Rəsul Bağırov. Naxçıvançay hövzəsi eneolit dövründə (e.ə. VI-IV minillik).

Çap

 

RƏSUL BAĞIROV
Tarix üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan Dövlət Universiteti

 NAXÇIVANÇAY HÖVZƏSİ ENEOLİT DÖVRÜNDƏ
(e.ə. VI-IV minillik)

 

Arxeoloji araşdırmalar göstərir ki, Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində eneolit dövrü e.ə. VI-IV minilliklərdə neolit dövrünü əvəz etmişdir. Azərbaycan ərazisi, o cümlədən Naxçıvan diyarı eneolit mədəniyyətinin yaranması və inkişafı üçün əlverişli olmuşdur.

Eneolit dövrü əkinçilik və maldarlığın geniş inkişaf tapması, yaşayış yerlərinin və əhalinin sayının artması, qabların hazırlanma texnologiyasında yeniliklərin, mis əşyaların meydana çıxması ilə fərqlənir. Bu dövrdə mis emalının və metalişləmənin əsası qoyulmuşdur.
    Azərbaycanın eneolit abidələrinin müəyyən qrupu Kültəpə mədəniyyəti adlandırılmışdır. Bu mədəniyyət Naxçıvanı Urmiya hövzəsini, Mil, Muğan düzlərini əhatə etmişdir. (1,s.38) Bu mədəniyyət öz adını Naxçıvançay hövzəsində yerləşən I Kültəpə yaşayış yerinin adından götürmüşdür.
Naxçıvançay hövzəsində eneolit ilk dəfə XX əsrin 50-ci illərində O.H. Həbibbullayev I Kültəpədə öyrənilmişdir. Naxçıvanda bu dövrə aid I Kültəpə Sədərəf, Xalac, Ərəbyengicə, Ovçular təpəsi və digər abidələr qeydə alınmışdır. Eneolit dövrünün müxtəlif mərhələsini izləmək Naxçıvançay hövzəsində yerləşən I Kültəpə yaşayış yerlərində aparılan araşdırmalardan mümkün olmuşdur.(3, s.94)
    I Kültəpədə O.H. Həbibullayev üç qazıntı sahəsinı tədqiqat xarakterli arxeoloji qazıntı işləri aparmışdır. Bu abidənin 6-6,2 m qalınlığında olan (dərinlik 12,8-19 m) təbəqəsində 13 tikinti qatı aşkar edilmişdir.
    I Kültəpənin 6-6,2 m qalınlığında olan eneolit təbəqəsində yerləşən tikinti qablarının hamısı çay daşından olub dairəvi və düzbucaqlı planlıdır. I Kültəpənin erkən mərhələsində meydana gələn düzbucaqlı evlər Əliköməktəpə və İlanlıtəpənin bənzər tikintiləri kimi, Urmiya hövzəsinin qədim arxitekturası ilə bağlıdır. Urmiya hövzəsində Hacı-Firuz, Yanıqtəpə və Göytəpədə düzbucaqlı tikintilərə rastlanmışdır.
    Naxçıvan ərazisində eneolit dövrünə aid abidələri I Kültəpədə öyrənilmişdir. Burada 58 qəbir abidələri qeydə alınmışdır. Qəbirlərin hamısı mədəni təbəqələrin arasında yaşayış yerinin otaqlarının altında olmuşdur. Onların bəzilərində ölən adamın başının altında yastı daş və ya gil  qab qoyulmuş dəfn olunan şəxs bükülü vəziyyətdə böyrü və ya arxası üstə  uzadılmışdır. I Kültəpənin Übeyd mədəniyyəti ilə bağlılığı boyalı keramika və arxası üstə uzadılmış skeletlərin aşkar olunması ilə təsdiq olunur. (1,s. 40)
    Eneolit dövrünə aid qəbirlərin 18,8 - 20, 8 m. dərinlikdə qeydə düşmüşdür. Onlar, əsasən, uşaq və böyük qəbirləridir. Qəbirlərdən gil abidələrində ağ-sarımtıl rəngli daşdan hazırlanmış muncuqlara rast gəlinir. 85 qəbirdən yalnız 31-ində qəbir avadanlığı müxtəlif əşya və bəzəklərdən ibarət olmuşdur. (5, s. 38)
    Qəbirlərin ikisində it skletlərinə rast gəlinmişdir. İt bildiyimiz kimi, insanların əhilləşdirdiyi ilk heyvan olmuşdur. Araşdırmalar itlə dəfn etmənin Azərbaycanda uzun müddət davam etdiyini göstərir. İtlə bağlı inancların yaranması maldarlığın yaranmasından xeyli əvvəl ovçuluq dövrünə aiddir. İstər Azərbaycan abidələrindən, istərsə də Ön Asiya abidələrindən aşkar olunan itlə bağlı dəfnlər bu abidənin qədim ovçu-maldar tayfalarının inancları ilə bağlı olduğunu təsdiq edir.
    I Kültəpədə XII tikinti qatında tapılmış tapıntılardan aydın olur ki, binaların yaxınlığında qurulmuş mətbəx ocaqlarından istifadə edilmişdir. Eyni zamanda evlərin içərisində təsərrüfat məqsədi ilə qurğular qurulmuşdur. Burada ərzaq ehtiyatı taxıl quyularında Kültəpədə saxlanılmışdır. Kültəpədən aşkar olunmuş buğda növləri əkinçiliyinin müəyyən inkişaf səviyyəsində olduğunu göstərir. Tədqiqat nəticəsində əkinçiliklə bağlı əmək alətləri aşkar edilmişdir. Xüsusilə toxalar, dən daşları, həvənglər, dəstələr və digər alətlər sübut edir ki, əkinçilik məhsulları da yaşayış yerində emal olunmuşdur.
    Naxçıvan ərazisində eneolit dövrünə aid sümük məmulatı I Kültəpədən məlumdur. Burada tapılmış alətlər iri və xırda buynuzlu heyvanın lülə sümüyündən hazırlanmışdır. Eyni zamanda  sümük məmulatı içərisində cilallayıcı və qaşov tipli alətlərə də rast gəlinir.
    Aşkar olunmuş sümük qalıqlarından görmək olur ki, Naxçıvan çay hövzəsində iribuynuzlu yaz maldarlıq təsnifatda əsas yer tutmuşdur. Tədqiqatçıların fikrinə görə, bu dövrdə iqlimin mülayim və rütubətli olması maldarlığın inkişafına müsbət təsir göstərmişdir.
    Naxçıvanda yerləşən qədim tayfaların mədəni inkişafını göstərən faktlardan biri də metallurgiyanın inkişaf etməsidir. Naxçıvançay hövzəsində I Kültəpədə yeddi ədəd metal məmulatı tapılmışdır. Ümumiyyətlə, Naxçıvanın Eneolit dövrü abidələrindən səkkiz ədəd metal məmulatı tapılmışdır. Bunlardan biri Ovçular təpəsindən məlumdur. I Kültəpədən tapılmış metal əşyalar 17,6-14 m dərinliklərdən aşkar olunmuşdur. Üzəri qalın patina ilə örtülmüş bu metallar dördtipli biz, əşya qırıqları, mis muncuq, rombşəkilli ox ucluğu və yastı deşici alət hissəsindən ibarətdir.
    I Kültəpədən aşkar olunmuş metal əşyaların tədqiqi Eneolit dövründə iqtisadi tərəqqinin yüksək inkişaf səviyyəsində olduğunu sübut edir. I təbəqədən aşkar olunmuş metal əşyalar dövrünə görə olduqca inkişaf etmiş metallurgiyanın məhsuludur. Aşkar olunmuş əşyalar mis  metallurgiyasının erkən mərhələsinə deyil, inkişaf etmiş mərhələsini təmsil edir. Tapılmış metal əşyaların tədqiqi onu göstərir ki, bu məhsulların hamısı yerli istehsal nəticəsində əldə olunmuşdur. Dünyanın ən böyük arsen yataqlarından biri olan darıdağ yatağınin Naxçıvanda yerləşməsi mis arsen metallurgiyasının yerli zəminində meydana gəlib inkişaf etməsini təmin edən əsas faktlardan biri olmuşdur.
    I Kültəpənin  Eneolit təbəqəsindən tapilmiş Kür-Araz mədəniyyəti  dövründə inkişaf edən mis arsen metallurgiyasının əsasını məhz Eneolit dövründə qoyulduğu göstərilir. I Kültəpədə toxuculuq, dulusçuluq, daşişləmə və ev sənətkarlığının başqa sahələri inkişaf etmişdir. Əsas məşğuliyyət sahələrindən biri də dulusçuluq olmuşdur. Bildiyimiz kimi, Neolit dövrü təbəqəsinin keramika məmulatı çox bəsitdir. Burada dulusçuluğun yeni meydana çıxdığı açıq aydın görünür. Naxçıvan Eneolit dövrü abidələrində bu mədəniyyətin erkən mədəniyyəti I Kültəpədə izlənilir. Eneolit dövrünün erkən mərhələsinə aid qablar 19-16, 15-18, 75 dərinliklərindən aşkara çıxarılmış əsasən çəlləkvari qablardan ibarətdir. Tək-tək küpə və qazan tipli qablara da rast gəlinir. Çəlləkvari qablar qırmızı və bozumtul - qırmızı rəngdədir. Onlar qalın divarlı, kobud və böyük həcmlidir. Çölmək tipli qablar azdır. Kasalar bu mərhələnin – Eneolit dövrünün  ən çox tapılan qablarındandır. Eneolit dövrünün orta mərhələsinin gil məmulatı haqqında O.H. Həbibullayev, V. H. Əliyev məlumat vermişlər. Bu mərhələdə küpə tipli qablar azdır. Onlar müəyyən hissələrdən ibarət olur. Yastı geniş oturacaqlı bəzi silindrik boğazlıdır. Əsasən, qırmızı rəngdə düzgün olmayan formaya malik qazan tipli qabların  gilinə saman qatılaraq kobud  hazırlanmış, hər iki üzdən hamarlanmış olur. Oturacağı yastı və genişdir. Bəzisinin gilin əvəzinə  iki yastı yumru çıxıntısı vardır. (5,s. 41)
    Çəlləkvari və banka tipli qablar çoxluq təşkil edir. Həcmcə böyük, kobud, pis yoğrulmuş gildən hazırlanmış belə qabların gilinin tərkibinə saman qatılmışdır. Əsasən qırmızı, bozumtul rənglərdədir. Bəzisinin divarının qalınlığı 2,6 cm-ə çatır.
    Gil manqal bir ədəddir. O, yerə bərkidilmiş formada abidənin 13,4 m qalınlığında olan Eneolit dövrünün təbəqəsindən tapılmışdır. O.H. Həbibullayevin fikrinə görə, qabların bişirilməsində dulus küplərindən istifadə olunmuşdur. Keramika məmulatı, əsasən,  çəhrayı, bəzən isə boz və qara rəng arasında dəyişməsində olan rəng tonları ilə təmsil olunmuşdur.
Eneolit dövründə kəsici və deşici alətlər, oraq dişləri başlıca olaraq, obsidian və çakmak daşından hazırlanmışdır. I Kültəpə abidəsində obsidian üstünlük təşkil edir. Əmək alətlərinin hazırlanmasında yerli obsidian və çaxmaq daşı yataqlarında istifadə olunmuşdur. Naxçıvanlılar Göyəm və Zəngəzur yataqlarından istifadə etmişdilər.
Azərbaycan Eneolit mədəniyyəti, o cümlədən Naxçıvan Eneolit mədəniyyəti Yaxın Şərq, xüsusilə Mesopotomiya əlaqələri şəraitində inkişaf etmişdir. Mesopotomiya mənşəli boyalı keramikanın yalnız iqtisadi mədəni əlaqələr nəticəsində deyil, müəyyən əhali qrupunun-daha doğrusu, şummerlərin Naxçıvan ərazisinə yayılması nəticəsində gətirildiyini söyləmək olar.
I Kültəpə üçün xarakterik olan samanlı keramikanın Cənubi Qafqaz abidələrində yayılması qədim tayfaların cənubdan  şimala doğru hərəkəti ilə bağlı olmuşdur.

ƏDƏBİYYAT

1.    Baxşəliyev V. B. Azərbaycan arxeologiyası. (Ali məktəblər üçün vəsait). Bakı: Elm, 2007, 240 s.
2.    Bünyadov T. Ə. Azərbaycan arxeologiyası oçerkləri. Bakı: 1960, 263 s.
3.    Əliyev V. H. Həbibullayev O.H. Naxçıvanda yeni arxeoloji tapıntılar. Azərbaycan SSR EA məruzələri. Bakı: 1969, № 8, s. 94-102
4.    Həbibullayev O.H. Kültəpədə arxeoloji qazıntılar. Azərbaycan SSR EA nəşriyyatı, Bakı: 1959, 134 s.
5.    Seyidov A.Q. Naxçıvan e.ə. VII-II minillikdə. Bakı: Elm, 2003, 339 s.
6.    Seyidov A.Q. Həşimova Ə. M. Naxçıvanın qədim metalı. Bakı: Elm, 2005, 315 s.