ÇapE-poçt

KÜLTƏPƏ I

 Naxçıvan ş.-ndən 8 km şm.-ş.-də, Babək r-nunun Kültəpə k. ərazisində, Naxçıvançayın sol sahilində Eneolit–Ilk Dəmir dövrünə aid yaşayış yeri. Abidənin yalnız kiçik bir hissəsi müasir dövrədək salamat qalmışdır. Onun sahəsi 1,5 ha.-dır. 1904 ildə Kültəpədə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmış, aşkar edilmiş materialların bir qismi 1905 ildə Tiflisdəki Qafqaz muzeyinə verilmişdir. 1951 ildə Azərbaycan EA Tarix Institutunun arxeoloji ekspedisiyası O.H.Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlamışdır. 1951-1964 illərdə aparılan tədqiqatlar zamanı müxtəlif dövrlərə aid dörd mədəni təbəqə aşkar edilmişdir. Mədəni təbəqələrin ümumi qalınlığı 22,2 m-dir. Birinci təbəqə Eneolit dövrünə aiddir. Bu təbəqənin qalınlığı 9,2-9,4 m olub, abidənin üzərindən 13-22,2 m dərinlikdə yerləşir. Eneolit təbəqəsində aparılan tədqiqatlar zamanı 18 tikinti qatı aşkar olunmuşdur. Tikintilər, əsasən, dairəvi formada, çay daşları və möhrə ilə inşa edilmişdir. Evlərin qızdırılması üçün otağın mərkəzində yerləşdirilmiş ocaqdan, yaxud gil manqallardan istifadə edilmişdir. Bəzən yaşayış binalarının bir hissəsi arakəsmə divarla ayrılaraq təsərrüfat məqsədilə istifadə edilmişdir. I Kültəpədən aşkar edilmiş binaların oxşarları Azərbaycanda Şomutəpə, Töyrətəpə, Yanıq təpə və başqa abidələrdən məlumdur. Tədqiqatçı O.H.Həbibullayev dairəvi yaşayış binalarının Azərbaycanda yerli zəmin əsasında meydana gəldiyini və bu ərazi üçün xarakterik olduğunu qeyd etmişdir.Tədqiqat nəticəsində I Kültəpə, həmçinin, Eneolit dövrünə aid 85 qəbir aşkar edilmişdir. Qəbirlərin tikinti qatlarının arasında aşkar olunması bu dövrdə yaşayış binalarının döşəməsində dəfnetmə adətinin mövcud olduğunu göstərir. Qazıntı zamanı müəyyən edilmişdir ki, skeletlər, əsasən, bükülü və arxası üstə uzadılmış vəziyyətdə müxtəlif istiqamətlərə yönəlmişdir. Skeletlərin bəzisi qırmızı oxra ilə boyanmış, bəzisinin isə başının altına daş, yaxud gil qab qırığı qoyulmuşdur. Kəllənin altına daş, yaxud gil qab qırığı qoyulması adətinə Azərbaycanın Ilk Tunc dövrü kurqanlarında və Yaloylutəpə abidələrində təsadüf olunmuşdur. Belə adət tədqiqatlar zamanı Şahbuzda Sarıdərə nekropolunda və Böyükdüzün antik dövrə aid qəbirlərində rast gəlinmişdir. Qəbirlərin ikisində itlə dəfn olunma adətinə təsadüf olunmuşdur. Bu adət Naxçıvan ərazisində sonrakı dövrlərdə də mövcud olmuşdur. Qordan Çayldın fikrincə, arxası üstə uzadılmış skeletlər Şumerin Ubeyd dövrü üçün xarakterikdir. Şübhəsiz ki, dəfn adətinin oxşarlığı qədim Şumerlə Naxçıvan arasında əlaqələrin olduğunu və müəyyən əhali qrupunun Mesopotamiyadan gələrək burada məskunlaşdığını göstərir. I Kültəpə eneolit təbəqəsindən daşdan hazırlanmış toxa, çəkic, dəndaşı, toppuz, həvəng və dəstələr, sümükdən hazırlanmış biz, qaşov, deşici və cilalayıcı alətlər aşkar edilmişdir. Bu alətlər Azərbaycanın eneolit abidələrindən tapılmış əmək alətləri ilə oxşardır. Əldə edilmiş materialların əksəriyyəti gil məmulatından ibarətdir. Keramika, əsasən, saman, bəzən isə qum qarışığı olan gildən hazırlanmışdır. Onların üzəri şüyrələnərək yüngülcə cilalanmışdır. Bəzi qablar hər iki tərəfdən kobud suvaqla əhatələnmişdir. Saxsı məmulatı çəhrayı rəngdə, bəzi hallarda isə boz və qara rəngdə olub yaxşı bişirilmişdir. Tədqiqat göstərir ki, eneolit qablarının hazırlanmasında dulus kürələrindən istifadə edilmişdir. Eneolit keramikası küpə, kasa, banka, piyalə, qapaq, təkər modeli, əyircək və s. əşyaların qırıqlarından ibarətdir. Bu qabların oxşarları bir sıra eneolit abidələrindən, o cümlədən, Şomutəpə, Töyrətəpə, Göytəpə, Sədərək və başqa həmdövr abidələrindən aşkar edilmişdir. I Kültəpə eneolit keramikası içərisində boyalı qablar xüsusilə diqqətəlayiqdir.

kula

Kültəpə I. Eneolit dövrü Keramika məmulatı: 1,2,4. Çəllək tipli gil qablar.
3,5. Küpə tipli gil qablar. 6-12. Boyalı  gil qablar.

Onlar iki bütöv qab və 13 qırıqdan ibarətdir. O.Həbibullayev eneolit boyalı qablarını iki qrupa bölür. Birinci qrupa narın qum qarışığı olan gildən hazırlanaraq səliqəli naxışlanmış və keyfiyyətli bişirilmiş qablar daxildir. Bu qrupa iki çölmək, qapaq, kasa və müxtəlif qabların gövdəsinə aid qırıqlar aiddir. Onların üzəri qırmızı, qəhvəyi və qara rənglə naxışlanmışdır. Ikinci qrupa gilinə saman qatılmış, kobud hazırlanmış, lakin yaxşı bişirilmiş qabların qırıqları aiddir. Bu qrupa aid qabların naxışlanmasında səliqəsizlik nəzərə çarpır. O.H.Həbibullayevin fikrincə, birinci qrup qablar Yaxın Şərq ölkələrindən-Mesopotamiyadan gətirilmiş, ikinci qrup qablar isə yerli istehsala məxsus olmuşdur. Mesopotamiya ilə Azərbaycanın cənub rayonlarının, o cümlədən, Naxçıvanın əlaqələri eyni zamanda dəfn adətinin oxşarlığı ilə də təsdiq olunur. I Kültəpənin Eneolit dövrünə aid boyalı keramikası Urmiya hövzəsinin abidələri ilə oxşardır. Belə keramika Tilki-təpə, Göytəpə, Gavurtəpə, Pijdəli təpə və b. abidələrdən məlumdur. V.M.Masson Ubeyd keramikası ilə Urmiya hövzəsi abidələrinin keramikası arasında oxşarlığa əsasən qeyd etmişdir ki, Urmiya hövzəsinin ilk əkinçi tayfaları Şimali Mesopotamiyadan yayılmışdır. Bu təbəqədən misdən hazırlanmış müxtəlif əmək aləti və bəzək əşyalarının qırıqları aşkar edilmişdir. Müəyyənləşdirilmişdir ki, onların ikisinin tərkibində mərgümüş, birində isə nikel qarışığı vardır. Ikinci təbəqə Ilk Tunc dövrünə aiddir. Bu təbəqənin qalınlığı 9,5 m olub, abidənin üzərindən 3,5-4,5-12,3-13 m dərinlikdə yerləşir. Bu təbəqədən Kür-Araz mədəniyyətinə aid müxtəlif maddi-mədəniyət nümunələri aşkar edilmişdir. Qazıntı zamanı ikinci təbəqədə 14 tikinti qatı öyrənilmişdir.  Binalar, əsasən, dairəvi, bəzən isə düzbucaqlı forma da tikilmişdir. Onlar daş özül üzərində möhrədən və ya çiy kərpicdən inşa edilmişdir. O.H.Həbibullayevin tədqiqatları zamanı müəyyən olmuşdur ki, dairəvi binalar konusvarı, dördkünc binalar isə yastı örtüklə tamamlanmışdır. Binaların qızdırılması üçün ocaqlardan, sobalardan və manqallardan istifadə edilmişdir. Ikinci təbəqədə aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının bir qismi obsidian (dəvəgözü) və çaxmaq daşından hazırlanmış oraq dişləri, qaşov və s. alətlərdən ibarətdir. Əmək alətlərinin hazırlanması üçün daşın müxtəlif növlərin dən (porfir, qranit, tuf, diorit və s.) istifadə edilmişdir. Daşdan hazırlanmış əmək alətləri dən daşı, həvəngdəstə, balta, çəkic və toppuzlardan ibarətdir. Bundan başqa sümükdən hazırlanmış iy başlıqları, əyircək, biz və deşici alətlər aşkar edilmişdir. Əmək alətlərinin az bir hissəsi metaldan-mis və mərgümüş qarışığından hazırlanmış tuncdan istehsal olunmuşdur. Tuncdan müəyyən silah və bəzək əşyaları da hazırlanmışdır. Kür-Araz mədəniyyəti üçün xarakterik olan tapıntıların əksəriyyəti gil məmulatından ibarətdir. Keramika qum qarışığı olan gildən hazırlanaraq, əsasən, yaxşı, bəzən isə qeyri-bərabər bişirilmişdir. Gil məmulatının hazırlanmasında dulus çarxı tətbiq olunmamışdır.

kulb

Kültəpə I. Monoxrom və polixrom boyalı gil qablar.

I Kültəpədən aşkar olunmuş Kür-Araz keramikası üç mərhələdən keçmişdir. Birinci mərhələ üçün keyfiyyətli bişirilmiş və yaxşı anqoblanmış boz və qara rəngli qablar xarakterikdir. Qabların ağzının kənarı relsşəkilli, yaxud xaricə doğru kvadrat çıxıntılara malikdir. Onların qulpları yarımşar şəkilli olub, bir qədər uzunsovdur. Ikinci mərhələ çəhrayı astarlı qara və boz rəngli yaxşı cilalanmış qabların meydana gəlməsi ilə xarakterizə olunur. Bu mərhələdə çəhrayı rəngdə bişirilmiş qabların miqdarı əvvəlki mərhələyə nisbətən artır. Qabların qulpu klassik yarımşarşəkilli forma alır. Üçüncü mərhələ yüksək keyfiyyətlə bişirilmiş nazik divarlı qara və boz cilalı qablarla xarakterizə olunur.

280

Kültəpə I. Kür-Araz mədəniyyəti tapıntıları: 1, 2. Küpə tipli gil qab lar.
3. Silindrik formalı gil qazan. 4. Tava tipli gil qab.
5, 6. Kasa tipli gil qablar. 7, 8. Gil ocaq qurğuları.
9–11. Bədii tərtibatlı gil qab qırıqları. 12, 13. Gil öküz fiqurları.
14. Daş dəstək. 15,16. Daş baltalar. 17. Üst dən daşı. 18. Toppuz. 19. Daş gürz.

Bu mərhələdə qabların xarici səthinə qara boya çəkilərək yaxşı cilalanır. Qulpların forması bir qədər dəyişir və əsasən, qabların ağzı ilə gövdəsinin yuxarı hissəsini birləşdirir. Bu mərhələnin xarakterik xüsusiyyətlərindən biri də həndəsi, nəbati və astral ornamentlərlə naxışlanmış qabların sayca əvvəlki mərhələyə nisbətən xeyli artmasıdır. Gil məmulatı içərisində ocaq qurğuları xüsusilə diqqəti cəlb edir. Onların bir qrupu nalşəkilli formada olub, mərkəzi hissəsində horizontal çıxıntısı vardır. O.H.Həbibullayevin fikrincə, bu cür ocaq qurğuları əvvəlcə məişət də, sonra isə sitayiş məqsədi ilə istifadə edilmişdir. Belə ocaq qurğuları Iqdır, Karaz, Maxta, II Kültəpə, Amiranisqora və b. abidələrdən məlumdur. II Kültəpənin Kür-Araz təbəqəsinin alt qatlarından tapılan belə ocaq qurğularının mərkəzi hissəsində insan fiquru təsvir edilmişdir.

kulc

Kültəpə I. Heyvan fiqurları.

Buna əsasən demək olar ki, nalşəkilli ocaq qurğuları məişət məqsədi daşımamış, yalnız sitayiş məqsədilə istifadə edilmişdir. Ikinci qrup ocaq qurğuları trapes formalıdır. Onların baş tərəfində iki buynuzvari çıxıntı vardır. Bu çıxıntılar öz növbəsində məməcik şəkillidir. Tədqiqat göstərir ki, bu tip ocaq qurğuları iribuynuzlu heyvana, yaxud məhsuldarlıq ilahəsinə sitayişlə bağlı olmuşdur. Gil məmulatının bir qrupu heyvan fiqurlarından ibarətdir. Onlar, əsasən, öküz, qoyun, keçi və it fiqurları ilə təmsil olunmuşdur. Öküz fiqurları üstünlük təşkil edir. O.H.Həbibullayev haqlı olaraq qeyd etmişdir ki, bu fiqurlar sitayiş məqsədilə hazırlanmış və onlardan müəyyən ayinlərin icrasında istifadə edil mişdir. I Kültəpənin tədqiqatları Ilk Tunc dövründə nəinki müxtəlif sənət sahələrinin, həmçinin, müəyyən sənət sahələri üzrə ixtisaslaşmanın mövcud olduğunu göstərir. I Kültəpənin üçüncü təbəqəsi Orta və Son Tunc dövrünə aiddir. Bu dövrə aid mədəni təbəqə 2 m qalınlığında olub, abidənin üzərin dən 1,5-2,5-3,5-4,5 m dərinlikdə yerləşir. Bu dövrə aid tikinti qalıqları olduqca az aşkar olunmuşdur. O.H.Həbibullayevin fikrincə, binalar, əsasən, dördkünc formalı olmuş, tikinti materialı kimi çaydaşı və çiy kərpicdən istifadə edilmişdir. Arxeoloji tədqiqatlar zamanı bu təbəqədən daşdan, sümükdən və tuncdan hazırlanmış müxtəlif əmək alətləri tapılmışdır. Bu təbəqədən aşkar edilmiş gil məmulatı əsasən çəhrayı, bəzən isə boz və qara rəngdə olub yaxşı bişirilmişdir. Çəhrayı rəngdə bişirilmiş gil məmulatı içərisində boyalı qablar üstünlük təşkil edir. Onlar küpə, kasa, badya və çaynik tipli qabların qırıqlarından ibarətdir. O.H.Həbibullayev I Kültəpənin Orta və Son Tunc dövrünə aid boyalı qablarını üç tipə bölmüşdür. Birinci tipə monoxrom boyalı qablar, ikinci tipə polixrom boyalı qablar, üçüncü tipə isə polixrom və monoxrom boyalı qablar aiddir. Dördüncü təbəqə abidənin üzərindən 1,5-2,5 m dərinliyədək davam edir. Bu təbəqə Ilk Dəmir dövrünə aid edilmişdir. Bu təbəqədən aşkar edilmiş tapıntılar əsasən gil məmulatından ibarət olub, çəhrayı və boz rəngdə bişirilmişdir. Bu dövrə, həmçinin O.H.Həbibullayevin dördüncü tipə aid etdiyi boyalı qablar da aiddir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, I Kültəpədən aşkar edilmiş maddi-mədəniyyət qalıqları Eneolit dövründən başlayaraq Ilk Dəmir dövrünədək böyük bir tarixi mərhələni əhatə edir. Bu abidə bütövlükdə e.ə. 7-1 minilliklərə aid edirlər.

    Ədəb.: H ə b i b u l l a y e v O. H. Kültəpə də arxeoloji qazıntılar. B., 1959; Ə l i y e v V. H. Qədim Naxçıvan. B., 1979; A б и б у л л а е в О.A. Энеолит и бронза на территории Нахичеванской АССР, Б.,  1982

Saytdakı yeriniz: Əsas səhifə QƏDİM YAŞAYIŞ YERLƏRİ Kültəpə I
Yuxarı qayıt