Əsədulla Cəfərov. Naxçıvanın qədim insan düşərgələri.

Çap

 

Əsədulla Cəfərov
Tarix elmləri doktoru

NAXÇIVANIN QƏDİM İNSAN DÜŞƏRGƏLƏRİ

 Uzun zamanlar ərzində Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji kəşfiyyat və tədqiqat işləri nəticəsində qədim insan düşərgələri qeydə alınmamışdır. 1983-cü ilə qədər ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı eneolit, tunc, dəmir, antik və orta əsrlərə aid zəngin maddi mədəniyyət qalıqları qeydə alınaraq alimlərimiz tərəfindən tədqiq olunmuşdur.

1983-cü ilin iyul-avqust aylarında Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası M.M.Hüseynov və Ə.Q.Cəfərovun rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının ərazisində paleolit dövrü insanlarının yaşayış düşərgələrini müəyyən etmək məqsədilə arxeoloji kəşfiyyat işləri aparmışdır.

simpa

Naxçıvan. Qazma mağarasının planı.

Kiçik Qafqaz ərazisində karst mağaralarının yayıldığı bölgələrdən biri də Naxçıvan Muxtar Respublikasının ərazisidir. Alimlərin apardıqları tədqiqatlar zamanı məlum olmuşdur ki, Naxçıvan ərazisi öz təbii coğrafi şəraitinə görə respublikamızın başqa bölgələrindən kəskin surətdə fərqlənir. Bu  fərq özünü karst relyef formasında da özünü göstərir. Ərazidə qeydə alınmış karst mağaraları müasir təbii coğrafi şəraitin deyil, vaxtilə burada mövcud olmuş əlverişli iqlim şəraitinin təsiri nəticəsində formalaşmışdır. Alimlərin  apardıqları paleogeomorfoloji və paleogeoloji elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Naxçıvan Muxtar Respublikasının ərazisi III geoloji dövrün sonlarından başlayaraq, intensiv tektonik qalxma hərəkətlərinə və dağəmələgəlmə prosesinə  məruz qalıb, miosenin axırlarından isə birdəfəlik, dəniz sularından azad olmuşdur. Bu zamandan başlayaraq, ekzogen relyef əmələgətirici proseslərlə yanaşı, karst prosesləri də əlverişli iqlim şəraitində inkişaf etmişdir (Antonov, 1973, Məmmədov 1998).

009s

 Naxçıvan. Qazma mağarası. Əmək alətləri. Mustye mədəniyyəti.

Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Naxçıvan ərazisində  karstlaşma üçün əlverişli suxurlar, əsasən perm (paleozoy) yaşlı əhəngdaşı və tabaşirlə (mezozoy) məxsus dolomit və dolomitləşmiş əhəngdaşlarından ibarətdir. Lakin Naxçıvan Muxtar Respublikasının ərazisində elə sahələr vardır ki, orada karstlaşma prosesi olmamışdır (Antonov, 1973).
1983-cü ilin yay aylarında Paleolit arxeoloji ekspedisiyasının Naxçıvan Muxtar Respublikasının Ordubad və Şərur rayonları ərazisində apardığı kəşfiyyat işləri nəticəsində bir neçə karst mağarası qeydə almışdır. Ekspedisiya  Ordubad rayonu ərazisində apardığı kəşfiyyat  işləri zamanı Araz çayının sol sahilində yerləşən möhtəşəm Kilit mağarasını qeydə  almışdır (Cəfərov, 1990, 1994). Mağaranın qabaq hissəsi və giriş yolu torpaq çöküntüsü ilə əhatə olunmuşdur. Ekspedisiyaya sərhəd xidməti tərəfindən  verilən vaxtın qısa olmasından, mağarada kəşfiyyat qazıntısı aparmaq mümkün olmadı. Gələcəkdə Kilit mağarasında aparılacaq arxeoloji qazıntı işləri zamanı düşərgənin stratiqrafiyası və ayrı-ayrı arxeoloji mədəniyyətlərin xüsusiyyətlərini öyrənmək mümkün olacaqdır. Çox güman ki, Kilit mağarasında paleolit dövrü insanları məskunlaşmış və özlərinin ibtidai icma həyatını qurmuşlar.
Paleolit arxeoloji ekspedisiyası 1983-cü ildə Naxçıvanın Şərur rayonu ərazisində apardığı arxeoloji kəşfiyyat işləri zamanı Qazma dərəsində paleolit dövrünə aid mağara düşərgəsi qeydə almışdır (şəkil 1).  Düşərgə dərənin adına uyğun olaraq Qazma adlandırılmışdır. Qazma mağara düşərgəsi Şərur rayonu ərazisində olub, Tənənəm kəndindən 3 km şimal-şərq hissədə, Araz çayından 17 km aralıda, Arpa çaydan isə 14,5 km uzaqlıqda, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. İlkin arxeoloji kəşfiyyat qazıntısı zamanı Qazmı mağarasının çöküntülərində 4 mədəni təbəqə qeydə alınmışdır.2 düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı eneolit, tunc, dəmir və orta əsrlərə aid maddi mədəniyyət qalıqları, III-IV  təbəqədən isə daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır. 1983=cü ildə Qazma mağara düşərgəsində aparılan kəşfiyyat  qazıntısı zamanı tapılmış daş məmulatının texniki və tipoloji tədqiq zamanı onların paleolit dövründə hazırlanıb istifadə olunduqları müəyyən edilmişdir.
Qazma paleolit düşərgəsində 1987-1990-cı illərdə Ə.Q.Cəfərovun rəhbərliyi altında arxeoloji qazıntı işləri aparılmışdır. Aparılan arxeoloji qazıntılar zamanı düşərgənin çöküntülərində  6 təbəqə qeydə alınmışdır. I və II təbəqələrdə  aparılan arxeoloji qazıntılar zamanı eneolit, tunc və orta əsrlərə aid gil qab qırıqları, III təbəqədən ovlanmış heyvan sümükləri, IV-VI təbəqələrdən isə minlərlə ovlanmış heyvan sümükləri və 800 ədəddən artıq daş məmulatı tapılmışdır.
Daş məmulatlarının texniki-tipoloji tədqiqi zamanı onların mustye mədəniyyəti zamanı hazırlandıqlarını söyləmək mümkün olmuşdur. Lakin IV təbəqənin daş məmulatının içərisində üst paleolit mədəniyyəti üçün xarakterik olan alətlər də qeydə alınmışdır.3
Qazma paleolit düşərgəsinin daş məmulatı içərisində levallua itiucluları, dişəklənmiş levallua itiucluları, bir dişək ağızlı qaşovlar, iki işləkağızlı qaşovlar, limas tipli alətlər, bıçaqlar və digər əmək alətləri qeydə alınmışdır. Düşərgənin daş məmulatı dəvəgözü və çaxmaq daşlarından hazırlanmışlar. Qazma paleolit düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqlarının zənginliyi burada  ulu Naxçıvan sakinlərinin mustye mədəniyyəti dövründə yaşadıqlarını göstərir. Düşərgədən tapılmış ovlanmış heyvan və quş sümükləri qədim sakinlərin əsas məşğuliyyətinin ovçuluqdan ibarət olduğunu söyləməyə imkan verir.4
Kilit və Qazma mağara düşərgələri hələlik daş dövrünə aid Naxçıvan  ərazisində ilk qədim insan məskənləri hesab olunurlar. Əgər bizim elmi tədqiqat işlərinə qədər Naxçıvan Muxtar Respublikası ərazisində insanların yaşaması eneolit dövrünə, yəni 6-7 min il bundan əvvələ aid olunurdusa, yeni aşkar etdiyimiz maddi mədəniyyət qalıqları əsasında bu ərazidə ən qədim insanların 120 min il bundan əvvəllərdən yaşamağa başladıqlarını arxeoloji mənbələr sübuta yetirir.
Aparılmış arxeoloji  tədqiqatlar zamanı Naxçıvan diyarından ilk dəfə odaraq sənədləşdirilmiş çoxtəbəqəli qədim insan düşərgəsinin qeydə alınıb tədqiq olunması Azərbaycan ərazisində neandertal tipli insanların daha geniş ərazilərdə məskunlaşmasını göstərir. Maraqlıdır ki, belə qədim insan düşərgələri Türkiyə və Cənubi Azərbaycan ərazisində də qeydə alınıb tədqiq olunmuşdur. Güman  etmək olar ki, gələcəkdə Naxçıvan Muxtar Respublikası ərazisində paleolit dövrü üzrə aparılacaq arxeoloji kəşfiyyat işləri nəticəsində daha yeni-yeni arxeoloji abidələrin qeydə alınmasına şərait yaradacaqdır.
ƏDƏBİYYAT

1.    Antonov B.A. Kiçik Qafqaz. Bakı, 1959, rus dilində.
2.    Cəfərov Ə.Q. Azərbaycanda çoxtəbəqəli yeni Qazma mustye düşərgəsi. Rusiya arxeologiyası jurnalı, 1999, № 2, rus dilində.
3.    Cəfərov Ə.Q. Azərbaycanın ilk sakinləri. Bakı, 2004.
4.    Cəfərov Ə.Q., Zeynalov A.Ə., Avşarova İ.N. Qazma paleolit düşərgəsində arxeoloji qazıntılar. Azərbaycanda 2009-cu ildə aparılmış arxeoloji qazıntılar. Bakı, 2010.