VƏLİ BAXŞƏLİYEV
AMEA Naxçıvan Bölməsi
Email:
Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
DƏMIR DÖVRÜNÜN ŞƏHƏRİ
Oğlanqalada 2006-2011-ci illərdə aparılan arxeoloji tədqiqatlar zamanı bu yaşayış yerində e.ə. IX sonu – VIII əsrin əvvəlində inşa olunan sarayın qalıqları, sitadelin müdafiə divarları aşkar olunmuşdur. Müəyyən olunmuşdur ki, Oğlanqala Orta Dəmir dövründə Şərur düzündə yaranan kiçik dövlətin paytaxtı olmuş və yerli tayfalarla ittifaq yaradaraq urartulara qarşı mübarizə aparmışdır. Bu dövlətin özünəməxsus mixi yazısı olmuşdur. E.ə. IV-II əsrlərdə Oğlanqala və onun əhatə etdiyi ərazi Atropatena dövlətinin əsas siyasi mərkəzlərindən biri olmuşdur.
Açar sözlər: Oğlanqala, sütunlu salon, mixi yazı, Atropatena
Kiçik Qafqaz dağlarının Şərur düzənliyinə yenən ətəklərində sıldırım qayalar üzərində bir qala var - Oğlaqala. Hələ XX əsrin 20-30-cu illərindən bu qalanın tarixi araşdırıcıların diqqətini cəlb etmişdir (2, с. 249-264). Qalanın ətrafında yaşayan azərbaycanlı əhali də əzəmətli qalanın tarixinə biganə qalmamış, onunla bağlı müxtəlif rəvayətlər yaratmışdır. Oğlanqalanın şimalında, onunla üzbəüz Qızqala yerləşir. Deyilənə görə, o, vaxtlar Arpaçayının bir qolu Oğlanqala ilə Qızqala arasından axırmış. Oğlanqalada yaşayan hökmdarın oğlu və Qızqalada yaşayan hökmdarın qızı bir-birinə vurulubmuş. Gecələr Oğlanqaladan Qızqalaya bir yol açılarmış, sevgililər bu yolla gəlib Arpaçayın üzərində, ay işığında görüşərmişlər. Onlar and içib əhd peyman edirlər. Kim əhdinə xilaf çıxsaymış, odda yanacaqmış. Bir gün oğlan yuxuya qalır, qızın görüşünə gedə bilmir. Ertəsi günü o biri tayda toy səsi eşidir. Öyrənir ki, bu onun nişanlısının toyudur. Oğlan özünü günahkar hesab edərək bir tonqal yandırıb özünü tonqala atır. Ancaq onun günahı olmadığından odda yanmır, bir ağ daşa çevrilərək qalanın üzərinə düşür. Deyirlər həmin ağ daş indi də Oğlanqalada qalır.
Vaxt keçir Oğlanqalaya arxeoloqlar gəlir. Onlara bələdçilik edən yerli sakinlər qalanın lap zirvəsindəki ağ daşı göstərərək bax bu həmin daşşdır, deyirmişlər. Deyirlər, hər sözün bir doğru ucu olur. Buradakı həqiqət isə hələlik ondan ibarət idi ki, Oqlanqalada indi də qalmaqda olan möhtəşəm divar qalıqları, yer üzərinə səpələnən keramika parçaları buranın qədim dövrlərdə yaşayış məskəni olduğunu təsdiq edirdi.
Azərbaycanın görkəmli tədqiqatçılarından Ə.K.Ələkbərov (3, s. 54), V.H.Əliyev (1, s. 43), D.A.Axundov (4, s. 189) və digərləri bu qalada kəşfiyyat xarakterli araşdırmalar aparmışlar. Onlar bu qalanı On Asiyanın qalaları ilə müqayisə etmiş, müxtəlif fikirlər söyləmişlər. Ə.K.Ələkbərov bu qalanı Urartu qalaları ilə eyniləşdirmişdir (2, s. 254). 1927-ci ildə Naxçıvanda olan mixi yazıların məhçur araştırıcılarından olan İ.İ.Meşşaninov Naxçıvanda mixi yazılar axtarsa da tapa bilməmişdir.
1988-1989-cu illərdə V.B.Baxşəliyev Oğlanqalada 320 kv.m sahədə qazıntı aparmışdır (5, s. 106-120). Araşdırıcı keramika məmulatının və arxitektura qalıqlarının özünəməxsus xüsusiyyətlərinə əsaslanaraq bu qalanın Urartu qalalarından fərqləndiyini və yerli hökmdarlara məxsus olduğunu qeyd etmişdir. Məlum olmuşdur ki, burada olan ağ daşlar hökmdar sarayına məxsus olan sütunların parçalarıdır. Yeri gəlmişkən qeyd edək ki, keçmiş Sovet imperiyasının zamanında bəzi erməni alimləri rusların himayəsindən istifadə edərək Urartunu erməni dəvləti kimi qələmə vermişlər. Təəssüf ki, bəzi azərbaycanlı alimlər də bu fikrin tərafdarı olmuşdur. Lakin dunyanın məhşur assurşünas və urartuşünas alimləri ermənilərin bu fikirlərini rədd etmiş, bu dövlətin Asiya xalqlarına məxsus olduğunu onun avropa mənşəli ermınilərlə heç bir əlaqəsi olmadəğını dilçilik, antropoloji, mifoloji və arxeoloji faktlarla rədd etmişlər. Dünya alimlərinin qəbul etdikləri xəritələrdə Naxçıvan və onunla qonşu olan Cənubi Azərbaycan torpaqları Urartunun tərkibinə daxil edilməmişdir. Təbii ki, bir sual ortaya çıxır Urartular bu ərazini niyə işğal edə bilməmişlər? 2006-2009-cu illərdə Oğlanqalada aparılan araşdırmalar bu sula cavab verməyə imkan vermişdir.
2006-cı ildə beynəlxalq Azərbaycan-Amerikan ekspedisiyası Arpaçay vadisindəki və Şərurdakı qala tipli yaşayış yerlərini araşdıraraq onlar haqqında məlumat topladı. Məlum oldu ki, bu qalalar içərisində ən möhtəşəmi Oğlanqaladır. Oğlanqala hündürlüyü 140 m olan Qaratəpə dağı üzərində yerləşir. Abidə Naxçıvanın ən məhsuldar ərazisində, Arpaçaya birləşik Şərur düzənliyinin şimal qurtaracağındadır. Yaşayış yeri Zəngəzur sıra dağlarının əsas qollarından birinin üzərində yerləşir. Beləliklə, Oğlanqala həm şimalla cənub arasında Kiçik Qafqazdan, həm də Urmiya və Göyçə arasında Cənubi Qafqazda ən məhsuldar ovalıqdan keçən əsas yolları idarə etmək imkanına malik olmuşdur. Oğlanqalada əsas müdafiə divarları təqribən 10 hektar sahəni əhatə edir, lakin qaladan kənarda məskunlaşma əlavə olaraq 2,5 ha sahəni əhatə edir.
2008-ci ildə Oğlanqalada arxeoloji araşdırmalar yenidən başladı (6). Araşdırmalar Oğlanqalanın başlıca olaraq Dəmir dövrünün qalası olduğunu göstərdi. Lakin burada əhalinin Son Tunc dövründən məkunlaşdığını göstərən keramika nümunələri də var idi. 2008-ci ildə aparılan araşdırmalar qalanın mırkəzi hissəsində Dəmir dövrünə aid sütunlu salonun olduğunu təsdiq etdi. Ehtimal ki, e.ə. 8-ci yüzilliyin əvvəllərində saray tikilməmişdən əvvəl sidatelin ərazisi terraslanmışdır ki, sarayın tikilməsi üçün əlverişli düzəldilmiş sahə yaradılsın. Divarlar bilavasitə Qaratəpə dağından çıxarılmış mərmər daşından inşa edilmişdir. Qalanın orijinal divarları azacıq işlənmiş böyük daşlardan inşa edilmiş və arasına çay daşları qoyulmuşdur. Monumental daxili həyətin cənub və şimal divarlarının eni 2-2,5 m-dir.
Sarayda indiyədək aşkar edilmiş sahənin böyük hissəsi təkotaqlı böyük həyətdən ibarət olub 700 m2, yaxud 7, 500 kv. fut sahəni əhatə edir. Bu daxili həyət Qafqaz və Türkiyənin e.ə. 8-ci əsrə aid saraylarının həyəti ilə bənzərdir. Həcmcə buna bənzər sütunlu salon Türkiyədə Altıntəpədə aşkar olunmuşdur.
Oğlanqalanın sərt enişləri, iri daşlardan inşa olunmuş müdafiə arxitekturası və sarayı bu yaşayış yerinin müdafiə xarakterli olduğunu göstərir, güclü qüvvədən və hakimiyyətdən xəbər verir. Bu yaşayış yerinin e.ə. 8-ci əsrə aid tapıntıları onun həmçinin inzibati və hərbi funksiyalarının olduğunu göstərir. Daxili həyətin betonlaşmış döşəməsində 15 dəmir ox ucluğu olan anbar, həmçinin standart formada hazırlanmış böyük təsərrüfat küpünün parçaları aşkar olunmuşdur.
Ən maraqlı olan A kvadratında aparılan araşdırmalar zamanı üzərində mixi yazı olan küpə qulpunun aşkar edilməsi oldu. Oğlanqalada mədəni təbəqənin xarakterini müəyyən etmək üçün qoyulan D qazıntısından da üzərində mixi işarələr olan iki küpə parçası aşkar edildi. Bu yazıların kiçik bir parçası tapılsa da qala-şəhərin tikilməsi haqqında məlumat verirdi. 2009-cu ildə aparılan qazıntılar zamanı üzərində mixi işarə olan daha iki keramika parşası tapıldı. Bu yazılar hesab sistemi ilə bağlı idi. Urartu yazılarına bənzəyən bu mixi işarələr haqqında son sözü yenə də dünyanın tanınmış assuriyaşünas alimləri Mirjo Salvini, Paul Delnero, Paul Zimanski, Eccart Frahm söylədi. Onların fikrinə görə bu yazılar Urartu yazısı deyildi.
E.ə.8-ci yüzilliyin əvvəlləri Urartu işğallarının daha çox gücləndiyi dövrdür. Onlar Ararat və Horom düzənliyində xeyli Urartu qalaları tikmişdir, ancaq arxeoloji qazıntılar zamanı əldə edilən məlumatlar təsdiq edir ki, Oğlanqala Urartu şəhəri olmamışdır. Buradan aşkar edilmiş arxitektura qalıqları, komplesin planı, gil qabların özünəməxsuluğu göstərir ki, Oğlanqala Şərur düzənliyini əhatə edən kiçik, yerli dövlətin mərkəzi olmuşdur. Naxçıvanda İlandağda və Fərhad abidənin üzərində daha iki mixi yazı tapılmışdır. Fərhad evi kitabəsi tamamilə dağılmışdır. İlandağ kitabəsi isə İşpuini və Menuanın adını xatırlayır, e.ə. 820 və 810-cu illərdə onların hərbi hücumları və qələbələrindən bəhs edir. Onların bir metr uzunluğundakı yazısına görə İşpuini və Menuanın Аrсiniе və Аniа torpaqlarını işğal etmələri, Pluadidə kitabə qoymaları, urartuların hərbi Allahı Xaldinin şərəfinə qurban vermələri ilə fəxr edirmişlər. Kitabənin təntənəli şəkildə yazılmasına baxmayaraq Urartular heç vaxt bu ərazini işğal etməmişlər. Çünki burada Urartu qalalarının tikilməsi haqqında heç bir epiqrafik və arxeoloji dəlil yoxdur.
Beləliklə, Oğlanala Urartunun sərhədləri yaxınlığında yerləşmiş və bizim qazıntılara görə onun ilk tarixi Urartulara qarşı mübarizə ilə bağlı olmuşdur. Oğlanqaladan tapılan keramika və digər nümunələr Oğlanqalanın Urartu ilə, həmçinin İran və Gürcüstanın digər cəmiyyətləri ilə ticarət əlaqələri saxladığını təsdiq edir. Saraydan tapılan və üzərində mixi işarələr olan təsərrüfat küpünün parçaları Oğlanqalanın yazı sistemini də Urartudan mənimsədiyini göstərir. Oğlanqalanın cənub-şərqində Dəmir dövrünə aid binaların tədqiqi yaşayış yerində əhalinin böyük qisminin maldarlardan ibarət olduğunu göstərir. Ehtimal ki, onlar burada hər il yalnız bir neçə ay qalaraq Arazboyu otlaqlardan öz məqsədləri üçün istifadə etmişlər. Bu maldarlar, ehtimal ki, geniş ərazilərdə səyahət edərək bizim qazıntılardan əldə etdiyimiz ekzotik malları buraya gətirmişlər. Digər əşyalar Oğlanqalaya diplomatik hədiyyələr və geniş ticarət əlaqələri nəticəsində gətirilmişdir.
Oğlanqalanın Şərur düzənliyini əhatə edən kiçik bir dövlətin paytaxtı olduğu təsdiq olunsada, yenə də sual çıxır. Nə üçün Yaxın Şərqi lərzəyə salan urartular bu ərazini işğal edə bilməmişlər? Oğlanqalada 2010-cu ildə aparılan araşdırmalar bu suala da cavab verdi. Araşdırmalar zamanı Oğlanqaladan Xocalı-Gədəbəy mədəniyyətinə aid keramika məmulatı aşkar olundu. Ehtimal ki, Oğlanqala müəyyən mərhələdə Urartunun e.ə. 9-cu və 8-ci əsrlərdə müharibələr apardığı və urartuların Etuini adlandirdığı kiçik tayfaların və dövlətlərin birliyinə daxil olmuşdur. Urartuların Etuini tayfalarını uzaq şimalda, Göyçə gölünün yaxınlığında yerləşdiyini xatırlasa da, qeyd etmək lazımdır ki, bu tayfalar Naxçıvanın qonşuluğunda yerləşən böyük tayfa birliyi olmuşdur. Antik mənbələr bu bu tayfaların yaşadığı ərazini Otena adı ilə xatırlamışdır. Qeyd etmək lazımdır ki, bu bu vilayətin lokallaklaşdırıldığı ərazi Xocalı-Gədəbəy mədəniyyətinin yayıldığı ərazi ilə üst-üstə düşür. Məlum olduğu kimi, bu tayfalar vaxtilə Naxçıvandan və Xudafərindən keçərək Azərbaycanın cənubunda məskunlaşmışlar. Son illər Naxçıvanda və Xudafərində aparılan araşdırmalar bunu sübut edir. Deməli Naxçıvanda məskunlaşan tayfalar Xocalı-Gədəbəy, yaxud Etuini tayfaları ilə sıx ittifaqda olduqları üçün urartular bu ərazini işğal edə bilməmişlər. E.ə.8-ci və 7-ci əsrlərdə Yaxın Şərqin tarixində mühüm rol oynayan daha güclü bir tayfa ortaya çıxmışdı-Skif tayfaları. Naxçıvandan aşkar olunan skif tipli ox ucluqları bu tayfaların Naxçıvanda məskunlaşdığını təsdiq edir. Akademik B.B.Piotrovskinin fikrinə görə, Urartuların şimal qalaları skiflər tərəfindən dağıdılmışdır. Bu həmin qalaların divarlarına sancılmış skif tipli ox ucluqları ilə təsdiq olunur. Qeyd etdiyimiz kimi, Urartu Naxçıvanın lap qonşuluğunda yerləşirdi və onlar lovğalıqla işğal etdikləri hər yerdən bəhs edirdilər. B.B.Piotrovski qeyd edir ki, əgər mixi yazılar qonşular haqqında susursa bu sərhəddə olan ağır döyüşlərdən və məğlubiyyətdən xəbər verir.
Araşdırmalar göstərir ki, Oğlanqala mərkəz olmaqla Şərur düzənliyində bir çox qala-şəhərlər olmuşdur. Bu qalalar düşmən hücumlarına qarşı mübarizədə əsas rol oynamış Vətənin müstəqilliyini qorumuşlar. Əhəməni işğalları zamanı öz müstəqil siyasətini qoruyan bu dövlət Makedoniyalı İsgəndərin hücumundan sonra Atropatena dövlətinin əyalətinə çevrilmişdir. Orta Dəmir dövrü sarayının nə zaman tərk edildiyini və bunun nə qədər çəkdiyini demək çətindir, lakin aydındır ki, dördüncü yüzilliyin ortalarında kim isə burada köklü dəyişiklik etmək istəmişdir. Lakin Son Dəmir dövrünün sarayı başa çatmamışdır. 2009-cu ildə biz bu müəmmalı dövrə aid bir neçə mübahisəli məlumat əldə etdik. Oğlanqala sidatelində Sovet dövründə və azərbaycan-amerikan qazıntıları zamanı 29 sütun elementi aşkar olunmuşdur. Onlar üç sütun altlığı, bir kapitel, beş kvadrat bloklar və iyirmi sütundan ibarətdir. Bu arxitektura elementlərinin heç biri tamamlanmamışdır. Sütunlarda hələ də qabarıq çıxıntılar, çox yerlərdə iskənə izləri qalmış, onların heç biri hamarlanıb cilalanmamışdır.
Sütunlar, xüsusilə sütun altlıqları bilavasitə imperiya mərkəzlərindən biri olan Suzda tapılmış sütun altlıqlarını xatırladır. Bununla belə, Əhəməni imperiyasının paytaxtından kənarda olan daş sütunlar olduqca müxtəlifdir. Lakin Əhəməni iperiyasının bir çox mərkəzlərində, o cümlədən Qafqazda sütunlu salonlar olmuşdur, amma bu sütunlar ağacdan və kərpicdən, onların əsası isə daşdan olmuşdur. Sütunlu salonda aşkar olunan müxtəlif gil qablar öz paralellərini İran Azərbaycanı yaşayış yerlərinin Əhəməni dövründə, həmçinin Gürcüstan və Cənubi Rusiyanın yaşayış yerlərində tapır. Bu tapıntılar və Atropatena dövrünə aid müxtəlif tikinti qalıqları Oğlanqalanın həmin dövrdə mühüm inzibati mərkəz olduğunu göstərir.
Bu araşdırmalar Oğlanqala ilə bağlı əfsanələrin müəyyən qədər real əsası olduğunu aydın şəkildə göstərir. Amma bu şanlı torpağın bir əfsanəsi də ondan ibarətdir ki, o tarixin bütün dolaylarında düşmənə sinə gərərək öz müstəqilliyini qoruya bilmişdir. XX əsrin əvvəllərində ABŞ, İnğiltərə, Franfsa imperialistlərin dünyanı yenidən bölməyə, mənfur ermənilərin torpaqlarımıza göz dikdikləri bir zamanda belə Naxçıvan özünü müstəqil dövlət elan etmiş, bir müddət müstəqil yaşamış, sonra isə ana torpaq Azərbaycanla birləşmişdir.
ƏDƏBİYYAT
1. Алиев В.Г. Культура эпохи средней бронзы Азербайджана. Баку: Элм, 1991, 256 с.
2. Алекперов А.К. Крашенная керамика Нахичеванского края и Ванское царство // Советская археология, 1937, № 4, с. 249-264.
3. Алекперов А.К. Исследования по археологии и этнографии Азербайджана. Баку: Изд-во АН Азербайджанской ССР, 1960, 249 с.
4. Ахундов Д.А. Архитектура древнего и средневекового Азербайджана. Баку: Азернешр, 1986, 311 с.
5. Бахшалиев В.Б. Археологические раскопки на поселении Оглангала // Российская археология, 1994 № 4, с. 106-120.
6. www.oglanqala.net