvanlar, Qurdlar, Şahab və Əlixan məhəllələrində evlər, şimala doğru indiki Bəhruz Kəngərlinin ev muzeyinin yerləşdiyi bina (yaşayış evi olub) və Şəhər çayı sahilində yerləşən bir neçə evlər  görsənir. Bu plandan  şəhərin   XVIII əsrin birinci yarsında yerləşmə planını təyin etmək olar ki, bu dövrdə şəhər Köhnə qala ilə indiki Əlixan məhəlləsinin, qərb hissədə isə Sarvanlar məhəlləsinə, indiki “Kalba Musa” keşməsi adlanan əraziyə qədər sahəni əhatə etmişdir.

 

nax

 

XVII əsrin  əvvəllərində  Naxçıvanda olmuş Övliya Çələbidən 20 il sonra Naxçıvanda olmuş Şarden, 1843-cü ildə Dübya de Monpere “bütün dövrlərin xarabalıqlarından” bəhs edərək, osmanlı-iran müharibələrindən sonra şəhərin mərkəzinin yenidən bərpa olunmasını bildirirlər. Şarden -Şəhərin mərkəzində iki tərəfdən dükanlar yerləşən, hər cür mal alveri gedən uzun qalareya və ya örtülü bazarlar (pasta bazarı), şəhərdə təqribən 2 min ev, beş karvansara, hamamlar, camaatın toplaşıb qəlyan çəkdiyi və ya qəhvə içdiyi böyük binaların olmasından söhbət açır (17,səh.20). Yaşlı əhalinin verdikləri məlimatlarla Şardenin məlumatları üst-üstə düşür. Əhali şəhər mərkəzini belə təsvir edir. Bazar çayının yuxarısında dördkünc bazar, bu bazarda karvansara və örtülü dükanlar var. Mərkəzi bazarla şəhər çayı arasında Cümə məscidi yerləşir. Məscidin qarşısında mədrəsə binası ucalır (1965-ci ilə qədər məktəb olmuşdur). Şəhərin mərkəzindən keçən şəhər çayı Cümə məscidinin qarşı tərəfindəki  həyətindən keşərək Bazar gölünə tökülür. Bazar çayının üzərində məsciddən şimal və bazar gölunun yuxarısında Şərq üslubunda tikilmiş hamamlar var. Bu hamamlardan biri arxeoloji qazıntılar zamanı tapılaraq yenidən bərpa edilmişdir (İsmayılxan hamamı). Çayın üzərində bir və iki mərtəbəli çiy və bişmiş kərpicdən evlər tikilmişdir. Məscidin həyətindəki binada (əvvəl mədrəsə olmuş) şəhər məktəbi yerləşir. Şəhər sakinlərinin məlumatlarından da aydın olur ki, şəhərin mərkəzi 18 əsrin 30-cu illərindən başlayaraq 20-ci əsrin 50-ci illərinə qədər bu ərazidə yerləşmişdir. Şəhərin ərazisi Yezidəgird qalasından başlayaraq şəhərin şimal hissəsinə doğru uzanan bir ərazini əhatə etmişdir. Şəhərin ərazisi-Qurdlar, Şahab, Əlixan, Sarvanlar məhəlləsindən ibarət idi.

qurd

 

Bu məhəllələrdə əsasən eyni tayfaya, nəsil və tirəyə mənsub ailələr yaşayırdılar. Bu məhəllələr indi də şəhərin mərkəzi küçələrində yerləşir. Hər bir məhəllə orta əsr şəhərlərinin memarlıq quruluşunu özündə qoruyub saxlayır.

sahab

 

Dar, ensiz küçələr ( bəzi küçələrin eni 1 m-dir), möhrədən və çiy kərpicdən, bişmiş kərpicdən tikilmiş bir və iki mərtəbəli həyətli evlər, bişmiş kərpicdən tikilmiş baştağlı taxta qapılar, küçələrin mərkəzindən axaraq bəzən həyətlərdən keçərək digər küçəyə çıxan sulu arxlar, həyətlərdən tikilən qırxpillələr və böyük küçələrdə üzə çıxan çeşmələr, dar küçələrin açıldığı məhəllə meydanları, medanlarda tikilmiş məscidlər (Şahab məhəlləsi məscidi, Zəviyyə məscidi), ticarət binaları və c. bütün bunlar orta əsr şəhər quruluşunun strukturunu və mədəniyyətini özündə qoruyub saxlayan şəhər mədəniyyətinin amilləridir.

sarv

 

Naxçıvan şəhəri orta əsr şəhərlərinin memarlıq qurluşunu özündə qoruyub saxlayır. Bu məhəllə və küçələr indi də əhali arasında öz keçmiş adı ilə adlandırılır və qorunub saxlanılır. Memar Roza Salayeva Naxçıvanda və onun bir sıra şəhər və kəndlərindəki abidələri araşdırmış və bu abidələrin yerləşdiyi məhəllələrin adlarını da qeyd etmişdir. R.Salayevanın məlumatına görə 1970-80-cı illərdə Naxçıvanda 9-Xıncov, Xoşulu, Əlixan, Pir qəmiş, Şahab, Kəliy bağ, Sarvanlar, Xoylu məhəllələri olmuşdur (18,səh.24-25)  Filalogiya elimləri doktoru A.N.Bağırov öz tədqiqatlarında 1590-cı illərin mənbələrinə əsaslanaraq orta əsrlərdə Naxçıvan şəhərində dörd deyil, 11 məhəllənin olduğunu və onların adlarının hansı mənvədən qaynaqlandığını araşdırmışdır. Qazılı-Cahan (başqa adı Xacə Mirxan), Seyid Hüseyin, Molla Əhməd, Mirzəbəy, Şahab, Künbəz (başqa adı Nuriıkəmanlar), Bala, Hacıbəy, Xuzəmərək, Tizxiran, Qala (9,səh.334-335). Məhəllə adlarından görsənir ki, XVI əsrdə hər məhəllə bir şəxsiyyətin, tayfanın və ya orada ucalan abidənin adı ilə adlanırdısa, XVIII əsrdən məhəllələr tayfa adları ilə adlandırılmağa başlanmışdır. 19-cu əsr məhəllə adlarının əksəriyyəti əhalinin köçüb gəldiyi yerin adı ilə adlanır. Müasir dövrdə də Naxçıvanda bu məhəllə adları əhali arasında davam edir. Məs. Pemeşenlilər, Zirnellilər və s.
          Naxçıvan şəhəri günü-gündən abadlaşır və boyüyür. Şəhərin əvvəlki nüfuzunu qaytarmaq, onun tarixiliyini yaşatmaq üçün burada yaşayan insanlar dayanmadan çalışırlar. Əhalinin məskunlaşdığı tarixi ərazilərvə abidələr bərpa olunur, yeni küçə və meydanlarda, binalarda təmir-tikinti işləri aparılaraq müasir formada qurulur. İ.Şopenin verdiyi məlumata görə XIX əsrin 30-cu illətinin başlanğıcında Naxçıvanda 873 ailə var idi. Həmin ailələrdən 127-si xan, bəy, sultan, yüksək rütbəli zabit, ali ruhani, axund, molla və s. ailələri təşkil edirdi. 11-ni hərbi vəzifəli şəxslərin ailəsi, 2-ni ali müsəlman ruhani ailəsi. 36-nı axund və molla, 22-ni seyid ailəsi, 3-ni dərviş ailəsi. 6-nə mirzə ailəsi təşkil edirdi.  873 ailədən 166-nı yüksək feodal məmur və rühani ailəsi təşkil edirdi. 707 ailə isə sənətkar, tacir və kəndli ailləri idi(17,   səh.45).
        XIX əsrin 60-70-ci illərindən başlayaraq Naxçıvan şəhərinin ərazisində layihə əsasında təmir-tikinti işləri aparılmağa başlanmış, yeni parklar, bağlar salınmış, yaşayış kvartalları, çoxmərtəbəli binalar inşa edilmişdir. 20 əsrin 70-80-cı illərində Köhnə qala ilə Qaraçuq arasındakı ərazidə Atabəylər, Əlincə və Babək adı ilə yaşayış kvartalları-mikraroyonlar (153 hek.sahə), 90-ci illərindən başlayaraq 21-ci əsrinə qədər bir müddətdə şəhərin qərb hissəsində Naxçıvan çayının sahilində 164 hektar sahədə “Yeni Naxçıvan” yaşayış massivi salınaraq, şəhərin ərazisinə daxil edilmişdir.

atabey

 

1995-ci ildən şəhərin cənubi-qərb hissəsidə 150 hek.sahə fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri əhaliyə paylanmışdır. 2002-ci ildə Əliabad qəsəbəsi (166 hek.sahə) və Xətai məhəlləsi (81 hek. sahə), 2009-cu ildən Tumbul (874,6 hek.sahə), Hacıniyyət (96 hek.sakə), Qaraxanbəy (619,7 hek.sahə), Qaraçuq (1440 hek.sahə), Bulqan (163,3 hek.sahə) kəndləri şəhərərin baş planına daxil edilmişdir. Şəhərin mərkəzi 166 hek. sahədə yerləşir. Naxçıvan şəhərinin ərazisi 2000-ci ildə 1955 hek. sahəni əhatə edirdisə, 2010-cu ildən 19180 hektar sahəni əhatə edir (19). Naxçıvan şəhərində 1926-cı ildə 10296 adam olduğu halda, 1958-60-ci illərdə  7200 ailə, 2007-ci illərdə 15200 ailə yaşayır. 2004-cü ildə əhalinin sayı 74000 nəfər, 2010-cu ilin 1yanvarında 75403 nəfər, 5 kənd şəhər ərazisinə qatıldıqdan sonra 84 min 734 nəfər olmuşdur (20).
          Naxçıvan xalqının çoxəsirlik şəhərsalma mədəniyyəti onun bugünkü və gələcək inkişaf yollarına xeyli dərəcədə təsir göstərir. Tarixi şəhərimizin varislik əlaqələrinin saxlanması aktuallığı nəzərə alınır. Memarlıq irsiyyətinə münasibət problemlərinin tendensiyaları və məsələləri hal-hazırda memarlıq irsinin mühafizə- sini, bərpasını və turizm funksiyalara uyğunlaşdırılmasını nəzərdə tutur və qədim şəhərlərin inkişaf məsələləri ilə kompleks şəkildə həll edilir.
           Şəhərin memarlıq-şəhərsalma inkişafı müasir dövrdə bir sıra çətinliklərlə qarşılaşır. Abidələrdə maddiləşən zaman əlaqələrini qorumaq zəruriliyi, tarixi şəhərin sərhədlərində müasir memarlıq tikililəri inşa edilsə belə, onun plan strukturuna qarşı qayğılı münasıbət yaradır.

xan

 

Naxçıvanda şəhərsalma strukturunun yaradılması zamanı əvvəllər mövcud olan şəhərsalma planlaşmasının formalaşmasına təsir göstərən amilləri diqqətlə tədqiq etmək, onu gələcək plan sistemlərilə, tarixi şəhər hüdudundakı yeni turizm binalar və qurğularla əlaqələndirmək vacibdir. Şəhərdə aparılan müasir tikilişin optimal variantını müəyyən etmək üçün ilk növbədə tarixi şəhər mühütünü maksimal saxlanmasının, tarixi formalaşmış şəhərsalma ənənələrinin yaradıcılıq baxımından dərk edilməsinin və inkişafının nəzərə alınması şərti ilə layihə həllərinin seçilməsinə analitik nöqteyi-nəzərdən yaşatmaq zərurudir.

cav

 

Naxçıvan şəhərinin rekonstruksiyası zamanı əsas məsələlərdən biri onların gələcək turizm sisteminin inkişafının (mədəni tarixi inkişafı nəzərdə tutulur), digər şəhərlər arasında yerinin, tarixi əhəmiyyətinin, qorununb saxlanan planlaşma strukturunun, tarixi abidələrinin, memarlıq ansambıllarının və turizm qurğularının müəyyən edilməsidir. Naxçıvanda MR-nın ərazisində 2008-ci ildə memarlıq abidələrinin siyahısı və tarixi arayışları tərtib edilmiş, irsiyyətin mühafizəsi zonalarının sərhədləri müəyyən edilmişdir.

 

Naxçıvanda gələcəkdə şəhərin bədii dəyərinin müəyyən edilməsi və müxtəlif küçədən açılan gözəl görünüşlərin göstərilməsi şərti ilə siyahıya alınmasıyla müşayyət olunmalı, köhnə tikilinin və küçələrin, ayrı-ayrı bina və qurğuların tikilmə dövrü, üslub mənsubiyyəti və texniki vəziyyəti tədqiq edilməli və  qədim şəhərin binaları müxtəlif rənglərlə nəzərə çarpdırılaraq, baş planda göstərilmələdir.

 

Naxçıvanın sakinləri özləri də bilmədən yaddaşlarında Naxçıvanın tarixini nəsillərdən-nəsillərə daşıyırlar. Onların söylədikləri şirinli-acılı xatirələrin içərisində Naxçıvan şəhərinin tarixi, memarlığı, adət-ənənələri yaşayır. Bu insanlar özləri də bilmədən xatirələrini informasiya kimi gələcəyə daşıyırlar.
    
Ədəbiyyat
1.    Ахундов Д.А. Архитектура древнего и ранне-средневекового Азербайджана. Баку,1986, 310 с.
2.    Allahverdiyeva S.Azərbaycanın müdafiə qurğularının memarlığı. Naxçıvan,
      2010, 88s
3.    Göyüşov R. Azərbaycan arxeologiyası. Bakı, İşıq, 1986,186 s.
4.    Şərq qapısı qəzeti. Yeni abidələr aşkar edilib. 7aprel 2010, sayi:61
5.    Şərq qapısı qəzeti. 1.Fransanın müxtəlif qəzetləri Naxçıvan MR-nin ərazisində olan Duzdağ mədənindən yazır: 2. Naxçıvan Kür-Araz mədəniyyətinin vətənidir. 10 dekabr 2010, sayı :225.
6.    Şərq qapısı qəzeti. Naxçıvanlılar bu qədim diyarın tarixinə böyük ehtiranla yanaşırlar. 25 avqust 2010-cu il, sayı :158.
7.    Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, 519 s.
8.    Cəfərov Ə. Naxçıvan Paleolit düşərgəsi. NDU-nin Elmi əsərləri, 1999, 4
9.    Bağırov A. Onomalogiya problemləri. I cild. Bakı, Elm və təhsil, 2010, 435 s.
10.    Şərq qapısı qəzeti. Naxçıvan şəhərinin öyrənilməsinə yeni töhfə. 11 iyun 2011, sayı:107.
11.     Şərq qapısı qəzeti. Naxçıvan daha böyük əraziləri əhatə edib. 7 iyul 2011, sayı:124.
12.     Google.az. Naxçıvanın tarixi. səh.12
13.    Qiyasi C. Nizami dövrü memarlıq abidələri. Bakı, İşıq, 1991, 264 s.
14.    Гейдаров М. Города и городское ремесло Азербайджана XIII-XVII в.в.. Баку,ЭЛМ, 1982, 280 с.
15.    Y.Mahmudlu, N.Məmmədova, İ. Zeynalov, K. Məmmədov, M. Abdullayev, R. Ağayev. Tarix. Bakı, 2006, 678 s.
16.    Azərbaycan tarixi. 7 cild, 1cild. Bakı, ELM, 2007, 590 s.
17.    Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Bakı, 1996,106 s.
18.     Салаева Р. Нахчыван населедие архитектуры. Баку, 2002, 237 с.
19.    Naxçıvan MR Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu.
20.     Naxçıvan Statistika idarəsi.

 

Saytdakı yeriniz: Əsas səhifə SİMPOZİUM Məqalələr Gülnarə Qənbərova. Azərbaycanın memarlıq tarixində Naxçıvanın şəhərsalma mədəniyyəti.
Yuxarı qayıt