Azad Zeynalov. Naxçıvan ərazisi orta paleolit dövründə.

Çap

 

A.Ə.Zeynalov

 NAXÇIVAN ƏRAZİSİ ORTA PALEOLİT DÖVRÜNDƏ

 

Öyrənilmə tarixi
İnsanın formalaşma dövründə Azərbaycanın ərazisində əlverişli paleoiqlim şəraitin olmasına baxmayaraq, burada paleolit dövrün tədqiqinə yalnız XX əsrin əllinci illərində başlanılmışdır. Naxçıvan MR ərazisində ibtidai insanın əsas sığınacağı olan karst mağaralarının nisbətən geniş inkişaf etməsinə baxmayaraq, yalnız 1983 ildə buna təsədüf edilib. Lakin qeyd etmək lazımdır ki, Naxçıvan ərazisində qədim daş dövrünə aid ilk tədqiqatlara hələ XIX əsrin sonlarında cəhd olunmuşdur.

1879-cu ilin payızında Cənubi Qafqazda qədim insanın izlərini tapmaq məqsədi ilə İ.S.Polyakov tərəfindən bu ərazidə arxeoloji kəşfiyyat işləri aparılmışdır [Поляков, 1882]. Arxeoloji kəşfiyyat işləri əsasən Naxçıvanın Ordubad rayonunda yerləşən Kilit kəndinin ətrafında aparılmışdır.
Bir sıra mağaraları nəzərdən keçirdikdən sonra tədqiqat üçün Kilit mağarası seçilib. Bir neçə şurfun qoyulduğuna baxmayaraq, nə Kilit nə də Naxçıvan ərazisində tədqiq olunan başqa mağaralarda daş dövrün izləri tapılmamışdı.
Yuz il keçdikdən sonra, 1983-cü ildə M.M.Hüseynov və Ə.Q.Cəfərovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspedisiyası, Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji kəşfiyyat işləri aparmışdı. Tədqiqatlar əsasən Naxçıvan MR Ordubad və Şərur rayonları ərazisində aparılmışdır. Bir sıra mağara (Kilit, Qara zağa və s.) və terraslara baxdıqdan sonra, içərisində torpaq çöküntüsü olan Qazma mağarasında kəşfiyyat qazıntısı aparılmışdır. Nəticədə Naxçıvan ərazisində ilk paleolit düşərgəsi – Qazma mağarası qeydə alınmışdır [Гусейнов, 1985]. Burada 1987-1990-cı illərdə Ə.Q.Cəfərovun rəhbərliyi altında, 2008-2010-cu illərdə isə A.Ə.Zeynalovun rəhbərliyi altında arxeoloji qazıntılar aparılmışdır.
Paleocoqrafiya
Naxçıvan MR ərazisi öz təbii şəraitinə görə Azərbaycanın başqa ərazilərdən kəskin fərqlənir. Bu fərq karst relyef formalarında da özünü büruzə verir. Ərazidə müşahidə edilən karst mağaralarına müasir təbii şəraitinin deyil, vaxtı ilə burada mövcud olmuş əlvrişli iqlim şəraitin məhsulu kimi baxmaq lazımdır. Naxçıvan MR ərazisi paleogen dövrünün sonundan başlayaraq intensiv tektonik qalxma hərəkətlərinə və dağəmələgəlmə proseslərinə məruz qalıb, miosen dövrünün axırlarından birdəfəlik dəniz sularından azad olunmuşdur [Азизбеков, 1961]. Həmin dövrdən başlayaraq, başqa ekzogen relyefəmələgətirici proseslərlə yanaşı, karst prosesləri də yumşaq isti və rütübətli iqlim şəraitində inkişaf etmişdir.
Naxçıvan MR ərazisində karst mağaralarının yayıldığı sahələrdən biri Qarabağlar-Tənənəm kəndləri istiqamətində, Ordubad sinklinorisinin şimal-qərb hissəsində, dəniz səviyyəsindən 1500 m yüksəklikdəki sahədir. Məhz bu sahədə Qazma mağarası qeydə alınmışdır.
Qazma mağarası Naxçıvan Muxtar Respublikası Şərur rayonu ərazisində, Tənənəm kəndindən 3 km cənub-şərqdə, Qazma dərəsində, Arpa çayından 14,5 km aralıda, dəniz səviyyəsindən 1508 m hündürlükdə yerləşir  (şəkil 1) [Hüseynov və b., 1991].
Qazma mağarası üst trias yaşlı dolomitli əhəngdaşılarında əmələ gəlmişdir. Mağara girəcəkdə eni 6 m və hündürlüyü 2 m olan dəhliz şəklində uzanır. 12-ci m-də mağara 2 qola ayrılır. Sol qol 13 m pilləvari şəkildə (pillələrin hündürlüyü 0.5-1 m) 60°-lik bucaq altında tavana doğru qalxaraq qıfla qurtarır. Mağaranın qurtaracağı ilə girəcəyi arasındakı hündürlük fərqi 10 m-ə çatır. Görünür, intensiv qalxma zamanı mağaranın şaquli vəziyyətdə enən və daha qədim çay terrası səviyyəsinə uyğun gələn dib hissəsi, qalxmanın sakitləşdiyi dövrdə isə onun üfüqi vəziyyətdə yerləşən və nisbətən cavan çay terrasları səviyyəsinə uyğun gələn ön hissələri əmələ gəlmişdir [Əyyubov, Əliyev, 1973].
Stratiqrafiya
Mağarada 35 kv metrdən artıq səhə qazılıb (şəkil 2), nəticədə mağaranın ağız hissəsində 6 metrlik və içərisində təxminən 3 metrlik eninə kəsik alınıb. Arxeoloji qazıntılar nəticəsində mağarada alınmış 3 metrlik çöküntülərdə 6 təbəqə müəyyən olunub.
I təbəqə qara çürüntülü torpaqdan ibarətdir. Təbəqədən eneolit, tunc və orta əsr dövürlərinə aid gil qab qırıqları və ev heyvanlarının sümük qalıqları aşkar olunub. II və III təbəqələr müxtəlif rəngli gillicə torpaqdan ibarətdir. Təbəqədə qaya daşı qırıqlarına və mağaranın tavanından düşmüş stalaktit parçalarna rast gəlinir.
Daha çox diqqəti cəlb edən IV-VI təbəqələrdir. Həmin təbəqələrdən mustye dövrünə aid daş alətlər və ovçuluq təsərrufatı ilə bağlı sümük qırıqları aşkar olunub. Ümumiyyətlə IV-VI təbəqələr litoloji cəhətdən eynidir: bu eyni rəngin müxtəlif çalarlarını əks etdirən gillicə torpaqdan ibarətdir. Təbəqələrdə qaya daşı qırıqları, ocaq və gil layları müşahidə olunur.
Qazma mağara paleolit düşərgəsində 4 ocaq aşkar olunmuşdur. Onlardan biri, ən böyüyü, V təbəqənin "0" xəttindən 290 sm dərinliyində C-6, D-6 kvadratlarında yerləşirdi. Ocağın diametri 1.5 m bərabərdir, külün qalınlığı isə 20 sm çatırdı. İkinci ocaq VI təbəqənin C-4 kvadratında aşkar olunmuşdur. Ocağın diametri 0.5 m, külün qalınlığı isə 10 sm çatırdı. Maraqlı odur ki, təsvir olunan ocaq yeri xüsusi olaraq üç tərəfdən iri daşlarla əhatə olunmuşdur. Ocağın açıq tərəfi mağaranın ağzına baxırdı. Daha kiçik ücüncü ocaq isə, VI təbəqənin A-3 kvadratın, mağaranın sərq divarı dibində yerləşirdi. Dördüncü ocaq 2010-cu ilin tədqiqat mövsümündə aşkar olunmuşdur. Ocaq V təbəqədə, "0" xəttindən 280 sm dərinliyində F-6 kvadrat ilə F-5 kvadratın kəsişməsində, mağaranın qərb divarının dibində yerləşirdi. Ocağın diametri 43 sm, qalınlığı isə 13 sm çatırdı (Şəkil 3). Ocağın içində bərkimiş kül və yanıq sümüklər var idi. Artıq bu sayca dördüncü ocaq yeridi və ilk dəfədir ki ocaq yeri mağaranin maili olan şərq divarı tərəfində yox, qabarıq olan qərb divarı tərəfində tapılmışdır. Ocağın tədqiq olunan sahədə yerləşməsi V təbəqənin tapıntı planında təsvir olunub (Şəkil 4).
Fauna
Qazma mağarasında aparılan arxeoloji tədqiqatlar nəticəsində 17,000-dən artıq heyvan sümükləri aşkar olunmuşdur. Sümüklərin əksəriyyəti çapılıb doğranmış vəziyyətdə olduğuna görə, onların təyinatı çətinləşmişdir. Sümüklərin hansı heyvan və quş növlərinə aid olması əsasən diş və çənə qırıqları əsasında təyin olunmuşdur. Düşərgədən tapılmış sümük məmulatlarının təyini D.V.Haciyev və S.D.Əliyev tərəfindən olunub. Onların tərkibində 24 növ fauna qalığı müəyyən olunub: it (Canis), porsuğ (Meles), mağara şiri (Panthera speiaeus Goldf.), mağara ayısı (Ursus spelaeus Ros. et Hein.), at (Equus), pleystosen eşşəyi (E. hydruntinus Reg.), maral (Cervidae), ibtidai öküz (Bos primigenius Bojan.), ceyran (Gasella subguttorosa Güld.), keçi (Capra), qoyun (Ovis), dovşan (Lepus), qəmiricilər (Rodentia) və teriofaunanın digər növləri [Джафаров, 1999].
Tədqiqatlar göstərir ki, sümüklərin əksəriyyəti iri heyvanlara məxsusdur. Onlar da görünür ibtidai insan üçün əsas ov obyekti olmuşdu. Bunlar əsasən pleystosen eşşəyi, ceyran, maral, keçi idi. Bu heyvan növləri mustye dövrün bütün təbəqələrində müşahidə olunur. IV-VI təbəqələrdə sümüklərin sayı bir neçə dəfə artır. Daha aydın bu diaqram 1-də görünür.

 Diaqram 1

diaq1

 Bu isə bu təbəqələrdə mustye dövrü insanların yaşamaqları ilə bağlıdır. Çünki məhz bu təbəqələrdə sümük məmulatları ilə yanaşı, əmək alətləri də aşkar olunmuşdur. Mağaranın IV-VI təbəqələrindən aşkar olunan fauna qalıqları göstərir ki, bu dövrdə düşərgə sakinlərinin əsas məşğuliyyəti ovçuluqdan ibarət olmuşdur.
Sümük məmulatının kolleksiyasında 2 ədəd işlənmiş sümük qeydə alınmışdı (Şəkil 5. 2-3). Onların ikisi də deşilib. Biri tam axıra kimi, biri isə qismən deşilib. Tam deşilən sümük ceyranın aşıq sümüyüdür. Görünür sümük bəzək və ya amulet kimi iptən asılaraq istifadə olunub. Deşiyin böyründə ipin izləri bunu aydın göstərir (Şəkil 5. 2). Şəkil 5. 1-də təsvir olunan sümükdə də deşiyin olmasına baxmayarq, onun insan tərəfindən acılması şübhə doğurur.
Paleoekoloji şərait
Reqionda ibtidai insanın yaşadığı dövrdə (mustye dövründə) paleoekoloji şəraiti müəyyən etmək üçün heyvanat aləminin öyrənilməsi ilə yanaşı palinoloji və qranulametrik analizdir. Bu məqsədlə Qazma mağarasının eninə kəsiyindən palinoloji analiz üçün 12 nümunə və qranulametrik analiz üçün 6 nümunə götürülüb tədqiq odilib. Bu tədqiqatların nəticəsində müəyyən olunub ki, mustye dövründə insanın yaşaması üçün, muasir dövründən fərqli olaraq daha əlverişli şərait olub [Зейналов, Велиев, Тагиева, 2010]. Quraqlığa baxmayaraq iqlim indikindən daha rütubətli olub.
Maraqlı odur ki, ibtidai insanın Qazma mağarasında yaşaması ərazidə iqlim rütubətliyinin artması ilə üst-üstə düşür. Rütubətin azalması ilə insanlar da mağaranı tərk edirlər.
Daş məmulatı
Qazma mağarasından 874 ədəd daş məmulatı aşkar olunmuşdur. Onların 83% V və VI təbəqələrdəndi (732 ədəd). Təbəqələr üzrə daş məmulatının sayı diaqram 2-də təsvir olunub.

Diaqram 2

diaq2

 Daş məmulatının əsas hissəini - 780 ədədin dəvəgözü daşı təşkil edir, 93 ədədi çaxmaq daşı, 1 ədədi isə çaxmağlaşmış tufdan ibarətdir. Dəvəgözü daşı mağaranın sakinləri, mağaradan 14 km aralıda yerləşən Arpaçayın yatağlarından yığırdılar. Xam malın mənbəyi isə Kəlbəcər dağlarında yerləşir.
Qazma mağarasında 3 nüvə aşkar olunmuşdu - 2 dəvəgözü daşından 1 isə çaxmaq daşındandır. Dəvəgözü daşından nüvələr tam işlənmişdi və qalıq şəkildə bizə çatıb. Buna görə də onların ilkin forması levallua nüvəsi olduğunu biz yalnız mağaradan tapılan levallua qəlpələri və lövhələri əsasında deyə bilərik. Ən iri nüvə V təbəqədə tapılmışdır (Şəkil 5. 11). O iri çox sətxli çaxmaq daşından xazırlanmış nüvədir. Onun bir tərəfində təbii qabıq qalıb. Nüvənin üzərində qalan izlərdən görünür ki, ondan əsasən qəlpələr qoparılmışdır.
Qazma mağarasından aşkar olunmuş əmək alətləri arasında aşağıdaki alət tipləri müəyyən edilib: mustye və levallua itiuçluları, sadə düz bir işlək ağizli, künclü, konvergent və sadə batıq qaşovlar, limaslar, bıçaqlar və s. Daş məmulatı arasında istehsal tullantıların qeydə alınması düşərqə sakinlərinin burada qismən alət hazırladığını söyləməyə imkan verir. Daş alətlərin nümünələri Şəkil 5 təsvir olunub.
Qazma mağarasının daş alətləri araında əsas yeri levallua və mustye itiucluları və qaşovlar tutur. Daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinə görə, onların mustye mədəniyyətinə aid etmək olar. Alətlərin bəzi tipləri Azıx və Tağlar mağaralarından da tapılmışdır. Belə ki Qazma mağarasında aşkar olunmuş künclü qaşovlar Tağlar mağarasını əsas qaşov novünü təşkil edir [Джафаров, 1983].
Nəticə
Mustye dövründə Naxçıvan ərazisində, quraqlığa baxmayaraq, iqlim indikindən daha rütubətli idi. İbtidai insanın Qazma mağarasında yaşaması, ərazidə iqlim rütubətliyinin artmasi ilə üst-üstə düşür. Rütubət azaldıqça insan da mağaranı tərk edir.
Qazma mağarasının sakinlərinin əsas ov obyektləri pleystosen eşşəyi, ceyran, maral və keçi idi. Onların qalıqları mustye dövrün bütün təbəqələrində müşahidə olunur.
Daş məmulatı arasında istehsal tullantılarının qeydə alınması düşərgə sakinlərinin burada alət hazırladığını söyləməyə əsas verir.
Mağarada, kiçik bir sahədə bir neçə ocaqların mövcud olması Qazma mağarasında yaşayan ibtidai insanların oddan geniş istifadə etdiklərini və uzun müddət yaşadıqlarını göstərir.
2010-cu ilin tədqiqat sahəsının tapıntılar planında (Şəkil 4) aydın görünür ki, arxeoloji materiallar əsasən ocağın ətrafinda cəmləşib, bu isə mağara sakinlərinin əsasən ocaq ətrafinda yığışdıqlarını və burada daha çox vaxt keçirdiklərini göstərir.
Qazma mağarasında aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinə görə, onların mustye mədəniyyəti dövründə hazırlandıqlarını söyləmək olar. Tapılmış maddi mədəniyyət qalıqlarının zənginliyi isə düşərgə sakinlərinin bu ərazidə uzun müddət yaşadıqlarını göstərir.
Qazma mağarasında arxeoloji qazıntı işlərinin davam etdirilməsi məqsədəuyğundur. Bunun daş dövrünün tədqiq olunmasında mühüm elmi əhəmiyyəti vardır. Qazma mağarasında aşkar olunan maddi mədəniyyət qalıqlarının tədqiqi Azərbaycan paleoliti ilə Yaxın Şərq ölkələri ərazisində olan daş dövrü abidələrinin xüsusiyyətlərinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir və ibtidai insanların məskunlaşmasının coğrafiyasını təyin etməyə zəmin yaradır.
Qazma mağarası Naxçıvan MR ərazisində qədim daş dövrünə aid yeganə abidədir. Burada karst mağaralarının mövcudluğu, ibtidai insanın yaşaması üçün əlverişli şəraitin olması, yeni paleolit düşərgələrinin olmasını söyləməyə imkan verir.
Qazma mustye düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının elmi tədqiqi davam edir. Bu da ibtidai insanların yaşadıqları dövrdə heyvanat aləmi, iqlim, bitki örtüyü və ovçuluq təsərrüfatı haqqında yeni elmi məlumatların əldə olunmasına imkan yaradacaqdır.

Ədəbiyyat
1.    Əyyubov F.C., Əliyev A.Ə. Naxçıvan MSSR-də karst mağaraların əmələgəlmə şəraiti və əsas morfoloji xüsusiyyətləri // Azərbaycan SSR EA-nın Xəbərləri. Yer haqqında elmlər seriyası, 1973, № 3, s. 41-46
2.    Hüseynov M.M., Cəfərov A.Q., Zeynalov A.Ə. Qazma paleolit düşərgəsi // Azərbaycan SSR EA-nın Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1991, № 1, s. 78-85
3.    Азизбеков Ш.А. Геология Нахичеванской АССР. М.: Госгеотехиздат, 1961, 502 с.
4.    Гусейнов М.М. Работы в Нахичеванской АССР / Археологические открытия 1983 года. М.: Наука, 1985, с. 484
5.    Джафаров А.К. Мустьерская культура Азербайджана (по материалам Тагларской пещеры). Баку: Элм, 1983, 96 с.
6.    Джафаров А.К. Новая многослойная мустьерская стоянка Газма в Азербайджане // Российская археология, 1992, № 2, с. 270-274
7.    Джафаров А.К. Средний палеолит Азербайджана. Баку: Элм, 1999, 343 с.
8.    Зейналов А.А., Велиев С.С., Тагиева Е.Н. Палеоэкологические условия обитания человека в Нахчыване В эпоху мустье (по материалам пещерной стоянки Газма, Азербайджан) Археология, этнография и антропология Евразии. 2010. № 2 с. 2-6
9.    Поляков И.С. Дневник археологических работ веденных в Закавказском крае. Осень 1879 года / Пятый Археологический съезд в Тифлисе. Протоколы Подготовительного Комитета. М.: 1882, с. 157-215