İbrahim Kazımbəyli. Naxçıvan və İrəvanın qədim əhalisi.

Çap

 

İBRAHİM KAZIMBƏYLİ
Naxçıvan Özəl Universiteti

 NAXÇIVAN VƏ İRƏVANIN QƏDİM ƏHALİSİ

 Naxçıvan və İrəvanın qədim əhalisi problemi, bütövlükdə Azərbaycanın qədim əhalisi mövzusunun tərkib hissəsidir. Azərbaycanın qədim əhalisi mövzusuna dair, hələlik kompleks və hərtərəfli araşdırmalar aparılmamış, ümumiləşdirici kitab və ya monoqrafiya çap edilməmişdir. Lakin mövzunun bu və ya digər məsələləri yeddicildlik Azərbaycan tarixinin birinci cildində əks olunmuşdur. Bu cild xronoloji cəhətdən ən qədimdən – e.ə.III əsrədək olan dövrü əhatə edir.

Burada əhali haqqındakı problemlər İ.Əliyev, S.Qaşqay, R.Məlikov və b. müəlliflərin monoqrafik tədqiqatlarının nəticələrinə əsaslanır. Onun başlıca müddəaları isə Azərbaycan tarixşünaslığında tədqiq olunan konsepsiyaya, yəni burada yaşayan əhalinin yerli dilinin İran dilləri ilə, sonra isə onun türk dililə əvəz edilməsinə əsaslanır. İ.Əliyev yazır ki, “Biz Vətənimizin tarixində müəyyən dövrdə irandilli tayfaların üstün aparıcı rolu, Cənubi Azərbaycanın bir çox yerli tayfalarının iranlaşması, Atropatena dilinin İran xarakteri haqqında danışarkən daha erkən zamanlarda Cənubi Azərbaycan zonasında və onunla qonşu olan ərazilərdə yaşamış Kuti, Lullubi, Lurri, Manna qruplarını, başqa tayfaları və xalqları Azərbaycan xalqının əcdadları sırasından heç də çıxarmırıq (1, 270). Müəllif daha sonra “hazırda türk dillərindən birində danışan azərbaycanlılar” ifadəsilə xalqın kimliyini də şübhə altına alır və s. Digər bu yönlü tədqiqatlar üzərində xüsusi dayanmadan qeyd etmək lazımdır ki, Azərbaycanın qədim əhalisi mövzusunun dərindən araşdırılmasına böyük ehtiyac vardır. Təbii ki, bu sahədə Azərbaycanın tarixi – coğrafi bölgələri üzrə qədim əhalinin öyrəniləməsi xüsusi əhəmiyyətə malikdir. Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra bu sahədə olan işlər sistemli xarakter daşımış oldu.
Azərbaycanın Naxçıvan və İrəvanın qədim əhalisinin öyrənilməsi bu problemin araşdırılmasında önəmli yer tutur. Son dövrdə Azərbaycan tarixçilərinin, o cümlədən AMEA-nın Naxçıvan bölməsində çalışan alimlərin tədqiqatları bu vacib problemə aydınlıq gətirməyə imkan verir.
Azərbaycanın Naxçıvan və İrəvan bölgələri insanın təşəkkülü tarixi, arxeoloji dövrlər, ilk dövlətlərin yaranması və sonrakı etapları ardıcıl şəkildə keçmişdir. S.Qaşqay Azıx mağarasından bəhs etdikdən sonra yazır ki, “paleolit dövrünə aid insan məskənləri Azərbaycanda Tağlar, Daşsalahlı, Qazma və Buzeyir mağaralarında; indiki Ermənistanda (İrəvan bölgəsi. – İ.K.) Catkran – Çatıqıran, Nurnus və b. mağaralarda aşkar edilmişdir”.
Azərbaycanın Naxçıvan və İrəvan bölgələrində eneolit dövrü (e.ə. V – IV min.) abidələri, xüsusilə I Kültəpə yaxşı tədqiq edildiyindən (7) o dövrdəki əhali haqqında da müəyyən təsəvvürlər yaratmağa imkan verir.
Arxeoloji materiallar şumerlərin Naxçıvan və İrəvan bölgəsində yaşadığını söyləməyə əsas verir. Tədqiqatların yazdığına görə, “bir tərəfdən iqtisadi-mədəni əlaqələr, digər tərəfdən isə əhalinin miqrasiyası vasitəsilə Mesopotamiya sivilizasiyasının müəyyən nailiyyətlərinin mənimsənilməsi ibtidai iqtisadiyyatın inkişafına əhalinin daha geniş ərazilərə yayılmasına səbəb olmuşdur” (2, 17). Neolit dövründə meydana gələn istehsal təsərrüfatı (“neolit sivilizasiyası”) eneolit dövründə inkişaf etmişdir. Kültəpədən tapılmış arxeoloji məlumatlar əhalinin bəzi sənətkarlıq sahələri (dulusçuluq, metalişmə, toxuculuq və s.), eyni zamanda əkinçilik və maldarlıqla məşğul olduğunu göstərir.
Istehsal təsərrüfatının yaranması və inkişafı ilə əhalinin yayıldığı ərazi, sayı, məskənləri də artır. Bu Naxçıvan və İrəvanın ilk tunc dövrü və ya Kür-Araz mədəniyyətinə aid abidələrində özünü göstərir. Bu dövrdə əhali içərisindəki sosial münasibətlərdə dəyişiklik baş verir (patriarxal ailə təşəkkül tapır, kişinin rolu artır və s.), dini təsəvvürlər inkişaf edir. Istehsal prosesi də təkmilləşir. Bölgələrdə Kür-Araz mədəniyyətinin daşıyıcıları kutilər və lullubilər idi. Kutilər və lullubilər haqqında S.Qaşqayın tədqiqatlarında məlumatlar ümumiləşdirilmişdir (5, 34-35; 9, 29-31).
Orta tunc dövrünə aid arxeoloji abidələr, bu dövrdə əhali və onunla bağlı problemlər V.Əliyevin əsərlərində (4; 8) geniş tədqiqat obyekti olmuşdur. Orta tunc dövründə qəbilə və tayfa ittifaqları meydana gəlməyə  başlayır, şəhərlərin təşəkkülü genişlənir. V.Əliyev yazır ki, “Yaxın Şərq ölkələri ilə Azərbaycanı, eləcə də bütün Cənubi Qafqazı əlaqələndirən əsas ticarət yollarının kəsişdiyi əlverişli mövqedə yerləşən iri tayfa ittifaqları məskənləri iqtisadi mədəni cəhətdən yüksək inkişaf tapdı və nəticədə Naxçıvanda ilkin şəhərlər meydana gəldi. Bu qədim şəhər mərkəzləri sahəsinin böyüklüyünə və əhalisinin sayına görə iki qrupa ayrılır. Birinci qrupa sahəsi 6-10 hektar, ikinci qrupa isə 30-40 hektar olan qədim şəhər mərkəzləridir. Belə şəhərlərdə yaşamış əhalinin sayı təxminən 5000-10000 nəfər olmuşdur” (4, 14). Aydındır ki, bu cür şəhər əhalisinin varlığını davam etdirməsi (ərzaq təminatı və s.) inkişaf etmiş kənd məskənləri sistemini malik olmalı idi. Son tunc və ilk dəmir dövründə əhalinin sosial-iqtisadi inkişafı, xarici təsirlər və s. dövləti meydana gəlməsinə səbəb olmuşdur. Naxçıvan və İrəvan bölgəsinin müəyyən hissəsi Manna dövlətinin (e.ə. IX-VI əsrlər) daxil olmuşdur. Mannanın əsas əhalisi mannalılardan ibarət olmuş, bununla birgə əhalinin miqrasiyası nəticəsində skif və kimmerilər də müəyyən yer tutmuşdur (9, 36).
Tarixdən məlumdur ki, Azərbaycan tarixinin müəyyən dövrləri Midiya (e.ə. VII əsrin sonları – VI əsrin ortaları) və Əhəməni dövlətilə (e.ə.550-330-cu illər) əlaqəli olmuşdur. V.Əliyev təxminən bu dövrdən bəhs edərkən belə bir fikrə gəlir ki, “miladdan əvvəl II – I minilliklərdə Naxçıvan ərazisində Mehri etnoslarının da sakin olması haqda mülahizə söyləmək mümkündür” (4, 20). Bu mülahizəyə əsaslanan müəllif belə bir nəticəyə gəlir ki, “Naxçıvanla yanaşı (cənub şərqdə), Arazın sol sahilində yerləşən Mehri regionu sübut edir ki, Azərbaycanın qədim etnoslarından biri olan Mehranilərin Urmiyadan Naxçıvana qədər olan ərazilərdə də yaşamışlar. Deməli, Araz sahilindəki Mehri bölgəsi tarixən Naxçıvan ərazisinə məxsus olmuşdur” (4, 21).
Əhəmənilər dövründə Azərbaycan əhalisinin etnik tərkibindən bəhs edən R.Məlikov, həmin dövrdə əhalinin yalnız İran dilləri və Şimali Qafqaz dillərində danışan etnoslardan ibarət olduğunu iddia edir (10, 176-177). Türk tayfalarından isə bəhs olunmur.
Əhəmənilər dövləti M.İsgəndərin (e.ə.336-323-cü illər) yürüşləri nəticəsində dağıdılır. M.İsgəndərin ölümündən sonra onun imperiyası dağılır. Azərbaycan ərazisində Atropatena və Albaniya dövlətəri təşəkkül tapır. Naxçıvan tarixi-coğrafi baxmından Atropatena, İrəvan isə Albaniya dövlətinin tərkibinə daxil idi. Bölgələrin əhalisi də bi dövlətlərin əhalisinin tərkib hissəsi idi. Irəvan bölgəsi utilərin adı ilə Etinni adlandırılırdı (11, 29). Eramızın III əsrində Sasanilər dövlətinin yaranması və işğalçılıq siyasəti öyrənilən bölgələrin əhalisinə də öz təsirini göstərdi.
Hər bir tarixi mərhələdə yaxın və uzaq ətraf ərazilərdən Azərbaycana müxtəlif mənşəyə, dilə, adət-ənənəyə və dini etiqadlara malik insanlar köçüb gəlmişdir. Tarixi inkişaf dövründə bura gəlmiş tayfalar (ərəblər, tatlar, farslar, monqollar və s.) arasında türklər sayca üstünlük təşkil etmişdir. Ona görə bölgələrə miqrasiya etmiş əhalini əsas hissəsi türklərə qaynayıb qarışmış, onların dilini, dinini, adətlərini qəbul etmişdir.
Nəticədə hələ qədim dövrlərdən bu torpaqlarda vahid bir türk milləti formalaşmışdır.
Ədəbiyyat
1.    Azərbaycan tarixi. 7 cilddə. I c. (ən qədimdən – b.e. III əsri). Bakı, 1998
2.    Baxşəliyev V.B., Seyidov A.Q. Naxçıvanın qədim tarixi (etüdlər). Bakı, 1995
3.    Baxşəliyev V. M.ə. IX-VI əsrlərdə Naxçıvanda etnik-mədəni proseslər // Naxçıvan tarixinin səhifələri. Bakı, 1996, s.59-61
4.    Əliyev V.H. Naxçıvan. Bakı, 2002
5.    Qaşqay S. Asiyada miqrasiya proseslərinə dair. Bakı, 2009
6.    Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki (orta əsrlər dövrü). Bakı, 1977
7.    Абибуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, 1982
8.    Алиев В.Г. Культура эпохи средней бронзы Азербайджана. Баку, 1991
9.    Кашкай С.М. Из истории Маннейского царства. Баку, 1977
10.    Меликов Р. Этническая картина Азербайджана в период ахеменадского владьчества (VI-IV вв. до н.э.). Баку, 2003
11.    Сафаров Р. Изменение этнического состава населения Иреванской губернии в XIX – ХХ веках (этнодемографическое и этнографическое исследование). Баку, 2009