Nazim Bababəyli, Myung Ga Yaung, Fateh İmat. Naxçıvanda qədim məskunlaşmanin paleocoğrafi şəraitinə dair.

Çap

 

NAZIM BABABƏYLI
Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
    MYUNG GA YAUNG
Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
Azərbaycan, Naxçıvan Dövlət Universiteti
FATEH İMAT
Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
Türkiyə, Kızılırmak Kolleci

NAXÇIVANDA QƏDIM MƏSKUNLAŞMANIN PALEOCOĞRAFI ŞƏRAITINƏ DAIR

 

Naxçıvan – Sovet İttifaqının yaşamaqda olan ən qədim şəhəridir... Şəhər mühüm ticarət yollarının kəsişməsində yaranmışdır... Qədim Naxçıvanda duz ticarəti birinci dərəcəli əhəmiyyət kəsb etmişdir (1, səh. 315).
    Naxçıvan – Yaxın Şərqin qədim şəhərlərindəndir (2, səh 213).
    Naxçıvan MSSR – qədim mədəniyyət mərkəzidir. Qədimdə onun ərazisindən Yaxın və Orta Şərqin ticarət yolları keçmişdir (3, səh. 69).
    Ədəbiyyat istinadlarından göründüyü kimi bir çox coğrafi mənbələrdə Naxçıvanın Yaxın və Orta şərqin ən qədim şəhərlərindən biri, MDB məkanında isə ən qədim yaşamaqda olan şəhər olması göstərilmişdir.

Məqalədə biz Naxçıvanda məskunlaşmanın və onun qədimliyinin səbəblərini coğrafi aspektdən izah etməyə çalışmışıq. Ümumiyyətlə bəşər tarixində bütün məskulaşma formlarında ilk növbədə təbii-coğrafi şərait nəzərə alınmışdır. Məskunlaşmanın coğrafi mühiti demoqrafiyada üç əsas qrupa bölünür və bu bölgüyə görə dünya əhalisinin təxminən 80%-i əlverişli, 19%-i qismən əlverişli, cəmi 1%-ə qədəri isə ekstermal şəraitdə yaşayıb fəaliyyət göstərməkdədir. Əlverişli coğrafi mühit dedikdə ilk növbədə yaşamaq üçün optimal coğrafi mövqenin, iqlim və təbii resursların, geomorfoloji, hidroloji şəraitin xüsusilə, torpaq, bitki, mineral xammalın mövcudluğu başa düşülməkdədir.
    Göstərilən amilləri nəzərə almaqla Naxçıvanda ilkin məskunlaşmanın, urbanizasiyanın (şəhərləşmənin) yaranması və inkişafına təsir edən amilləri bir neçə qrupa ayıra bilərik: Ərazinin geologiyası; geomorfologiyası; paleocoğrafi şəraiti; coğrafi mövqeyi; təbii-iqlim şəraiti; təbii resurslarla zənginliyi; qonşuluq mövqeyi.
    Naxçıvan diyarının müasir görünüşünün formalaşması mürəkkəb və uzun geoloji inkişaf yolu keçmiş və bu inkişaf yolunda o dəfələrlə dənizlərin transqressiya və reqressiyasına məruz qalmışdır. Ş.A. Əzizbəyovun fikrinə görə 420 milyon il əvvəl Sədərək qalxmasında Dəhnə və Vəlidağ regionda sudan çıxan ilk quru oldu və bu quru dəfələrlə dəniz dibinə çevrildi. Zaman-zaman dənizin dibindən yüksələn vulkan konusları və tektonik qalxmalar bu qurunu daha da genişləndirdi və nəhayət paleosendə qurunun hakimiyyəti başlamış oldu. Miosendə ərazinin dəniz rejimi yenidən bərpa olundu və Naxçıvan çökəyi yalnız şərqdən və cənub şərqdən quru ilə əhatələndi. Karakan əsrinin əvvəlində istiləşən iqlim dayaz dəniz körfəzində duzlu layların formalaşması başlandı. Miosenin sonu, Pliosenin əvvəllərində dəniz Azərbaycanın indiki ərazisi daxilində yalnız Naxçıvan çökəyini birdəfəlik tərk etmiş oldu. Pliosenin sonu və dördüncü dövrdə dağəmələgəlmə aktivləşir, müasir relyefin formalaşması başlayır. Qeyd etmək lazımdır ki, dünyada müşahidə olunan müxtəlif dağəmələgəlmənin bütün genetik tiplərinə Naxçıvan diyarında rast gəlmək mümkündür. Mürəkkəb geoloji inkişaf, vulkanizm, zəngin stratiqrafiya, tektonika ərazidə zəngin və müxtəlif mənşəli təbii mineral sərvətlərin yaranmasına, bu isə öz növbəsində gələcək məskunlaşmanın xammal təminatının formalaşmasına səbəb olan amillərdən birinə çevrilmişdir. Naxçıvan diyarı geoloji yaşına görə də regionda fərqlənməkdədir. Bu yaxınlarda Culfa rayonu Gülüstan kəndinin  müəllimi Vaqif Babayevin bizə təqdim etdiyi dəniz fosulları içərisində Silura məxsus Clymenia undulatanın olması Naxçıvan ərazinin 420 milyon yox, 450 milyon olmasını isbat etməkdədir.
    Ərazinin məskunlaşmasında paleocoğrafi şəraiti də olduqca mühüm rol oynamışdır. Gəmiqaya ekspedisiyası tərkibində apardığımız müvafiq araşdırmalar qayaüstü petroqliflərin bəzilərinin 4,5 min il yaşa malik olduğunu göstərməkdədir (5, səh. 140).
    Gəmiqayada yerləşən qəbirlər, daşlarla əhatələnmiş müdafiə imkanlarına malik yurd yerləri və digər məskunlaşma əlamətləri ərazidə vaxtı ilə insanların yaşadığını, fəaliyyət göstərdiyini isbat etməkdədir. Gəmiqayanın bugünkü təbii-iqlim şəraiti, xüsusi ilə uzunmüddətli qar örtüyü, aşağı temperatur şəraiti, əkinçilik imkanlarının məhdudluğu, mürəkkəb relyef məskunlaşma üçün əlverişsizdir.
    Qədim insanları uca zirvələrdə, kəskin iqlim parçalanmış relyef şəraitində yaşamağa vadar edən nə olub? Digər tərəfdən orta dağlıq zonadan fərqli olaraq burada Əlincə, Nəhəcir, Çalxanqala kimi təbii istehkamlar yoxdur, olsa belə iqlim şəraitinin əlverişsizliyi onların əhəmiyyətini heçə endirir (4, səh. 139).
    Azərbaycan alimləri B.C. Ələsgərov, R.F. Kərimov iqlimin son 12 min il ərzində altı dəfə kəskin dəyişdiyini isbat etmişlər (8, səh. 124). Onlar tərəfindən Azıx, Tağlar, Damcılı, Daşsalahlı mağaraları, Leylatəpə, Çatağantəpə, Kültəpə, Üçoğlan, Şabran kimi qədim yaşayış məntəqələrində tapılan ocaq izləri, külün, ağac kömürünün təhlili paleocoğrafi şəraitin öyrənilməsinə imkan yaratmışdır. Tədqiqatların nəticəsi göstərmişdir ki, regionda yaşayış üçün əlverişli şərait son buzlaşmadan sonrakı holosen epoxasında olmuşdur (8, səh. 124).
    10-12 min il əvvəl Azərbaycanın orta və alçaq dağlıq ərazilərində mülayim soyuq və rütubətli iqlimin hakim olduğu Boreal mərhələ hökm sürmüş 9-8 min il əvvəl o isti Vereal iqlim mərhələsi ilə əvəz olunmuşdur. 8-6 min il əvvəl Holosenin Atlantik mərhələsində iqlim yenidən soyuyur, qurulaşır.
    Təxminən 4,5-5 min il əvvəl Subboreal mərhələsində dağlarda mülayim isti iqlim başlayır, düzənliklərdə isə rütubətli subtropik iqlim hökmranlıq edir, aktiv yağışlar, sel və daşqınlar, daha sonra Xəzərin səviyyəsinin tədricən qalxması insanları qərbə doğru, dağ yamaclarına və iqlimin mötəbil olduğu, qışın olduqca yumşaq keçdiyi, əlverişli iqlim şəraitinə malik yüksək dağlığa çəkilməli olur. Gəmiqaya, Xəzəryurd, Nəbiyurdu, Qaranquş platosunda ilkin məskunlaşma başlayır. Tarixçilərin Kür-Araz mədəniyyəti dövrü, coğrafiyaçı və geoloqların Holosenin Subborial əsri adlandırdığı bu zaman çərçivəsində Kür-Araz ovalığında 150-yə qədər şəhər su altında qalır, insanlar isə Zəngəzurun, Murovdağın, Qarabağ vulkanik yaylasının və s. yüksəkliklərinə doğru miqrasiya edir. Enli məcrayla axan Kür, Araz və onların çoxsaylı qolları ən gursulu dövrlərini yaşayır, çay hövzələri Xəzərdən Aralıq dənizinə qədər uzanan sıx meşələrlə örtülü olur. Holosenin sonuna yaxın təxminən 4-3 min il əvvəl Azərbaycanın bütün dağlıq ərazilərində iqlim yenidən kəskinləşir və iqlimin bu dəyişməsi insanları yüksək dağlığı tərk etməyə, yeni məskunlaşma yerlərinə köç etməyə vadar edir və bu zaman Naxçıvan şəhərinin əsası qoyulmuş olur.
    Dənizlərin Naxçıvana bəxş etdiyi duz yataqları onun möhkəmlənməsinə, sonrakı inkişafına səbəb olur. Bu dövrdə toplam məskunlaşma ilə yanaşı dağınıq məskunlaşma da sürətlə inkişaf edir və bunun ən geniş yayılmış nümunəsi insanları müxtəlif iqlim və fəsli dəyişmələrdən qoruyan mağaralar olur. Hacı Qədir Qədirzadə, Əli Qurbanov və Vaqif Babayevlə Dərəşam mağarasında apardığımız araşdırmalar zamanı tapılan taxta qaşıq və ya Vilayət Babayev, Yaqub Bababəyli, Əli Qurbanovla birlikdə Vəlibaba mağarasında saxsı qabların tərkibindəki karbonun və kül qalıqları içərisindəki bitki sporlarının təhlili Naxçıvanda mağara məskunlaşmasının çox qədim olduğunu isbat etməkdədir (6, 7).
    Naxçıvan MR ərazisində mağaraların müxtəlif genetik tipləri içərisində ən geniş yayılmış növü karst, qismən isə suffozion və blok mağaralardır. Duzdağ platosunda onlarca qapalı və açıq karst mağarası mövcuddur və bunların bəziləri yaxın keçmişə qədər insanların yaşayış məskənlərinə çevrilmişlər.
    Urbanizasiyanın inkişafında sənətkarlığın və primitiv istehsal sahələrinin yaranmasında ərazinin təbii mineral sərvətləri də əsaslı rol oynamışlar. Müxtəlif gillər dolomit, kalsit, kolçedan, xörək duzu, piritin olması saxsı qab, tikinti materialları istehsalı metal emalı üçün təminat yaratmışdır. Bunılardan bəziləri xüsusi ilə xörək duzu ixracat məhsuluna çevrilmiş və karvan yollarının buradan keçməsinə, eləcə də ticarətin inkişafına səbəb olmuşdur. Karvan yolları ilə keyfiyyətli duzla yanaşı, həm də yerli ipək və quru meyvə daşınmışdır. Naxçıvan duzunda duza acılıq verən maqnezium və kalium birləşmələrinin olmaması ona olan tələbatı artırmışdır.
    Naxçıvanda şəhər məskunlaşmasına və inkişafına təbii istehkamlar da əsaslı təsir göstərmişdir. Əlverişli təbii obyektlər, xüsusi ilə vulkan lakkolitlərindən təbii qala kimi istifadə edilmiş və Naxçıvanda çoxsaylı istehkamların, müdafiə qalalarının böyük əksəriyyəti onların üzərində qurulmuşdur. Bu obyektlər yadellilərin yürüşləri zamanı kənd və şəhərlərin əhalisini qorumaqla yanaşı, eyni zamanda onları su, qida, heyvanları isə yemlə təmin edə bilmişlər. Dədə Qorqud dastanında adı çəkilən Çalxan qalasındaki Vəli baba mağarasında apardığımız araşdırmalar zamanı qalanı Cəhriçay çayı ilə birləşdirən kart şaxtası ilə rastlaşdıq. Kalsitli-dolomitli süxurlar içərisindən axan su insanları həm də qalanı çayla birləşdirən təbii gizli yolla təmin etmişdir. Bu yol qalanın içməli su təminatında da mühüm rol oynamışdır. Analoji şaxta tunelə Nəhəcir qalxmasında da rast gəlinmişdir. Vaxtı ilə qədim insanların sığınacaq kimi istifadə etdiyi Dərəşam mağarasının sonuncu salonunda yerləşən mağara sifonu onu Xaraba Culfa şəhəri ilə birləşdirmişdir. Uzunmüddətli müdafiələr zamanı təbii istehkamlarda insanlar heyvandarlıqla məşğul olmuş, insanlar zəruri sahələri, məsələn, toxuculuq, dəmirçilik, dulusçuluq və s. ilə məşğul olmuş və beləliklə həm də şəhər mədəniyyətini qoruyub saxlamışlar. Qeyd etmək lazımdır ki, bu gün də Çalxan və Nəhəcir üzərindəki yastanlarından otlaq kimi istifadə edilməkdədir.
     Şəhərlərin böyüməsində rol oynayan ticarət yollarının Naxçıvan ərazisindən keçməsinin digər mühüm səbəblərindən biri də ərazinin olduqca əlverişli coğrafi mövqeyi və karvanı təşkil edən heyvanlar üçün zəngin yem bazasının - yüksək dağlıqda alp və subalp çəmənliklərinin, Arazboyu düzənliklərdə isə qış otlaqlarının, eləcə də keyfiyyətli kəhriz, bulaq və çay sularının möcudluğudur. Səhralardan dönən karvanlar bu baxımdan Naxçıvandan keçməyə xüsusi önəm vermişlər. Silsilələrdə yerləşən Biçənək, Gedik, Avuş, Ayıçınqıl, Buzqov, Həzrəməscid, Eşşək Meydanı kimi aşırımlar karvan yollarını daha da qısaltmış və onları Naxçıvana doğru yönəltmişdir.
    Koreya yarımadasından başlayaraq Mərkəzi və Orta Asiyadan, Təklə Məkandan, Qobidən, Monqolustan çöllərindən, Bin Kumdan, Turan ovalığından Anadoluya və oradan Avropaya uzanan karvan yollarının bəziləri, xüsusilə isti dövrdə Naxçıvandan keçməli olurdular. Bu yollar Koreya və Çindən keramik qablar, jenşen və çumiza bitkisi, ipək, kağız və kağız istehsal edən alətlər, əl işləri ilə bəzədilmiş müxtəlif parçalar, barıt, kompas, ədviyyat və s. əks istiqamətdə isə polad qılınc və xəncərlər, gümüş və gümüş qablar, bəzək mineralları, xəz dəri, qoz, bibər, kök və s. ilə yanaşı xristianlığı təbliğ edən kitablar, yağlı boya ilə çəkilmiş rəsm əsərləri və s. daşınırdı (9, səh 53), (10, səh 19).
    Naxçıvanda bu yüklərə təmiz və keyfiyyətli duz, qurudulmuş çəyirdəkli meyvələr və sumax əlavə olunurdu.
    Coğrafi ədəbiyyatlardan göründüyü kimi Naxçıvanın inkişafında buradan keçən karvan yolları, karvanların buradan keçməsində isə duz olduqca önəmli rol oynamışdır (1, səh. 315), (2, səh. 213), (3, səh. 69).
    Qədim Romada əsgər və məmurlara mükafat olaraq yunan şairi Homerin (e.ə VIII əsr) “ilahi varlıq” adlandırdığı duz verilirdi və bu duzun müəyyən bir hissəsini Naxçıvan duzu təşkil edirdi (11).
    Yeri gəlmişkən qeyd etmək lazımdır ki, antik dövrdən yaxın orta əsrlərə qədər Qərbi Avropada dəfələrlə duz qiyamları və duz müharibələri baş vermişdir.
I Fridrix zamanında Romadakı duz quyuları düşmənin birinci hədəfinə çevrilmişdi. Avropada duz böhranları kəskinləşdikcə, Naxçıvanın duz ticarətinin mərkəzi kimi əhəmiyyəti də artmış olurdu, bu isə öz növbəsində onun inkişafının stimuluna çevrilirdi.
    Göründüyü kimi, Naxçıvan şəhərinin ilkin məskunlaşması, inkişafı və formalaşmasında coğrafi faktorlar, xüsusi ilə, onun mövqeyi, təbii şəraiti, təbii resursları əsas rol oynamış və onun təxminən 50 əsrlik varlığını və fəaliyyətini bu günə kimi təmin etmişdir.

    Ədəbiyyat
1.    Словарь от географических названий, Москва, 1986, стр. 315.
2.    По Закавказью. Москва «Мысль», 1972, стр. 213.
3.    Краткая географическая энциклопедия. Москва, 1962. Том 3, стр. 69.
4.    Азизбеков М.А. Геология Нахичеванской АССР. Москва, 1961. 502 стр.
5.    Bababəyli N.S, Gəmiqayanın bəzi geoloji xüsusiyyətlərinə və paleocoğrafi şəraitinə dair. AMEA Naxçıvan Bölməsi. Xəbərlər. 2005, N1. Səh. 137-141.
6.    Bababəyli N., Babayev V., Qədirzadə Q., Qurbanov Ə. Dərəşam. Bakı Universitetinin Xəbərləri, N 3, 2002, səh. 237-242.
7.    Bababəyli N., Qurbanov Ə., Bababəyli Y., Babayev V. Naxçıvanda Vəlibaba mağarası. Xəbərlər. NDU. N 16, 2005, səh. 85-83.
8.    Ələsgərov B.C., Kərimov R.F. Holosendə Azərbaycanın landşaft-iqlim şəraiti. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. VIII cild. Bakı, 2003, səh. 117-124.
9. 김영종, “실크로드 길위의 역사와 사람들”, 한국, 2004, 367쪽.
10. 박진태, “실크로드의 예술”, 한국, 2008, 289쪽.
11.     www.alhimik.ru/EATS/eda24.html